Qarabağın qısa müddətdə məskunlaşdırılması, infrastrukturun bərpası, sosial-iqtisadi inkişafı üçün hansı imkanlar var və dövlət buna hazırlıqlı vəziyyətdədirmi?
2-ci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi daha bir vacib məsələni aktuallaşdırıb. İşğaldan azad olunmuş ərazilərdə dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası, köçkünlərin dogma yerlərinə qaytarılması dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bəs bunun üçün hansı imkanlar, hansı planlar, hansı qərarlar var? Bu yazıda həmin məsələlərə toxunacağıq.
Prezident: “İşğaldan azad edilmiş bütün əraziləri qısa müddətdə bərpa edəcəyik”
Aydın məsələdir ki, Qarabağın bərpası, yenidən qurulması, məskunlaşdırılması, sosial-iqtisadi inkişafı üçün hərtərəfli və fundamental xüsusi dövlət proqramı işlənəcək və sürətli bərpa üçün qısa müddətdə bütün imkanlardan istifadə ediləcək.
İndiyədək işğaldan azal edilmiş ərzilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpası üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Qəsəbədə onlarla ev, məktəb, yol və bütün lazımi infrasturktur yaradılıb. Hazırda, minalardan təmizlənmiş bir çox kəndlərdə və rayon mərkəzlərində bərpa işləri başlayıb.
Dövlət başçısı bütün azad olunmuş ərazilərin də beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirir: «Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır. Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri qısa müddətdə başa çatdırılacaq».
Əlbəttə, işğalda olan ərazilərimiz böyükdür və bu 12 rayonda yüzlərlə dağılıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpa üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, problem təşkil etməyəcək.
Sosial infrastrukturun bərpası üçün yetərli imkanlar varmı?
Bu işlər görüldükcə, məskunlaşma üçün heç bir problem olmayacaq. Salamat qalan evlərdən əlavə, dövlət qısa müddətdə o yaşayış məntəqələrndə yeni evlər, yaşayış binaları tikəcək. Həmçinin, fərdi ev tikmək istəyənlərə hər cür dəstək veriləcək.
Bir sözlə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey hazırdır və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirləcək.
Bu ərazilərdə böyük təbii potensial var- böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu. Onların da bərpası tezlklə həll olunacaq.
Əsas məsələlərdən biri maliyyə məsələsidir. Bu qədər nəhəng işə əlbəttə, çox böyük maliyyə vəsaitləri tələb olunacaq. Bəs belə bir imkanımız varmı? Bəli, var! Azərbaycanın dövlət büdcəsi və daxili fondlarından əlavə, bizim xarici fondlarda 50 milyardlıq strateji rezervlərimiz saxlanılır. Bu ehtiyatlar da məhz bu günlər üçün yığılmışdır. Həmin ehtiyatlardan bir hissəsini cəlb etməklə də bu işi görmək olar.
Qarabağda iqtisadi inkişaf üçün mövcud və perspektiv imkanlar
Bunun üçün xarici fondlarda 1-2 faizlik gəlirliliklə saxladığımız strateji ehtiyatlarımızın bir qismini geri çəkib, ölkə iqtisadiyyatına invest etmək vacibdir. Bu, dəfələrlə daha artıq gəlir gətirəcək. Xaricdən aldığımız gündəlik tələbat mallarının çox böyük hissəsini özümüzdə istehsal etmək üçün bütün imkanlar, xammal da var, sadəcə, istehsal avadanlıqlarını alıb gətrmək kifayətdir. Ən pis halda yerli tələbatı ödəyəcəyik və xaricdən idxala yönələn külli miqdarda valyuta ölkəmizdə qalacaq. Xüsusilə də, kənd təsərüfatı, aqrar sənaye və yüngül sənaye sahələrinə daha çox üstünlük verməliyik. İndiki qlobal iqtisadi böhran şəraitində bunun həyati əhəmiyyətli vacib tədbir olduğu gün kimi aydındır.
Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında da mühüm roy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq.
“Böyük qayıdış” proqramı çərçivəsində həmin regionda yeni müəssisələrin, təsərrüfatların açılmasına daha böyük fikir verməlidir. Çünki regionda iş üçün bütün imkanlar var- işçi qüvvəsi, xammal, nəqliyyat infrastrukturu, yaxın bazarlar və s. Sadəcə, həm dövlət, həm də qeyri-dövlət investisiyaları ilk növbədə Qarabağa yönəldilməli, güzəştli kreditlər, subsidiyalar artırılmalı, vergi və s. güzəştlər tətbiq edilməlidir. Xüsusilə, kiçik sahibkarlığa tam şərait yaradılmalıdır, bu, işsizlik problemini də birdəfəlik həll edə bilər. Özünüməşğulluq proqramının miqyası və həcmi kəskin artırılmalıdır.
Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq. Bunun üçün çox böyük potensial var.
Qarabağ zonası hələ Sovet dövründən inkişaf etmiş aqrar sektora, həmçinin, yüngül sənaye və aqrar sənaye sahələrinə malik idi. Ərazinin iqlimi, torpaq fondu burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır.
Sovet dövründə, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələri inkişaf etmişdi və hazırda bu sahələrin bərpası üçün potensial böyükdür.
Sənaye sahələrindən isə, tekstil sənayesi, qida sənayesi və sair yüngül sənaye sahələri inkişaf etmişdi ki, indi də bu sahələrin bərpası üçün bütün imkanlar var.
Qarabağda turizm inkişafı üçün də çox böyük imkanlar var. Qısa müddətdə həmin ərazidə dünya miqyaslı turizm mərkəzləri yaradılacaq. Həm böyük sayda daxili turistlər, həm xaricdən gələn turistlər bölgənin inkişafına fayda verəcəklər.
Nəqliyyat infrastruktunun sürətli bərpası da vacibdir. Belə ki, vaxtilə Xankəndinədək gedən dəmiryolu, həmçinin Zəngilanadək olan dəmiryol xətləri bərpa olunacaq. Hava limanları tikiləcək, avtomobil yolları da təmir olunacaq.
Qarabağda təbii resurslar və sərvətlər
İşğal altında olan ərazilər yeraltı təbii ehtiyatlarla da zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, sink, mis, xromit, perlit, əhəng, mərmər, əqiq, həmçinin müxtəlif tikinti materialları yataqlarıdır.
Bundan başqa, ərazi müalicəvi mineral sularla da zəngindir. Ərazidə 120-dən artıq müalicəvi bulaqlar var. Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 40%-I, içməli su ehtiyatının 30 faizi bu ərazinin payına düşür.
Azərbaycanın su resurslarının çox əhəmiyyətli bir hissəsi, həm təbii çaylar, göllər, həm də süni yaradılmış su anbarları Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində idi. Məhz buna görə də son dövrlər su təchizatında, xüsusilə də suvarmada böyük çətinliklər yaranırdı. Lakin ərazilərimizin azad olunmasından sonra bu sahədə vəziyyət xeyli dərəcədə yaxşılaşıb. Belə ki, təkcə Xudafərin, Qız Qalası, Sərsəng və Suqovuşan su anbarları çox nəhəng tutuma malikdirlər. Bu su ehtiyatı ilə 15-20 rayonda, çox böyük torpaq sahələrində aqrar sektorun suvarma məsələsi və əhalinin içməli su ilə təminatı həll olunacaq.
Bundan başqa, təbii çaylar, göllər, yeraltı su hövzələrindən də istifadə olunacaq. Yaxın müddətdə biz ölkə olaraq iqtisadiyyatımızda, xüsusən aqrar sektorumuzda, həmçinin sosial həyatımızda bunun müsbət təsirini görə biləcəyik.
Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimizin bütün bunlara tam hazırlıqlı vəziyyətdədir, bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur. Yaxın vaxtda şəhərlərin və kəndlərin baş planlarının hazırlanması işləri başa çatacaq. Qalır bərpa işlərinin başa çatmasını gözləmək…
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb.