Azərbaycanın dövlətçilik tarixində 30 İL

14 Avqust 2021 16:24 (UTC+04:00)

Azərbaycan, mayəsi nur, qayəsi nur ki
Hər daşından alov dilli ox ola bilər,
Azərbaycan deyiləndə ayağa dur ki
Füzulinin ürəyinə toxuna bilər.

Bu sətirlər dahi Məmməd Arazın “Azərbaycan - dünyam mənim” şerindəndir. Bu 4 sətirdə Azərbaycan haqqında hər şey deyilib, hər şey yazılıb. Eramızdan əvvəlki tarixlərdə adı keçən Vətənimizin Azərbaycan adlandırılmasına qədər neçə dövlətlər, neçə-neçə imperialar, sultanlıqlar, bəyliklər, xanlıqlar müxtəlif adlarda mövcud olub. Zaman-zaman coğrafi ərazilərinin miqyasını dəyişsə də bu dövlətləri yalnız Azərbaycan türkləri idarə ediblər.

Azərbaycan coğrafi ad olaraq ilk dəfə Aşur qaynaqlarında “Andarpatianu” kimi işlədilib. “Qala” yaxud “ərazi” sözündən alınması barədə qeydlər var. Rəşidəddin Fəzlullah Həmədaninin “Came ət-təvarix” əsərində isə “Azərbaycan” sözü Oğuz Xanla əlaqələndirilir. İslam dövrünün tarixçiləri isə Azərbaycan adını bu ölkədəki atəşgahların çoxluğu ilə bağlayırlar. Başqa İslam qaynaqlarında Azərbaycan adının yaranması Nuh peyğəmbərin nəslindən olan “Azərbad”ın adı ilə bağlanılır.

Yunan coğrafiyaşünası Strabon isə özünün “Coğrafiya” əsərində belə yazırdı: Midiya iki hissəyə bölünür, bir hissəsi böyük Midiya adlanır, paytaxtı isə Mediya İmperiyasının iqamətgahı yerləşən böyük şəhər Ekbatanadır. O biri hissəsi isə öz adını makedoniyalılar dövründə ölkəsinin müstəqilliyini qoruya bilən sərkərdə Aturpatdan götürən Atropaten Midiyasıdır...

Əsas türk dili qaynağı hesab olunan Kaşğarlı Mahmudun “Divane Luğate Türk” kitabindakı yer kürəsi xəritəsində bu ad Azərbadqan kimi qeyd olunur.

Bu günümüzə qədər Azərbaycan türklərinin 54 dövləti və 24 xanlığı olub. Hər birinin tarixdə şanlı izi olub, qələbələrin çoxluğu bu dövlətləri, müxəlif adlarda olsa belə, yaşadıb, yox olmağa qoymayıb.

Azərbaycandan fərqli olaraq, erməni “alim”ləri tərəfindən qələmə alınan yalan dolu, qondarma tarixi əsərlərin birinci səhifəsində başqa xalqlara, millətlərə, etnoslara aid dövlətlərin tarixlərini özlərininki kimi təqdim etməyə çalışsalar da, növbəti səhifədə bu yalanı büruzə verməyə məcbur olurlar. Götürək, Kilikiya knyazlığını. Üst-üstə 100 il ömür sürmüş bu dövlətin indiki Ermənistanın sələfi olduğunu israrla izah etməyə çalışan erməni tarixçiləri nədənsə knyaz Leo-nun milli mənsubiyyətindən danışmırlar. Fransız Leo nədənsə erməni tarixçilərinin “səyi” nəticəsində Levon olub. 40 min kvadrat kilometrlik knyazlıqda fransız, ərəb, yəhudi, erməni, assuruialı, yunan və digər xalqlar yaşayıb. Ermənilər sayca dördüncü olublar. Bundan başqa da müstəqil erməni dövləti dünyanın heç bir yerində mövcud olmayıb. Amma bu etnos özünü dünyaya az qala Nuhun qohum-əqrabası kimi təqdim edirlər.

Azsaylı erməni etnosu yüz illər boyunca özlərini gah prineyli, gah anadolulu, gah bizanslı, gah qərbli, gah şərqli, sonda isə qafqazlı adlandırmaqla yerli sakinlərə qarşı həmişə problem yaradıblar. Bu xalqın nə fizoloji, nə antropoloji quruluşu, nə dili, nə dini qafqazlı deyil. Amma Qafqaz xalqlarından biri olduqlarına iddia edirlər.
Son 30 ildə Cənubi Qafqazda baş verən hadisələr onu deməyə əsas verir ki, ermənilər yalanları ilə hələ də birgə addımlayırlar. Hələ də mənsubiyyətlərini isbat etməyə çalışırlar. Türkmənçay, Gülüstan, Kürəkçay müqavilələri ilə Azərbaycan torpaqlarını öz aralarında bölən Çar Rusiyası ilə İran dövlətinin yüzillik səylərinə, erməniləri azərbaycanlılara məxsus torpaqlara köçürmələrinə baxmayaraq “hay”lar hələ də özlərini bu torpaqların sahibi kimi apara bilmirlər.

Müstəqil Azərbaycanın sələfi Azərbaycan Xalq Cümhuriyyəti də ötən əsrin 20-ci illərində erməni xəyanətləri ilə üzləşmişdi. Növbəti dəfə xarici havadarlarından dəstək alan ermənilər Azərbaycan torpaqları hesabına özlərinə dövlət qurmaq istəyirdilər və qurdular. Əzəli torpaqlarımız – İrəvan xanlığı Ermənistan adlı qondarma dövlətin ərazisinə çevrildi. Bu gün demokratiyadan, ədalətdən danışan ABŞ, Fransa və Rusiya kimi ölkələr erməni havadarları rolunu məharətlə oynadılar, yüz minlərlə Azərbaycan türkünü, müsəlmanları öz dəd-baba torpaqlarından zorla çıxararaq İrandan, Livan və Suriyadan, Türkiyədən gətirdikləri erməniləri həmin ərazilərdə yerləşdirdilər. Bu, Çar Rusiyasının süqutu ilə ən yüksək həddinə çatdı.

Növbəti erməni həyasızlığı SSRİ-nin dağılması ərəfəsində özünü göstərdi. Fürsətdən istifadə etməyə çalışan erməni lobbisi Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına cəhd etdilər və buna görə müharibəyə başladılar. Baxmayaraq ki, Dağlıq Qarabağda yaşayan ermənilərə qarşı heç bir ayrı-seçkilik yox idi və sosial şəraitləri də yerli əhali – azərbaycanlılardan fərqlənmirdi, buna baxmayaraq xaricdə yaşayan ermənilərin təhriki ilə məhz sosial problemləri qabardan, iqtisadi inkişafdan qaldıqlarını bəhanə edən ermənilər Qarabağı Azərbaycandan qoparmağa və Ermənistana birləşdirməyə cəhd etdilər.

30 il bundan əvvəl özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edən Azərbaycan Respublikası müasir dövlət quruculuğuna başlarkən Ermənistanın təcavüzünə məruz qaldı. Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal edən Ermənistan hətta Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 4 qətnamə və qərarını qulaqardına vuraraq 30 il işğalçılıq siyasətini davam etdirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bilavasitə məşğul olmaq üçün yaradılmış ATƏT-in Minsk qrupu 3 onillik ərzində bir addım irəli gedə bilmədi, işğalçı ilə işğala məruz qalan ölkəni bir-birindən fərqləndirmədi, kimin doğru, kimin səhv yolda olduğuna ikili standartlar prizmasından yanaşdı, bir sözlə Qarabağ həqiqətləri barədə bir dəfə də olsun doğru olanları demədi. Əvəzində Ermənistan işğal etdiyi ərazilərdən Azərbaycana qarşı təhdidlərini artırdı, təmas xəttinə yaxın yaşayış məntəqələrini daim atəş altında saxladı, kənd təsərrüfatı sektorunda çalışanlar hədəfə alındı. Dözülməz vəziyyət barədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinə və həmsədrlərə dəfələrlə məlumat verilsə də ölçü götürülmədi. Şuşanı separatçı qurumun paytaxtı elan etməyə çalışan ermənilər, xüsusən də Ermənistanın rəhbərləri kompromisdən söhbət getməyəcəyini, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun azad edilməsinin müzakirə mövzusu olmadığını rəsmi şəkildə bəyan edəndən sonra Azərbaycan rəhbərliyi müharibənin qaçılmaz olduğunu qətiləşdirdi və..

II Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Azərbaycan rəhbərliyi itkilərin baş verməməsi üçün dəfələrlə Ermənistanın baş nazirinə qanunsuz silahlı qüvvələrin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılacağı təqdirdə müharibəni dayandıracağını bildirsə də qarşı tərəf bu təklifə adekvat reaksiya vermədi. Nəhayət Qarabağ işğaldan azad edildi, Ermənistan rəhbərliyinin kapitulyasiya bəyanatını imzalamaqdan başqa çarəsi qalmadı.

Azərbaycanın inkişafı 30 ilə yaxın idi ki, başlanmışdı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışından sonra bütün sferalarda bərpa, yenidənqurma və inkişafa start verildi. İri beynəlxalq müqavilələrdən əldə etdiyimiz qazanc insan kapitalının formalaşmasına, yerli kadrların müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinə səbəb oldu.

Prezident İlham Əliyevin ölkənin rəhbəri kimi fəaliyyətinin qayəsində vətəndaşların sağlamlığı, sosial problemlərinin həlli, iqtisadiyyatımızın hərtərəfli inkişafı və ən əsası isə hərbi potensialımızın gücləndirilməsi dayanıb. 44 günlük müharibə zamanı Ordumuzun təminatında problemin olmaması, o cümlədən arxa cəbhədə, insanlarımızın sosial problemlərinin həllində, bütün layihələrin həyata keçirilməsində fasilələrin olmaması ölkəmizin qüdrətindən xəbər verir.

Bu gün Azərbaycan müstəqilliyinin 30 illiyinə hazırlaşır. İki aydan sonda yubileyini qeyd edəcək Azərbaycanın 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi yenidən bərpa olunub.

V.VƏLİYEV

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilmə