Növbəti dəfə başlarından basmaq, yenə də diz çökdürmək lazımdır! KÖŞƏ YAZISI

13 Avqust 2021 14:48 (UTC+04:00)

Artıq məlumdur, ermənilər silahlarını yerə qoymağı düşünmürlər. Bu, bilavasitə oyun qaydalarının köklü şəkildə pozulmasıdır. Oyunun qaydalarını Rusiya SM-rı da pozurlar. Baxmayaraq ki, üçtərəfli bəyanatda SM-lar tərəfindən silahlarını yerə qoymaqdan vaz keçən erməniləri, əsasən, Ermənistan silahlı qüvvələrinin çıxarılmayan hissələrinin güc yolu ilə tərksilah etmələri ilə bağlı ayrıca bənd yoxdur, bütün bunların müqabilində silahlı ermənilər düz Rusiya SM-nın gözləri qarşısında dayanmaqdadırlar. Kremldən isə İrəvana “özünə yığış” tipli heç bir siqnal verilmir. Bundan əlavə, erməni güclərinin Laçın dəhlizi vasitəsi ilə Qarabağa sızmalarına da ruslar nədənsə (?!) etinasız yanaşırlar, hətta nəzakətlə qarşılayıb “xoşgəldin” də deyirlər...

Bütün bunların müqabilində həm İrəvana, həm də Moskvaya bir çox sualların verilməsnin tam zamanıdır. Təbii ki, Bakı üzərinə düşən bütün bəndlərə əməl etməsi ilə yanaşı, həm də qalib tərəfdir. Bu baxımdan, Azərbaycan məhz 4-cü bəndə əsasən, əməli fəaliyyətə keçməklə bütün silahlı insanları saxlaya, onlara qarşı diversant, terrorçu ittihamını irəli sürməklə hüquqi və güc addımlarını ata bilər. Yeri gəlmişkən, Bakı bu addımlarını hələ ötən ilin dekabrında atdı. Yəqin ki, Hadrutda baş vermiş olayları unutmamısınız. Düzdür, ermənilər bundan sonra terrorçu-diversantları dünyaya “hərbi əsir” kimi təqdim etməyə cəhdlər göstərsələr də, onların bu hay-şivənləri özlərinə qaldı. Bakıda keçirilən məhkəmələr və çıxarılan qərarlar da buna sübutdur.

İndi də eyni hal demək olar ki, müşahidə edilməkdədir. Ermənistan üçtərəfli bəyanatın bəndlərini pozur. Təsəvvürünüzə gətirin, Azərbaycan ərazi bütövlüyünü təmin etmək və terror-diversiya cəhdlərinin qarşısını almaq üçün tam hüququndan istifadə etməklə Laçın dəhlizini bağlaya bilər. Siz bundan sonra Ermənistanın hay-həşirlərinə baxın!

Halbuki, bu, həmin Ermənistandır ki, üçtərəfli razılaşmanın 9-cu bəndinə qarşı da çıxaraq Naxçıvana olan nəqliyyat dəhlizinin, yaxud rabitəsinin açılmasına qarşı çıxır, üstəlik, kapitulyant olduğunu unudaraq həyasız şərtlərlə çıxış edir.

Ancaq gəlin bir daha reallıq tərəfindən hadisələrin nəticələrinin haraya doğru gedəcəyini proqnozlaşdıraq. Əgər kapitulyant dövlət məğlub olduğunu etiraf edirsə və hər hansı razılaşmalara imza atırsa, sonradan öz sözünə əməl etmirsə, həmin dövlət haqqında başqalarının necə düşündüyünü özünüz düşünün. Lap insanlıq halında olduğu kimi...

İndi İrəvanda elə düşünürlər ki, onların da “liderləri” var və bu “lider” ölkəni vəziyyətdən çıxaracaq və s. Fəqət onlar xam xəyallardadırlar, öz utopik və daşnak xarakterli xəyallarında qalıblar. Ona görə də tələb olunanlara riayət etmirlərsə, demək, riayət etmələri üçün növbəti dəfə başlarından basmaq, yenə də diz çökdürmək lazımdır!