Rusiya SM-nın “iplərinin üzərinə odun yığmaq” olmazmış! TƏRS BAXIŞ+ÖZƏL

12 Avqust 2021 14:36 (UTC+04:00)

Onda bir zəhmət, çəkilsinlər kənara və Azərbaycan dövlətinin antiterror əməliyyatları ilə erməni silahlı quldurlarını bir neçə gündə Qarabağdan necə rədd edəcəyini izləsinlər

Bir müddət üçtərəfli bəyanatdakı Zəngəzur dəhlizi ilə bağlı əsassız hay-küylər qaldırmaqla, guya kommunikasiyaların dəhlizlə heç bir əlaqəsinin olmadığını iddia edən Ermənistan rəhbərliyi indi də bəyanatın 4-cü maddəsi ətrafında həyasızcasına nəyi isə “sübut etmək” cəhdləri ilə məşğuldur.

Hətta o dərəcədə həyasızlaşmağa başlayıblar ki, artıq bizə - Azərbaycana isbatlamağa çalışırlar ki, əgər həmin maddədə “Dağlıq Qarabağ” sözü yoxdursa, demək, həmin maddə “qüvvəsini itirib” (???!!!). Yəni orada “Dağlıq Qarabağın ətraf əraziləri” sözü yazılmalıymış və s. Halbuki, həmin maddədə ümumiyyətlə, nə “Dağlıq Qarabağ”, nə də “Dağlıq Qarabağın ətraf əraziləri” ifadəsi, ümumiyyətlə, yer almayıb. Ona görə də iki sual meydana çıxır: kimlər və haradan çıxarılmalıdırlar? Daha dəqiq desək, Rusiya sülhməramlı kontingentinin daxil olduğu zaman paralel olaraq erməni silahıı birləşmələri Qarabağ ərazisini tərk etməli idilər, amma biz bunun şahidləri olmuruq, niyə və hansı səbəblərə görə?

İkinci sualdan başlayaq – haradan çıxarılmalıdırlar?

4-cü maddədə deyilir ki, erməni silahlıları abstrakt deyil, paralel olaraq sülhməramlıların daxil olduqları andan həmin yerlərdən çıxmalıdırlar. Belə ki, erməni silahlıları haradansa deyil, məhz rus SM-nın daxil olduğu ərazilərdən rədd olub getməlidirlər.

Bəs rus SM-ı haraya daxil olurlar? Bu barədə bəyanatın 3-cü maddəsində deyilir və orada da “Dağlıq Qarabağın ətraf əraziləri” ifadəsi ümumiyyətlə yoxdur. Digər tərəfdən, axı erməni silahlıları itin qovulduğu kimi rədd olduqları ərazilərdə necə qala bilərlər? Çünki ətraf ərazilərdə onların izi-tozu belə qalmayıb!

İndi isə birinci suala geri dönək – kimlər çıxarılır? Diqqət yetirsək görərik ki, bəyanatda Ermənistanın silahlı qüvvələri, ya da yerli Qarabağ separatçılarının silahlıları barədə kəlmə belə yoxdur. Orada ümumilikdə yazılıb - erməni silahlı birləşmələri, yaxud gücləri. Yaxşı, bəs onda “erməni gücləri” kimlərdir? Əlbəttə ki, hamısı – həm Ermənistan silahlı qüvvələri, həm də separatçı quldur dəstələri!

Nədənsə bu incəliyə az insan diqqət yetirib... Ona görə, əgər İrəvanda üçtərəfli bəyanatın 9-cu maddədəki “dəhliz” sözünün olmamasını şivən qoparanlar özlərinə zəhmət verib Qarabağdakı əlisilahlıların hamısını, son bir nəfərinə qədər (!) oradan çıxarmağa başlasınlar, kim olursa olsun, istər hayastanlı, istərsə də qarabağlı quldur olsun, son bir nəfərə qədər hər kəs rədd olunsun!

Zatən, onların yaralı barmağa zad eləmək qabiliyyətləri də yoxuymuş...

Bu da baş vermirsə, onda Azərbaycan da sülhməramlıların sarı qaş-gözlərinə aşiq-filan olmayıb ki?! Nəyə lazımdır onların Qarabağdakı fəaliyyətləri?! Yaxud, əgər Qarabağda silahlı dəstələr “yerli əhalini müdafiə etmək” pərdəsi altında qalacaqlarsa, sülhməramlılar kimlərin təhlükəsizliklərini qoruyacaqlar? 44 günlük müharibədə qalib olan və işğaldan azad edilmiş ərazilərdə bütün yüksək mövqelərə sahiblənən, hər an Xankəndiyə daxil olmaq gücündə olan qüdrətli Azərbaycan Ordusunumu? Göründüyü kimi, xeyr. Son vaxtlar sülhməramlıların, əslində, sülhməramsız olmaları daha çox diqqət çəkməyə başlayıb, hətta son vaxtlar deyil, elə əvvəlinci günlərdən. Kəlbəcərdən, Laçından çıxan ermənilərin 27 il boyunca zəbt etdikləri azərbaycanlıların evlərini yandırmalarından, Azərbaycanın meşələrini qırmalarından, flora və faunalarını məhv etmələrindən və s. Bax, onda bu olayların qarşısını ala bilərdilər, amma almadılar, seyrci qaldılar.

Onda bir zəhmət, çəkilsinlər kənara və Azərbaycan dövlətinin antiterror əməliyyatları ilə erməni silahlı quldurlarını bir neçə gündə Qarabağdan necə rədd edəcəyini izləsinlər. Zatən, onların yaralı barmağa zad eləmək qabiliyyətləri də yoxuymuş. Necə deyərlər, bunların “iplərinin üzərinə odun yığmaq” olmazmış...

Rövşən RƏSULOV

P.S. Son və qəti söz yenə də Bakının olacaqmı? Buna özümüz qədər inanırıq!