KTMT Ermənistan–Azərbaycan məsələsində mövqe qoymur?

11 Avqust 2021 12:50 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfəri zamanı müxtəlif bəyanatlarla çıxış edib. Onlardan biri də, “Ermənistanın cənubunda Azərbaycanla sərhədlərin müəyyənləşməsinə dair vəziyyətin gərginləşməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv müdafiəyə dair Nizamnaməsinin təsir dairəsi altına düşmür” fikirləridir.

S.Zas jurnalistlərə açıqlamasında deyib ki, baş verənlər sərhəd insidentləridir: “Anlamaq lazımdır ki, KTMT yalnız üzv dövlətlərdən hər hansı birinə qarşı təcavüz və hücum baş verdikdə müvafiq addımlar atmalıdır. Burada isə sərhəd insidentləri baş verir. Allaha şükür, qurbanlar, atışmalar yoxdur. Biz bu sərhəd insidentlərinin sülh yolu ilə həllinin tərəfdarıyıq”.

Baş katibin sözlərinə görə, sərhəddə eskalasiya müşahidə olunmur: “Prinsipcə, orada vəziyyətin gərginləşməyə doğru getdiyini demək olmaz. İrəlidə sərhədlə bağlı həll edilməli çox məsələ var, bütün mübahisəli məqamları danışıqlar masası arxasında həll etmək lazımdır”.

S.Zas bu ilin mayında Ermənistanın müraciətindən sonra müxtəlif səviyyələrdə bu məsələyə dair müzakirələr apardıqlarını deyib. O əmin edib ki, KTMT Ermənistanın cənubundakı vəziyyəti daim monitorinq edir. S.Zas baş verənlər barədə həm Ermənistan tərəfindən, həm də Rusiya sülhməramlılarından mütəmadi məlumatlar aldıqlarını da vurğulayıb.

KTMT-nin Baş katibi məsələnin həlli barədə deyib: “Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib”.

O qeyd edib ki, məsələnin həlli üçün Azərbaycan-Rusiya-Ermənistan formatında fəaliyyət vacibdir. Vəziyyət KTMT-nin diqqətindədir və təşkilat Ermənistanın dövlət strukturları ilə birlikdə sərhəddə monitorinq həyata keçirir. Onun sözlərinə görə, sərhəddəki qarşıdurma regional təhlükəsizliyin qurulması, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin əldə etdiyi razılaşmanın reallaşmasını mürəkkəbləşdirir.

Belə ki, göründüyü qədəri ilə KTMT hər bir yolla Ermənistanı tənqid etməkdən yayınır. Digər tərəfdən isə onların bu problemlərə müdaxilə etməkdən çəkinməsi təqdirəlaiqdir. Belə ki, Ermənistanın üzv olduğu bu qurumun qərəzli mövqeyi bölgədə qətiyyən istənilmir. Bu və digər səbəblərdən də KTMT demək istədi ki, bölgədəki vəziyyətə onsuz da Rusiya sülhməramlıları nəzarət edir.

Bundan başqa nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanın da KTMT yə üzvlüyünə mane olmaq üçün əlindən gəlini edir. Paşinyan bildirib ki, "Dağlıq Qarabağ probleminin hərtərəfli, tam və uzunmüddətli həllinə nail olunana qədər" Ermənistanın Azərbaycanın KTMT-na qoşulması ilə bağlı mövqeyini dəyişməsi mümkün deyil.

Azərbaycan XİN sözçüsü Nikol Paşinyanın bəyanatına birbaşa reaksiya verməyib, amma, KTMT-də Ermənistandan başqa dövlətlərin də olduğunu xatırladıb.

"KTMT də Ermənistanın sözü kifayət qədər keçərli deyil. Onun etirazının heç əhəmiyyəti yoxdur. KTMT-yə üzv ölkələr Ermənistanın qurum qarşısında və qurumun Ermənistan qarşısındakı öhdəliklərini aydınlaşdırmaq üçün müzakirə aparmalıdırlar. Məqsəd KTMT-nı zəiflətmək yox, onu gücləndirmək olmalıdır. Ermənistan KTMT-nın hərfi mənada kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı olmasında maraqlıdır. Mən yenidən təkrar edirəm ki, burda həll edilməli aydın məsələlərimiz var, hansı ki, ölkəmizin təhlükəsizliyini yüksəldir və bizim işimiz bu istiqamətdə olmalıdır", Paşinyan deyib.

Belə ki, ölkə təhlükəsizliyini hansısa QHT yə etibar edən Paşinyan bir daha yanıldı. Göründüyü kimi KTMT delmitasiya insidentlərinə qarışmayacağını deyib.

Baş nazir onu da vurğulayıb ki, o, Belarus prezidenti Aleksandr Lukashenko daxil digər KTMT üzvləri ilə görüşündə Azərbaycana silah satışından narahatlığını bildirib. Buna baxmayaraq KTMT üzvləri Azərbaycanla əməkdaşlıqdan razıdırlar. Növbəti əməkdaşlıq razılaşmalarının isə yaxın müddətdə gerçəkləşəcəyi gözlənilir. Deməli bu mövqedə də ermənilərin harayını eşidən yoxdur.