Ermənilərin xəyali imperia xəritələrinin tarixi mənşəyi - TARİX

10 Avqust 2021 12:35 (UTC+04:00)

Heç vaxt öz imperia xəyallarından əl çəkməyən ermənilər adətən tarix səhifələrində kiçik dəyişikliklər etməyi seviblər. Məsələn, albanların hakimi olan Tiqranı "böyük Ermənistan İmperiası"nın çarı kimi qələmə veriblər. Tiqranın türk əsilli olması barədə daha ətraflı araşdırma isə daha öncəki yazılarda mövcuddur.

Heç vaxt öz cızılızlığı ilə barışmayan bu icma quruluşu yeni tarixdə də Türkiyənin bir sıra vilayətlərinin onlara verilməsi tələbilə çıxış edərək iddia edir ki, Ermənistan SSR keçmiş SSRİ-nin bir hissəsi olub və dünyada heç bir ölkə tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Ermənistan və Türkiyə arasındakı hazırda mövcud olan sərhədlər isə keçmiş SSRİ və Türkiyənin sərhədləridir. Belə ki, onlar bu səbəbləri əsas göstərərək SSRİ-dəki sərhədləri qəbul etmirlər. Bunun yerinə müasir Ermənistan özünü Ermənistan SSR-in yox, 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan Respublikasının hüquqi varisi hesab edir.

Onlar iddia edir ki, Türkiyə və Ermənistanın de-yure sərhədləri SSRİ və Türkiyə arasında bağlanmış 23 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə əsasən yox, (Rusiya SFSR, Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR və Türkiyə Böyük Millət Məclisi arasında), ABŞ prezidenti Vudro Vilsonun I Dünya müharibəsi başa çatdıqdan sonra təklif etdiyi və Türkiyə daxil olmaqla, Fransa, İngiltərə, İtaliya, Yaponiya kimi dövlətlərin tanıdığı və 10 avqust 1920-ci ildə imazalanmış Sevr müqaviləsinə əsasən müəyyən edilməlidir. Lakin ermənilərin bu iddiaları tarixi faktları öz xeyrinə saxtalaşdırmaq cəhdindən başqa bir şey deyil.

Belə ki, ermənipərəst mövqeyi ilə seçilən Vudro Vilson hətta Ermənistanı ABŞ mandatına çevirmək istəyirdi. Antitürk siyasət yürüdən ABŞ “Antanta” ilə birlikdə Osmanlı dövlətini tamamilə yer üzündən silmək istəyirdi. Lakin onların həvəslərini boğazlarında qoyan Mustafa Kamal Atatürk bütün planların üstündən xətt çəkdi. Bu planların içərisində “Böyük Ermənistan” da tarixin gerçəkləşə bilməyən xam xəyallarına qovuşdu.

6 aprel 1917-ci ildə Vudro Vilson ABŞ-ın Birinci Dünya müharibəsinə qatılması barədə qərar verdi. Konqresə müraciətində o, "Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağa" çağırırdı. Nəticədə isə müharibəyə qoşulan ABŞ kifayət qədər az xərclə müharibədən qazanclı çıxan ölkələrədən oldu. Digər tərəfdən isə öz şüarlarındaki kimi bütün müharibələrə son qoymaq yerinə çoxlu münaqişə ocaqları qoydu. Bu isə ABŞ-a daha sonra həmin bölgələrə müdaxilə şansları yaradacaqdı. Həmin münaqişə ocaqları yaradan məsələlərdən biri də Erməni məsələsi idi. Vudro Vilson “Böyük Ermənistan” deyərək bir növ “Dəlinin yadına daş salmışdı”. Elə bir daş ki, bu gün də ermənilər onu unutmayıb.

8 yanvar 1918-ci ildə o Konqresdəki çıxışında müharibədən sonrakı dünyanın yenidən qurulmasını, daimi sülhün təmin edilməsini nəzərdə tutan və "14 bənd" adı ilə məşhur olan tezislərini irəli sürdü. Müharibədən sonra bu tezislərdə irəli sürülən ideyalardan yalnız 5-i, o cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri həyata keçirildi. Beləliklə dünyada ümumi rifaha dəstək prinsipi daşıyan QHT-lər yaranmağa başladı. Beləliklə ABŞ və digər supergüclər öz idarə əhatəsini kifayət qədər genişləndirə bildilər. QHT lər vasitəsi ilə bir çox ölkəyə öz qarmağını atan supergüclər əsl niyyətlərini çox tez aşkar etdilər.

Digər tərəfdən isə antitürk siyasətini əsas tutan Vudro Vilson yenicə yaranan Azərbaycan Xalq Cümhuriyyətini də tanımaq istəmir. 28 may 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş etsə də ermənipərəst Vilson bu xahişi rədd edib.

Ermənistanın Türkiyəyə ərazi iddiaları ABŞ prezidenti Vudro Vilsonun hamiliyi ilə güclü surətdə dəstəklənirdi. V.Vilson Ermənistan üzərində ABŞ-ın mandatını rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. Lakin xoşbəxtlikdən 1920-ci il iyunun 1-də ABŞ Senatı 23 səs lehinə, 52 səslə əleyhinə olmaqla prezidentin arzusunu rədd etdi.

Vilsonun düşüncələrinə görə insan haqları “Böyük Ermənistan və ermənilərin xilası”ndan ibarət idi. Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə Ərzurum, Trapezund (Trabzon), Van, Bitlis Ermənistana verilirdi. Onun sərhədlərini də Vilson təyin edəcəkdi. Lakin elə bu vaxt müzəffər türk ordusu bir-birinin ardınca qələbələr qazanır, doğma vilayətlərini güclü hamisi olan düşmənin tapdağından azad edir və məkrli planın reallaşmaq ehtimalını puça çıxarırdı. V.Vilsonun qərarı ilə yaradılmalı olan süni "Müstəqil Ermənistan" iki həftəyə süqut edir.

Nəticədə Tomas Vudro Vilsonun başçılığı ilə antitürk siyasət yürüdən ABŞ nə Azərbaycanın müstəqilliyinə mane ola bildi, nə də "böyük Ermənistan"ın yaradılmasını əngəlləyən plana. Bunlara baxmayaraq münaqişə ocağı yaradaraq minlərlə günahsız insanın qanına bais olur. Beləliklə tipik supergüc dövlət kimi davranır. Bir daha anlamaq olar ki, güclənmək və güclü qalmaq bir yığın günah tələb edir. Siyasətə boşuna şeytan əməli demirlər.