Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Novoye Vremya" jurnalına verdiyi müsahibədə Rusiyanın Avropa siyasətçilərinin köməyi ilə Ukraynanı dağıtmağa çalışdığını iddia edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Danilov, Ukraynanın 2023-cü ildə Avropa enerji sisteminə qoşulmasının ölkənin üzləşdiyi ən böyük təhdidlərdən biri olduğunu ifadə edib.
Danilov bu haqda deyib: "Bunun üçün bir çox prosesdən keçməliyik. Rusiya ilə ortaq enerji sistemindən bir test etməliyik. Halbuki, Rusiya bu mövzuda bizə qətiliklə kömək etmir".
Müdafiə Şurasının katibi eyni zamanda deyib: "Rusiya ölkəmizi məhv etmək üçün hər şeyi edir. Bunlar qəbuledilməzdir. Ruslarla bərabər avstriyalılar, fransızlar və almanlar da bizə necə yaşamalı olduğumuzu diktə etməyə çalışır".
Xatırladaq ki, Danilov daha əvvəl deyib ki, Krımın Rusiyaya birləşdirilməsinə görə Almaniya və Fransa məsuliyyət daşıyır.