ABŞ-in dünyada hegemonluğu sona çatır

9 Avqust 2021 11:56 (UTC+04:00)

SSRİ-nin dağılmasından sonra ABŞ hegemonluğu ələ alsa da, XXI əsrin əvvəllərində meydana gələn təhdidlər bununla bağlı şübhələrə yol açıb: “Bunun başlıca göstəricisi ABŞ-ın İraq və Əfqanıstandakı əməliyyatlarda uzun müddətli üstünlüyü təmin edə bilməməsidir. ABŞ 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukraynada Rusiyaya adekvat cavab verməyi bacarmadı. Yaxın Şərqdə, xüsusilə Suriya, Yəmən, habelə Liviyadakı böhranların həllində isə təşəbbüsü Ankara, Tehran və Moskva ilə birgə ələ aldı". Digər tərəfdən, Vaşinqton Çinin Şərqi Çin və Cənubi Çin dənizlərində güclənməsinin qarşısını ala bilmədi. Bundan əlavə, ABŞ-ın düşmənləri İran və Çin ilə yaxınlaşmaq cəhdi uğursuzluqla nəticələndi.

Bütün bu məsələlərdən sonra Jo Bayden daha mülayim siyasət yürütməyə başladı. Donald Trampın xarici siyasətini çox aqressiv dəyərləndirən demokrat hesablamadıkı ABŞ indiyədək gücünü bu aqressiyanın hesabına qoruyub.

Hətta son onillikdə edilən cəhdlərdən biri kimi Misir hadisələrinə də baxmaq olar. ABŞ hər zaman bu və ya digər ölkənin daxili işlərinə qarışmaq, öz istəyini müxtəlif yollarla diktə etməyi həmişə xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. İndi də bununla bağlı konkret nümunələrə rast gəlmək mümkündür. Bu günlərdə ərəb ölkələrində baş verən siyasi kataklizmlərin təkcə daxili səbəblərdən qaynaqlandığını düşünmək, sadəcə, sadəlövhlük olardı. Həmin hadisələri şərh edən dünyanın aparıcı beyin mərkəzləri və tanınmış politoloqlar hesab edirlər ki, Tunis, Misir və digər dövlətlərdə müşahidə olunan proseslər demokratikləşmə və ya diktatorlara, avtoritar rejimlərə qarşı xalq hərəkatı olmaqla yanaşı, həm də ABŞ-ın ərəb dünyasında sarsılmış mövqelərini bərpa etmək və möhkəmləndirmək cəhdinin təzahürüdür. Ona görə də təsadüfi deyil ki, qeyri-sabit dövrə qədəm qoyan ərəb ölkələrində hadisələrin indiki axarda cərəyan etməsinin arxasında ABŞ-ın durması barədə müxtəlif məlumatlar səslənir. Həmin məlumatlardan aydın olur ki, məhz ABŞ indi adları dünya mediasında gündəlik hallanan, qeyri-sabit vəziyyətin hökm sürdüyü ərəb ölkələrində müxtəlif qruplarla danışıqlara gedib. Həmin qruplara müxtəlif formada yardımlar göstərib. Lakin bundan son nəticədə əziyyət çəkən öz maraqları naminə müxtəlif oyunlar quran ABŞ yox, həmin ölkələrin xalqlarıdır. Hər halda, konkret Misir nümunəsində bunu görmək mümkündür. Digər tərəfdən, Misir hadisələri ABŞ-ın etibarlı bir mütəffiq olmadığını da aydın göstərir. Məlum həqiqətdir ki, Misirdə yaşanan olaylar cərəyan edənə qədər ABŞ Hüsnü Mübarək iqtidarının yaxın tərəfdaşı sayılırdı. Elə Amerika rəsmiləri də bunu hər fürsət düşəndə açıq bəyan edirdilər. Lakin xalq etirazlarının başlanmasından dərhal sonra ABŞ da Hüsnü Mübarək hakimiyyətinə münasibətini tamam dəyişdi. Etiraz aksiyalarının ilk günündə ABŞ Dövlət Departamenti "Misirdə rejim sabitliyini qoruyur" açıqlaması ilə çıxış edərək Hüsnü Mübarəkə dəstək verirdi. Misirdəki güc balansının xalq hərəkatı lehinə dəyişməsindən sonra ABŞ fərqli çıxış etməyə başladı. Bunun ardınca isə dünya mətbuatında məlumatlar yayılmağa başladı ki, əslində, ABŞ-ın özü Misirdə antihökumət nümayişlərinin təşkili istiqamətində fəal işlər aparıb. Məhz bu məqsədlə Misirdə fəaliyyət göstərən müxtəlif hərəkat nümayəndələri ilə görüşüb. Tunisin timsalında da belə məlumatlar dünya mətbuatında, elektron media vasitələrində geniş yer aldı.

Deməli, siyasəti anlamaq üçün tarix səhifələrini vərəqləmək yetərlidir. Beləliklə, ABŞ da göstərdi ki, supergücdən müttəfiq olmaz. ABŞ zaman-zaman öz iradəsini Azərbaycana da diktə etməyə çalışıb, lakin istəyinə nail ola bilməyib. Müstəqil Azərbaycan açıq şəkildə bütün kənar qüvvələrə, o cümlədən də ABŞ-a da bildirib ki, özünə yeni "böyük qardaş" axtarmaq niyyətində deyil. Bunu ulu öndər Heydər Əliyev də, Prezident İlham Əliyev də müstəqil siyasəti ilə real formada nümayiş etdirib. Buna görə də qətiyyətlə söyləmək olar ki, müstəqil siyasət yeridən Azərbaycan postsovet məkanında ABŞ-la yola getməyən ölkələr arasında bəlkə də birincidir. Belə vəziyyət isə özünü fövqəldövlət hesab edən ABŞ-ın maraqlarına uyğun gəlmir. Lakin ABŞ da regionun əsas dövləti sayılan Azərbaycana öz maraq və istəyini diktə edə bilmir. Bu səbəbdən indi ABŞ ölkəmizə qarşı daha çox böhtan və qarayaxma kampaniyasına üstünlük verir. Məhz bu siyasi xəttin nəticəsidir ki, ABŞ-ın əsas QHT, "Washington Post" kimi media orqanları Azərbaycana qarşı davamlı, çirkin kampaniya həyata keçirir. Bu fonda onlar demokratiya və insan hüquqları ilə bağlı qərəzli iddialar irəli sürür, hesabatlar hazırlayır və yayır, ölkəmizi nüfuzdan salmağa cəhd göstərirlər. Lakin zaman Azərbaycana münasibətdə bu siyasətin həmişə uğursuzluğa düçar olduğunu sübuta yetirib. ABŞ, eləcə də ölkəmizin müstəqil siyasətini həzm edə bilməyən digər qüvvələr bilməlidirlər ki, Azərbaycanda prosesləri gərginləşdirmək, onları öz maraqlarına uyğun yönəltmək cəhdləri əbəsdir. Onların antiazərbaycan siyasəti daha çox özlərini nüfuzdan salmaqla nəticələnir. Azərbaycan hakimiyyətinin iradəsinə təsir etmək, xalqın etimadına və mənafelərinə əsaslanan mövcud siyasi kursu başqa istiqamətə yönəltmək mümkün deyil. Çünki ölkəmizdə xalqla hakimiyyət, xalqla onun lideri arasında sarsılmaz özüllər üzərində dayanan sıx birlik mövcuddur.

Beləliklə, ABŞ-ın xarici siyasəti buzların əridiyi bir fəsildə ov etməyə çalışan ağ ayının cəhdlərinə oxşayır. Belə ki, əriyən buzların üstündə gəzərək xışıltı çıxaran ağ ayı həm mülayim küləklə qoxusunu şikarına ötürür. Həm səs həm də qoxu alan şikar isə ağ ayının məqsədini dəqiqliklə anlayaraq onu aclıqdan ölməyə düçar edir. Belə ki, bu ayılar çarəsizlikdən quşların yumurtalarını yeməyə çalışır. Bu cəhdlər isə quş yumurtasının kalorisindən dəfələr çoxdur. ABŞ da eynən ağ ayı kimi çarəsizdir.