Bakının mərkəzində ağaclıq sahədəki yanğın söndürülüb YENİLƏNİB

7 Avqust 2021 14:34 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən SİA-ya verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 1 hektara yaxın ərazidə quru ot və ağaclar yanıb. Yaxınlıqdakı tikililər və sıx ağaclıq ərazi yanğından mühafizə olunub.

Yanğın saat 13:08-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.