Azərbaycanın zəfərinə, haqq işinə şərk qoşan və ona kölgə düşürməyə çalışanlar kifayət qədərdir. Acınacaqlısı burasındadır ki, həmin qüvvələr həm də öz daxilimizdə yerləşib. Onların məqsədi əhalidə ruh düşkünlüyü yaratmaqdır. Xüsusilə də həssas dönəmlərdə kifayət qədər aktiv olan bu adamlar heç bir dəstək görmədilər. Belə ki, bu fitnəkarlar hətta 10 noyabr sazişini də xalqa yanlış təqdim edərək təbliğatlar edirdilər.
Bütün bunlara baxmayaraq xalqımız bu fitnəkarların məqsədinə çatmasına izin vermədi. Ali Baş Komandanın verdiyi qərarlara inamla yanaşdı. Beləliklə xaricdən hər cür imkanla təmin olunan və maliyyələşdirilən bu qüvvələr öz məqsədlərinə çata bilmədilər. Özlərini xalqın halına yanan ağıllı adamlar kimi göstərən bu satqınlar əksərən müəyyən izləyici kütləsinə də malik olurlar. Vaxtaşırı bəyanatlar verərək dövlətimizin verdiyi hər bir qərara şərk qoşurlar. Bu xainləri qətiyyən müxalifətçi adlandırmaq olmaz.
Belə ki, onların məqsədi bunlardır
1) Xalq olaraq bizi aşağılanmış hiss etdirmək
2) Xalqı zombiləşdirib bütün potensialını mənimsəmək, öz məqsədi naminə istifadə etmək
3) Azərbaycan dövlətini təhdid etmək üçün zəmin yaratmaq
4) Xalqın beynindən dövlətçilik zehniyyətini silmək
5) Müasirlik adı altında saxta təbliğat qurub nümunəvi ailə modelini dağıtmaq
6) Gənc nəslin iradəsini sındırıb öz çirkin məqsədlərinə nail olmaq
7) Hər nə olursa-olsun Azərbaycanın olan heç nəyi bəyənməmək və onu ucuzlaşdıraraq gözdən salmaq
Bunları nəzərə alaraq demək olar ki, müxalifətin mübarizəsi hakimiyyətlədirsə bu xainlərin də mübarizəsi bizim millət dəyərlərimizi yox etməkdən ibarətdir. Elə bir təbəqə formalaşıb ki, eynən bu cür davranır. Qısaca belə deyək, sosial mediada hərb və şəhidlər barədə paylaşım görən kimi altına "Bütün kişilər müharibədə öldü, yenə nəsə olsa kim vuruşacaq?" yazırlar. Hansı ki, müharibədən əvvəl də deyirdilər ki, "Azərbaycanda kişi yoxdu Qarabağı alsın". Hətta deyirdilər ki, yeni nəsil ancaq kompyuter oynamağı bacarır. Bu tip adamlar insanları ruhdan salmaqdan ötrü məvacib belə alırlar.
Onların təbliğatına gedənlər isə kifayət qədər dünyagörüşünə sahib deyillər. Əsas olan məqam burasındadır ki, istənilən təbliğat sadəcə boşluğu doldurduqda öz nəticəsini göstərir. Deməli ideoloji cəhətdən yüklü olan kütlə təbliğata getməz. Amma hazırda xalqı lazımi düşüncə qəlbinə gətirmək üçün çox az səy göstərilir.
Daha qədimə baxsaq görərik ki, ikinci dünya müharibəsindən sonra ölkədə belə bir zehniyyət yaratdılar. "Əsl kişilər qaldı 41-45 də". Özü də bunu bığı burma, 1.80 boyu olan, enli kürək kişilər deyirdilər.
Amma 20 Yanvar hadisəsi və Birinci Qarabağ müharibəsi sübut etdi ki, kişilər var, ölkəni, vətəni sevirlər, döyüşürlər, böyük mübarizə əzmləri var.
Sonra başqa mənasız cümlə yarandı. "Kişilər 92-93-də müharibədə getdilər, mərd oğullar getdi, daha kim qoruyacaq Vətəni".
2020-ci ildə isə İkinci Qarabağ müharibəsi və zəfərində mərd oğullar döyüşdülər və qazandılar. Əminlikdə demək olar ki, mərd oğulların mərd nəsilləri olur.
İndi yenə də hansısa mənasız qüvvə belə fikir formalaşdırır ki, qazilərimiz narazıdır, şəhid ailələri narazıdır, daha heç kim döyüşməz, xalqın iradəsi sındı, bütün igidlər qırıldı və s.
Qorxulusu budur ki, bu cür düşünən adamların sayı artmaqdadır. Çünki buna görə xaricdən pul alanlar öz işini çox yaxşı görürlər. Bütün bunlara rəğmən bizim də borcumuzdur ki, sağlam və fundamental siyasi savada malik gənclik yetişdirək. Digər hallarda ideologiya müharibəmizdə çətin vəziyyətə düşə bilərik.