“Paşinyan "dırmıqla rəqs”ini davam etdirsə, yeni qarşıdurmaya səbəb olacaq” - MÜSAHİBƏ

5 Avqust 2021 15:50 (UTC+04:00)

Aleksey Juravlyov: “Paşinyan Rusiyanın rolundan razı deyil, Qərbin dəstəyini almağa çalışır. Böyük erməni diasporu olan Fransa bu "erməni müdafiəçisi" roluna çox uyğundur”

Azərbaycanla Ermənistan arasında münaqişənin gərginləşməsinin günahı Ermənistanın üzərindədir. Paşinyan sərhəddə baş verən toqquşmaları Qarabağın Ermənistan üçün əbədi olaraq itirmədiyini sübut etmək üçün istifadə edir. O qədər axmaqdır ki, "dırmıq rəqslərini" davam etdirir, bu halda isə hər şey növbəti qarşıdurma ilə nəticələnəcək. SİA xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov “Moskva-Baku” portalına müsahibəsində deyib. Müsahibəni təqdim edirik.

- Ermənistan-Azərbaycan sərhədində yenidən atəşlər eşidilir. Təşəbbüskar kimdir və niyə?

- Hesab edirəm ki, münaqişənin gərginləşməsinin günahı Ermənistanın üzərindədir. Nikol Paşinyan seçkilərdə qalib gəldi və hesab edir ki, Ermənistan cəmiyyətinə Qarabağın Ermənistan üçün əbədi olaraq itirmədiyini sübut etməyin ən asan yolu sərhəddə kiçik atışmalar təşkil etməkdir. Beləliklə, ucuz populizm və şovinizmdən istifadə edir, bir milləti digərinə qarşı qoyaraq insanların hisslərini öz məqsədləri üçün istifadə edir. Paşinyanın nümayişkaranə və isterik revanşizmi, vətəndaşlarının gözünə toz atmaq cəhdidir. Və adi insanların bunun nəticəsini öz canları ilə ödəməsi onu heç narahat etmir.

Paşinyan düşünür ki, bununla Ermənistan cəmiyyətinə tamamilə uduzulmuş 2-ci Qarabağ müharibəsinin, sadəcə, taktiki bir addım olduğunu sübut edə bilər. Paşinyan öz siyasi sirkində müharibə və sülhlə məşğul olur, günahsız qurbanların sümükləri üzərində hoqqabazlıq edir. Ancaq bundan heç nə alınmayacaq! Çünki erməni elitalarını Paşinyanın açdığı siyasi çəkişmələr yayındırır və azərbaycanlılar öz torpaqlarından, sadəcə, imtina etməyəcəklər!

- Rusiya münaqişənin kəskinləşməsinə necə reaksiya verəcək?

- Rusiya artıq müdaxilə etdi, xüsusən də bu səbəbdən İkinci Qarabağ müharibəsi bitdi və üçüncü olmayacaq! Ermənistan bu gün çox zəifdir, Paşinyanın səyləri belə ağır nəticələrə gətirib çıxarmayacaq və azərbaycanlılar həm əldə silah, həm də diplomatik səviyyədə vətənlərini qorumağa hazırdırlar. Ancaq Rusiya hər zaman sülhməramlı rolunu oynamağa və tərəfləri növbəti qarşıdurmadan ayırmağa hazırdır.

- Azərbaycan Ermənistana sülh müqaviləsi bağlamağı təklif etdi, Ermənistan niyə razılaşmır?

- Ermənistan və Azərbaycan, eləcə də üçüncü qarant ölkələrin liderləri tərəfindən imzalanan beynəlxalq sənəd, hətta onilliklər ərzində yanan münaqişənin son közünü söndürməsə belə, onun daha da genişlənməsinə ciddi maneə olacaq. Paşinyanın timsalında Ermənistan hakimiyyəti üçün bu, sərfəli deyil! Münaqişəni mümkün qədər uzatmaq və təzələmək, qaynar dəmiri başqasının əli ilə götürmək onun üçün faydalıdır.

- Ermənistanın sərhəddə gərginlik yaratmaqla başqa ölkələri münaqişənin həllinə cəlb etmək üçün bir bəhanə tapmağa çalışdığını söyləmək mümkündürmü?

- Üçüncü qarant ölkələr yalnız Paşinyanın vəziyyətini pisləşdirəcək. Əlbəttə ki, Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi Rusiya üçün də vacib bir sənəddir. Bu məsələdə diplomatik blokumuzun səyləri olmadan heç kim nə isə edə bilməz. Təbii ki, Paşinyan Rusiyanın əhəmiyyətli rolundan razı deyil, Qərb dövlətlərinin dəstəyini almağa çalışır. Böyük erməni diasporası olan Fransa bu "erməni müdafiəçisi" roluna çox uyğundur. Ancaq Fransa öz maraqlarına ciddi şəkildə lobbiçilik etməyi xəyal belə edə bilməz!

- Fransa bu münaqişəyə niyə qarışmalıdır, onun marağı nədir?

- Paris özü üçün geosiyasi xal qazanmağa çalışır. Sülhməramlı - qürurlu səslənir. Ancaq bir daha vurğulamaq istərdim ki, Avropada ən böyük erməni diasporlarından biri Fransadadır. Beləliklə, Parisin prosesdə iştirakının kimin xeyrinə olacağını güman edə bilərik. Amma Fransadakı erməni lobbisini, əslində, Paşinyanın şovinizmi və militarizmi tələsinə düşmüş erməni xalqı çox da maraqlandırmır. Fransız erməniləri daha çox iş mənafeləri ilə maraqlanırlar. Bundan əlavə, Fransa təbii olaraq Azərbaycanı dəstəkləyən Türkiyə ilə Avropa məkanında rəqabət aparmağa çalışır. Ümumiyyətlə, Emmanuel Makron üçün belə bir "sülhməramlı missiya", keçmiş Fransız müstəmləkəçilik əzəmətini xatırladan xoş bir macəra sayıla bilər.

- Sərhəddəki gərginlik böyüyə bilərmi?

- Paşinyan o qədər axmaqdır ki, "dırmıqla rəqs"ini davam etdirir, bu halda isə hər şey yeni bir düşmənçiliyə, qarşıdrumaya çevriləcək. Və bir zamanlar olduğunun əksinə olaraq militarist mühafizəkarlığı tükənmiş Paşinyan rejimi sadəcə çökəcək. Ümumiyyətlə, rəsmi İrəvan sərhəddə hərbi təxribatlarını dayandırmasa, bu qədər uzaqgörən olmayan və şərəfsiz siyasi oyuna görə çox ağır əvəz ödəməli olacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.