"Təhsil infrastrukturunun yenidən qurulması planlaşdırılır” - TƏHSİL EKSPERTİ AÇIQLADI

5 Avqust 2021 15:45 (UTC+04:00)

“Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisi, mülki infrastuktur zərər gördü. Vətən müharibəsi dövrünə nəzər salsaq görərik ki, cəbhəyanı bölgədə, eyni zamanda bizim iri şəhərlərimizdə mülki əhaliyə qarşı böyük vəhşiliyini nümayiş etdirdi. Təhsil sahəsi də düşmənin vandallığından çox zərər çəkdi”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, erməni vandallığı nəticəsində bizim məktəb yaşlı şagirdlərimiz tələf oldular: “Bütün bunlar erməni vəhşiliyinin göstəricisidir. O zaman biz bununla bağlı Təhsil Nazirliyi yanında İctimai Şura olaraq beynəlxalq təşkilatlara, təhsillə bağlı beynəlxalq qurumlara müxtəlif müraciətlər ünvanladıq və Ermənistanın bu vəhşiliyini onların diqqətinə çatdırdıq. Çox təəssüf edirəm ki, Ermənistan yalnız 44 günlük Vətən Müharibəsində deyil, eyni zamanda əvvəlki zamanlarda da təhsil ocaqlarımıza zərər verib. Bizim xeyli məktəblilərimiz, müəllimlərimiz düşmən vəhşiliyinin qurbanı olmuşdu”.

Ekspert sözlərinə belə davam edib: “Artıq Azərbaycan qalib dövlət olaraq düşmənin zərər verdiyi məktəblərin təmirinə vəsait ayırır. Əlbəttə ki, bu məktəblər yenidən qurulacaq və dağıdılmış məktəblər bərpa ediləcək. Amma, xalqımız düşmənin bu cür vəhşiliyini heç zaman unutmayacaq. Dövlətimiz təkcə cəbhəyanı ərazilərdəki məktəbləri deyil, həm də işğaldan azad olunmuş torpaqlardakı təhsil infrastrukturu yenidən qurulacaq. Cənab Preziden İlham Əliyevin rəhbərliyi altında həmin məntəqələrin yeni siması yaradılacaq. Ölkə başçısının dediyi kimi, şəhərlər, kəndlər müasir səviyyədə yenidən qurulacaq və həmin quruculuq işlərində təhsil infrastrukturunun yenidən qurulması planlaşdırılır”.

“İnsanların yaxın zamanda işğaldan azad olunmuş torpaqlara qayıdışını təmin edərkən, onların istifadəsinə müasir standartlara uyğun məktəblər veriləcək. Bütün bunlarla bağlı Azərbaycan dövlətinin nümunəvi bir yanaşması var. Bu torpaqlarda təhsil alan şagirdlərimiz gələcəkdə Azərbaycanı daha da güclü edəcəklər. Bu baxımdan mən dövlət başçısına bu sərəncamı üçün təşəkkür etmək istəyirəm. Bu hər zaman dövlət başçımız tərəfindən təhsilə göstərilən diqqətin nümunəsidir. Məktəblə bağlı yaralar sağalsa da, düşmənlərin bizə vurduğu zərbələrdən yaranan yaralar heç vaxt sağalmayacaq. Bu məktəblərdən çıxmış şagirdlər gələcəkdə Azərbaycanın yüksək rütbəli şəxsləri olacaq”.

Ayşən Vəli