Qarabağ qazilərini intihara sövq edən nədir - NƏ ETMƏLİ? - PSİXOLOQ VƏ EKSPERT AÇIQLADI

5 Avqust 2021 15:51 (UTC+04:00)

“44 günlük müharibədən sonra bilirik ki, müharibənin acı halları yəni top, tüfəng səsləri, qazilərimizin fiziki problemlərinin yaşaması onların həyatında müəyyən qədər köklü dəyişiklər etdi”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Könül Cəfərova deyib.

Onun sözlərinə görə, müharibənin təsiri nəticəsində qazilərimizin həyatında psixoloji sarsıntılar oldu və onların həyatında dərin izlər qoydu: “Lakin buna baxmayaraq dövlətimiz, başda cənab Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva olmaqla digər dövlət qurumlarımız qazilərimizin yanında olur və onlara dəstək olurlar. Qazilərimiz üçün hər cür şərait yaradılıb, hətta onlar üçün könüllü psixoloqlar qurumuda yaradıldı ki, birbaşa qazilərimiz üçün fəaliyyət göstərilsin. Amma qəbul etməliyik ki, qazilərimizin psixoloji durumları o qədər ağırdır ki, mən düşünürəm ki, bu könüllük prinsipinə əsaslanmamlıdır, biraz məcburiyyət şəklində olmalıdır ki, artıq qazilərin yaşayış ünvanına psixoloqlar göndərilməlidir və onlarla birmənalı şəkildə psixoloji iş aparılısın. Təbii ki, bu seanslar qazilərimizlə onlayn şəklində də aparıla bilər. Mənim fikrimcə, qazilərimizlə nə qədər çox seanslar keçirilsə, bir o qədər onların psixoloji durumunda müsbətə doğru dönüş yaranacaq. Belə desək qazilərimiz fərqli bir həyatdan başqa bir həyata düşdülər. Və fərqli bir həyata düşdükləri bu anlarda qazilərimizə dəstək olmalıyıq. Unutmamalıyıq ki, onlar bizlər üçün, Vətən üçün, torpaqlarımız üçün həm psixoloji, həm də fizioloji baxımdan çətinlik çəkiblər. Onların bu anında bizdə xalq olaraq onlara dəstək olmalı, qazilərimizin və şəhid ailələrimizin yanlarında olmalıyıq”.

Məsələ ilə bağlı sosial ekspert, jurnalist Rövşən Rəsulov da münasibət bildirib: “Etiraf edək ki, 44 günlük Vətən müharibəsindən sonra cəbhədə olan əsgərlərimiz, zabitlərimiz psixoloji sarsıntılara, əsəb gərginliklərinə məruz qalıblar və bu da təbii bir haldır ki, müharibə dəhşətləri bəzən insanları psixoloji cəhətdən çıxılmaz vəziyyətə salır. İstər dövlət, istərsə də qeyri-dövlət qurumları bu istiqamətdə fəaliyyət göstərirlər. Yəni psixoloqların, psixoterapevtlərin və nevroloqların fəaliyyət göstərməsi çox vacibdir. Bu fəaliyyət nəticəsində onlar cəbhədə vuruşan əsgərlərimiz və zabitlərimizə öz yardımlarını göstərirlər. Ancaq onu da qeyd edim ki, bu proseslər bəzən yetərincə həyata keçirilmir, ləngimələr baş verir. Çünki müəyyən qurumların bəzən bu məsələlərə biganə qalmalarının, işlərinə məsuliyyətsiz şəkildə yanaşmalarının da şahidi oluruq. Məhz bu cəhətdən də son zamanlarda intihar hallarının, intihara meyl etmə hadisələrinin baş verməsini istər sosial şəbəkələrdə, istərsə də media xəbərlərində oxuyuruq. Təbii ki, bu arzuolunmaz haldır. Və bu məsələdə dövlət və ya qeyri-dövlət qurumlarının üzərinə düşən işdən savayı biz vətəndaşların da üzərinə böyük bir məsuliyyət düşür.

Məsuliyyət ondan ibarətdir ki, bizim yaxın ətrafımızda dostlarımız və ya qohumlarımızda qazi və ya şəhid ailələri mövcuddur. Eləcə də, belə hallar yalnız qazilərlə bağlı olmur, eyni zamanda şəhid ailələrində də intihar hadisələri tez-tez baş verir. Onu da diqqətinizə çatdırmaq istəyərdim ki, həm şəhidlərimiz, həm də qazilərimiz cəbhədə bizlər üçün çarpışıblar, torpaqlarımızı mənfur düşmən işğalından azad ediblər. Biz vətəndaşlar da həm şəhid ailələrimizə, həm də qazilərimizə bu istiqamətdə diqqət və qayğı göstərməliyik. Dövlətimiz birmənalı olaraq onlara diqqət və qayğı göstərir və göstərəcək də. Lakin bilirsiniz, biz vətəndaşlar da üzərimizə düşən məsuliyyətləri dərk etməli, dövlətimizin sözügedən siyasətinə dəstəyimizi əsirgəməməliyik. Yalnız maddi deyil, həm də mənəvi dəstəyimizi davam etdirməliyik. Əgər vətəndaş onların yanında davamlı olarsa, problemlərinin həllində cüzi də olsa öz səmərəsini göstərə bilərsə, onda bu problemlərin də öhdəsindən uğurla çıxa bilərik”.

Ziya Hikmətoğlu