Rus politoloq: İrəvanın məqsədi təxribatlarla Bakını sərhəd münaqişələrinə çəkməkdir - RƏY

5 Avqust 2021 14:36 (UTC+04:00)

İqor Korotçenko: “İrəvanın provakativ oyununa KTMT və Rusiyanı cəlb etmək mümkün deyilsə, Avropa İttifaqı və xüsusən Fransa Ermənistanın tərəfində olacaq”

Son günlərdə Ermənistanda mühüm hadisələr baş verir. Vətəndaş Sazişi fraksiyasından namizədliyi irəli sürülən Nikol Paşinyan avqustun 2-də Ermənistan Respublikasının Baş naziri, general-mayor Arşak Karapetyan isə müdafiə naziri vəzifəsinə təyin edildi. Bəs köhnə-yeni baş nazir Nikol Paşinyan yaxın gələcəkdə özünü necə aparacaq və o, bədnam Arşak Karapetyanı ölkənin müdafiə naziri postuna niyə təyin etdi?

Tanınmış politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko “Caliber” analitik mərkəzinə müsahibəsində bu məsələləri şərh edib. Politoloqun fikirlərini oxucularımıza təqdim edirik.

“Ermənistanın razılaşmaları yerinə yetirmək ehtimalı çox azdır”

İqor Korotçenko hesab edir ki, Nikol Paşinyanın bundan sonrakı hərəkətlərinin məntiqi siyasi həyatda qalmaq və hakimiyyəti qorumaq, Ermənistanda baş verəcək ən vacib iqtisadi, maliyyə və siyasi proseslərə şəxsi nəzarət istəyi ilə müəyyən ediləcək: “Açıq şəkildə etiraf etməliyik ki, Paşinyanın Ermənistanın 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməsini imzaladıqdan sonra üzərinə götürdüyü öhdəlikləri, habelə 2021-ci ilin yanvarında Moskvada keçirilən görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən əldə olunan razılaşmaları yerinə yetirməyə başlayacağı gözləntiləri azdır. Biz görürük ki, bu gün Azərbaycanı sərhəd münaqişələrinə çəkmək üçün hərbi təxribatların təşkili taktikası Ermənistan siyasətinin əsas məqsədidir, çünki Azərbaycanın Qarabağ bölgəsində son onilliklərdə mövcud olmuş separatçı quruluşun qalıqlarını qanuniləşdirməyə çalışmaq üçün bir kart oynanır. Və bu gün erməni diasporaları ilə Ermənistan hökuməti arasındakı bu böyük oyun davam edir. Buraya KTMT və Rusiyanı cəlb etmək mümkün deyilsə, Avropa İttifaqı və xüsusən, Fransa Ermənistanın tərəfində olacaq”.

“Əsas məqsəd ordunun başında Paşinyana sadiq adamın olmasıdır”

Həmsöhbətimizin dediyinə görə, Arşak Karapetyanın Ermənistanın müdafiə naziri vəzifəsinə təyin olunması, açıq şəkildə Paşinyanın hərbi idarənin başında şəxsən özünə sadiq bir adamın olması istəyi ilə bağlıdır: “Bildiyiniz kimi, əvvəlki illərdə Karapetyan Paşinyanın köməkçisi işləyib və bu şəxsin vaxtilə Ermənistan hərbi kəşfiyyatına rəhbərlik etdiyini nəzərə almaq lazımdır, o cümlədən, o, postsovet məkanında və KTMT-nin qərargahında yaxşı əlaqələrə malikdir. Aydındır ki, Paşinyan ümid edir ki, bu şəxs Ermənistanın postsovet məkanında ona rəğbət bəsləyən qüvvələrin dəstəyi ilə reallaşdırılmasını gözlədiyi siyasəti həyata keçirməkdə də faydalı olacaq. Ancaq əsas məntiq Paşinyanın sonrakı addımlarına və hərəkətlərinə sadiqliklərini təmin etmək baxımından Ermənistanın silahlı qüvvələrinə nəzarətdir”.

“Ermənistan Rusiyanın təzyiqi ilə kommunikasiyaları aça bilər”

Ekspert hesab edir ki, Ermənistanın sülh müqaviləsi imzalamağa və Azərbaycanla münasibətləri normallaşdırmağa razılıq vermə ehtimalı çox azdır, çünki əvvəlki aylar bunun əksini göstərir - İrəvanın vəziyyəti gərginləşdirmək və hər hansı sülh müqavilələrini pozmaq, həmçinin delimitasiya və Azərbaycanla sərhədin demarkasiyasını ləngitmək istəyi aydın görünür. Politoloqun fikrincə, ən yaxşı halda, Rusiyanın təzyiqləri altında Ermənistanın nəqliyyat kommunikasiyalarının qarşısını almaq cəhdinin dayandırılacağını, bölgə ölkələri ilə normal ticarət və iqtisadi əlaqələr qurmaq üçün bəzi tədbirlər görəcəyini görəcəyik.

“Ancaq yenə də bunun şansı son dərəcə aşağıdır. Yaşayaq görək, özünü Ermənistanın yeni Baş naziri olaraq qanuniləşdirən Paşinyan, 2020 və 2021-ci illərdə Moskvada üç ölkə liderlərinin üçtərəfli görüşləri formatında əldə edilən razılaşmaların icrasını praktiki olaraq necə davam etdirəcək,- İqor Korotçenko fikrini yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.