Prezidentin təhsilə qayğısı hər yerdədi - TƏHLİL

5 Avqust 2021 12:07 (UTC+04:00)

Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompyuter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallıq nəzərə alınaraq dövlətin uğurlu elm və təhsil siyasəti, bu sahədə özünü göstərən bir sıra problemlərin həlli mühüm əhəmiyyət kəsb edir. Bir faktı da qeyd edək ki, ölkədə təhsilə xüsusi diqqət yetirilməsi respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Ona görə də təhsilin bütün istiqamətlər üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaratmışdır.

Təəccüblü deyil ki, Azərbaycanda təhsil müasir dövrün tələblərinə uyğun formada inkişaf edir. Bu ənənə isə çoxdan qoyulub. İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.

Beləliklə təəccüblü deyil Prezident İlham Əliyev də Ulu Öndərimizin yolunu davam edərək təhsilə xüsusi önəm qayğı göstərir. “Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun”.

Dövlət başçımız qeyd edib ki, Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, insanlar hazırlıqlı, gənclər bilikli olmalıdırlar. Əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır.

Prezident İlham Əliyev bütün bu islahatların davamı olaraq zərər görən bölgələrimizdə də təhsilə diqqətlə yanaşaraq “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bütün bu addımlar o deməkdir ki, Azərbaycanın Qarabağdaki ərazilərdə də uzunmüddətli planlar gerçəkləşdirəcəkdir. Düşmənin təziqindən azad olan bu bölgələrdə təhsilə olan sərmayənin olması çox müsbət addımdır. Çünki həmin ərazilərdə yaşayan soydaşlarımız 44 gün ərzində və bundan öncəki 30 ildə də hər bir təhlükəyə rəğmən evlərini tərk etməmişdilər. Canları bahasına torpaqlarında qalan bu insanlar isə təhsilin də ən keyfiyyətlisinə layiqdirlər.