Dağılmış arabanın beşinci təkəri... Armen Sarkisyan

5 Avqust 2021 11:41 (UTC+04:00)

...Bəli, bunu çox doğru deyirsiniz. Vətəninin qayğısına qalan, onlara həvalə edilmiş ölkə və insanların taleyi qarşısında məsuliyyət hiss edən liderlər ancaq sivil dövlətlərdə olur. Ermənistanın çoxdan özünü normal dövlət hesab edə bilməməsini də deməkdə haqlısınız. Robert Koçaryan, Serjik Sarkisyanın hakimiyyətdə olduqları dövrdə ölkəni çapıb-taladığını deyib, tutarlı faktlar da gətirirsiniz. Onların Ermənistanı şəxsi zənginləşmə mənbəyi kimi gördüklərini deməkdə də, çox haqlısınız.

Amma indi valı dəyişməniz bir az müəmmalı görünür. Belə ki, o boyda baş naziriniz Nikol Paşinyanı populist, Böyük Britaniyada biznesini “qoyub gəlib” Ermənistanda sizlərə prezidentlik etməyə gələn Armen Sarkisyanı isə zəif iradəli və amorfun biri olduğunu deyirsiniz.

İndi biz bunu necə başa düşək? Yaxşı, Nikolla bağlı dediyinizi haradasa anlamaq olar. Amma Armen Sarkisyanla bağlı dedikləriniz elə də inandırıcı görünmür axı.

Niyə? Ona görə ki, yaşlı bir adam sizə görə o boyda biznesini İngiltərənin mərkəzində qoyub, təkcə əl ağacını götürüb sizlərə prezidentlik etməyə gəlir... siz isə, nankorluq edib, onu zəif iradəlikdə “ittiham edirsiniz”. Əslində, siz Armeninin bu humanist hərəkətini, yəni sizlərə önəm verərək ayağını çəkə-çəkə durub İrəvana gəlməyini təbliğ eləməkdənsə, amma siz onu ayaqlar altına atıb, ayaqlayırsınız. Hələ sizin aranızda bəziləri, utanmadan Armen Sarkisyanın da Ermənistana... kabab iyinə gəldiyini də iddia edir. Belə olmaz.

Bilirsiniz, bu gün sizinki nəyə bənzəyir... məsəl var ey... “qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş” məsəlinə.

Sizin dediyinizdən belə başa düşülür ki, hər xırda məsələyə görə, ölkə prezidenti durub Ermənistan sərhədinə getməlidir? Bəs onda onun ətrafında fırlananlar nə iş görməlidir? Niyə uzağa gedək, o gün İranın İrəvandakı səfiri Abbas Bədəhşan Zohuri və hərbi attaşe polkovnik Bəhmən Sadegin özləri Ermənistan-Azərbaycan sərhəddində olublar. Təbii ki, bu da onların təkcə Nikolun yox, həm də Armen Sarkisyanın simasında ermənilərə verdiyi dəyər kimi başa düşülməlidir.

Bundan əlavə, ermənilərin insan hüquqları müdafiəçisi var ey... Arman Tatoyan. Gününün yarıdan çoxunu sərhəddə keçirir. İmkan düşən kimi də, məsələ ilə bağlı erməni prezidentini məlumatlandırır. İndi, mən başa düşmürəm hər gün Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə maraqlanan birinin durub sərhədə gəlməsi, sizlər üçün bu qədər önəmlidir yəni? Bundan əlavə, Ermənistan prezidenti hansı üzlə gəlib Azərbaycanla “torpaq bölgüsü” aparmalıdır? Axı, təkcə onun yox, eləcə də onun təmsil etdiyi ölkənin buna heç bir əsası yoxdur.

Ona görə də, sizləri xəbərdar edirəm, Armen Sarkisyan barədə “etdiyiniz haqsızlıqlar” yaxınlarda onu depressiyaya sala bilər. O da küsüb Dumanlı Albionda qayğısız həyatına qayıdar. Ona görə də ayıbdır. Bu gün Ermənistanın sökülüb dağılmış arabaya bənzətməyinizi başa düşmək olar, amma yaşlı bir adamı-prezident Armen Sarkisyanı dağılmış arabanın beşinci təkəri kimi təqdim etmək nə demək?

Ağasəf Babayev