Bəzi ölkələr Rusiyanı Abxaziya və Cənubi Osetiyadan geri çəkməyə çağırdı

5 Avqust 2021 11:54 (UTC+04:00)

Yeddi ölkə Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına yenidən baxmağa çağırıb. SİA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) yayılan birgə məlumatda deyilir.

Sənədin Fransa, İrlandiya, Norveç, Böyük Britaniya, ABŞ, Albaniya və Estoniya tərəfindən imzalandığı qeyd olunur: "Bu gün bir daha Rusiya Federasiyasını Gürcüstanın Abxaziya ərazilərinin və Cənubi Osetiyanın Tsxinvali bölgəsinin sözdə müstəqilliyinin tanınmasına yenidən baxmağa çağırırıq".

Sənədin müəllifləri Moskvanı "beynəlxalq təhlükəsizlik mexanizminin yaradılmasına mane olmamağa" çağırırlar.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Gürcüstan sakinlərinə "uzun müddət davam edən zərərli təsirlərə qarşı durmağa" kömək edəcək yeni bir proqram hazırlamağı planlaşdırdığını bildirib. Layihənin ilk növbədə Gürcüstanın inzibati sərhədi boyunca yerləşən və "Rusiya tərəfindən işğal edildiyi" iddia edilən bölgələrə - Abxaziya və Cənubi Osetiyaya yönəldiləcəyi qeyd edilib. Bu layihəyə ən azı 93 yaşayış məntəqəsinin cəlb edilməsi planlaşdırılır.