Sənin şikayət etdiyin o həyatı yaşamaq arzusunda olanlar var

5 Avqust 2021 11:13 (UTC+04:00)

Yaşadığımız dünyanın sirli-sehirli sahələrinin kəşfinə elmin, təhsinin, bilik və bacarığın sayəsində nail olunur. Bu baxımdan, dünya elminin fədakar insanlarına minnətdarıq. Məhz kainatda inkişaf, tərəqqi o insanların zəhməti hesabına əldə edilir. Fakt budur ki, heç də hər kəs müdrik insan ola bilmir. Bunu üçün bəşəriyyətin yaradıcısı Allahın o insana lütfü olmalıdır. Səbəbsiz yerə deyilmir ki, filankəs seçilmişlərdəndir. Seçilmişlər sırasında insanlığa xeyir verən müdrik insanlar da yer alırlar. Müdrikliyə çalışanlar ilk öncə, yaxşı bir insan olmağın yollarını arayır və buna nail olduqdan sonra bəşəriyyətə xeyir verməyə, insanlığı ucaltmağa çalışırlar. Müdrikliyə yönəlmiş adam hər düşüncə və hərəkətə yaxşı tərəfindən baxar. O, kainatdakı mükəmməlliyin fərqinə varır və bu şüurla kainatı daha da yaxşılaşdırmaq üçün gecə-gündüz çalışmaqdan yorulmur. Bizlər isə bir növ hazıra nazir oluruq, o müdrik insanların sağlamlıqlarını itirmək hesabına əldə etdikləri elmi-texniki tərəqqidən rahat şəkildə bəhrələnirik. Heç o müdrik insana “sağ ol" da demirik. Əksər hallarda dodağımızın altında “gör köpək oğlu, nə sadə, gözəl texnika kəşf edib” deməklə yamanlayır, sonra da “yəqin ki, bu kəşfinə görə, milyonlarla dollar pul əldə edib” deyə əlavəmizi edirik.

Fikir verin, bu gün internetin köməyi ilə dünyada baş verən istənilən hadisələrdən xəbər tuta, fikir və məlumatlarımızı çatdıra bilirik. Mobil telefonlar, sosial şəbəkələr, təkmil tibb elmi və digər inkişaf sistemi insanların əl əməyinin sadələşməsinə, biliyinin, dünya görüşünün artmasına, sağlamlığının ən yüksək formada təmin olunmasına təkan verən amillərdəndir. Bir şəhərdən başqa bir şəhərə getmək üçün günlər, bəzən aylar vaxt sərf olunurdusa, indi təyyarə ilə bir-iki saata mənzil başına çatmaq mümkündür. Deyilənə və yazılanlara görə, elə pullu-paralı imkan sahibləri var ki, səhər naharını Bakıda, günorta yeməyini İstanbulda, axşam əyləncəsini isə Parisdə Eyfel qülləsi önündə keçirir. Bəzi şou əhlinin üzdə olan mütrübləri də var ki, pandemiya deyilən bəlanın tüğyan etməsinə baxmayaraq istirahətlərindən qalmırlar. Məşhur Azərbaycan kinofilmində deyilən, “Fransız xalqı kef edir” sözləri, yaxşı olardı ki, redaktə olunaraq, “Şou əhlinin bərk gedən mütrübləri kef edir” deyilsin. Bəli, mütrüblər Maldiv adalarında, Bodrum sahillərində kef edirlər. Şəxsi biznesi, villası, bahalı xarici avtomobili olan mütrüblərin də sayı az deyil. Amma bir diqqətçəkən məsələ var ki, hansını danışdırsan, dəsmal çıxarıb, göz yaşı tökəcək. Deyəcəklər ki, Maldiv adalarının sahillərinə gəlib çıxana qədər əzablı yollar keçiblər. Biri deyəcək ki, əri onu dörd divar arasında saxlayıb, çörək yeməkdən, su içməkdən məhrum edib. Başqa birisi haray salacaq ki, müğənni olmaq üçün gündüzlər istirahət nə olduğunu bilməyib, gecələr də yuxusuz qalıb. Digəri də iddia edəcək ki, yaxın rəfiqəsi sevgilisini əlindən almaqla ona xəyanət edib. Bu mütrüblərin özləri kimi sənətləri də bir şey deyil. Sadəcə, qırmızı sifət, balaca boy, keçəl, bığsız “mujik”lərin hesabına TV-lərdə meydan sulayırlar. Qədim Hind məsəli var, “Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq”. Mütrüblərin də əllərindən fonoqrama ilə oxumağı alsan, rüsvay olub, əski mövqelərinə qayıdarlar. Yəni zibillərini ört-basır edən, fonoqramdır.

Ümumiyyətlə, nə işdirsə, bu gün kasıbı da, varlısa da həyatından, yaşayışından narazılıq edir. Kasıbı haradasa başa düşmək olar. Evi, işi yox, cəmiyyət də insanlarla ünsiyyət də qura bilmir. Bu baxımdan oturub üzləşdiyi həyat sınağına giley-güzar edir. Bəs evi, villası, maşını, böyük biznesi, yekə-yekə obyekti, çamadan-çamadan pulu-parası olan təbəqə niyə narazılıq edir? Kolxoz bazarı boyda kabineti və yuxarı başda başdaşından da böyük kreslosu olan vəzifə mənsubları da yaşayışlarından narazılıqlar edirlər, niyə? Bir də görürsən ki, vəzifə mənsubu və ya varlı birisi öz-özünə deyinir. Bu məxluq əl-qol işarəsi ilə kimisə asır-kəsir, hədələyir, hərdən də gülür. Cəsarətə gəlib sual etsən ki, “nə olub”. Ciddi görkəm alıb deyəcək ki, “heç nə”. Sən də dərinə getməyəcəksən, yəni onu sual yağışına tutmayacaqsan. Çünki acığına gələ və bütün hirsini-hikkəsini sənin üstünə tökə bilər. Ancaq sən ehtimal edəcəksən ki, ilk baxışdan xoşbəxt görünən bu məxluq, əslində, son dərəcə bədbəxt adamdır. Ona görə də, kasıbı, varlısı, hər bir bəşər övladı yaşayışına şükür edənlərdən olmalıdır. Ən azı nəzərə almaq lazımdır ki, səndən də, ağır, çətin və ya ailədaxili problemlər içində əzilənlər var. Digər tərəfdən unutma ki, sənin şikayət etdiyin o həyatını yaşamaq arzusunda olanlar var. Pulumuzu, sakit iş yerimizi, dəyərli dostlarımızı itirə bilərik. Yetər ki, insanlıqdan məhrum olmayaq. Rusiya yazıçısı Maksim Qorki nə gözəl deyib: “Yer üzündə ən yüksək vəzifə insan olmaqdır”.

İ.ƏLİYEV