Ermənistan quruyan Aral dənizinə bənzədilir ANALİTİK

5 Avqust 2021 10:58 (UTC+04:00)

Bu, iddia deyil, statistik sübutlardır

Ermənistanla sərhədyanı bölgələrdə düşmən tərəfinin təxribatları nəticəsində baş verən kiçik toqquşmaları çıxarsaq, lokam müharibə şəraiti geriqə qalıb. Düzdür, bu gün İrəvan Bakının sülh təşəbbüslərinə rəğmən yenə də aşkar inadkarlıq mövqeyini ortaya qoyur, hansısa uzaq siyasi dairələrə ümidini bağlayır, vəziyyətdən minimal olsa da, öz səmərəsini qazanaraq çıxacağını hesab edir. Ancaq digər tərəfdən, belə davam edəcəyi halda vəziyyətin yenidən gərginləşməyəcəyinə kimsə zəmanət verə bilməz.

Bəs nə baş verir?

Başqa yandan, bu gün Ermənistanın sosial-iqtisadi vəziyyəti tükdən asılıdır və yardımlar sayəsində hələ ki, ayaqda qala bilir, fəqət belə ayaqdaqalma situasiyasının nə zamana qədər mövcud olacağı da bəri başdan məlumdur. Misal üçün, məlumdur ki, ölkə sürətlə boşalır, xalq daha qorxu, təlaş, aclıq, sabaha inamsızlıq şəraitində yaşabağı bacarmır. Əbəs deyil ki, bu yaxınlarda erməni publisistlərindən biri ölkəni quruyan Aral dənizinə bənzədib. Məhz bu bənzətmə necə deyərlər, lap yerinə düşüb. Bəs nə baş verir?

Bir çox yaşayış məntəqələri, vilayətlər və rayon mərkəzləri, həmçinin, ucqar kəndlər demək olar ki, “qocalar evinə” dönüb – bu məntəqələrdə demək olar ki, gənc nəslin nümayəndələri yoxdur, qalmayıb. Yalnız ümidləri puç olmuş qoca nəslin nümayəndələri özlərinin son vaxtlarını yaşayırlar və heç kimin yadlarına belə düşmürlər. Daha bir misal – insanlar görüşəndə acı zarafat edirlər ki, əvvəllər toylarda, şənliklərdə mütəmadi olaraq görüşürdülərsə, indi bu görüşlər tez-tez yas yerlərində baş tutur.

Ali təhsil müəssisələrində 15 min vakant yer qalıb – gənclik isə yoxdur!

Ölkənin sürətli boşalmasına sübut kimi, ali təhsil müəssisələrinin də boş qalmasını göstərə bilərik. Son statistik məlumatlara görə, bu il Ermənistanda 15 min yer sadəcə vakant olaraq qalıb. Və məsələ yalnız onda deyil ki, erməni gəncliyinin ali təhsil almaq maraqları aşağı səviyyədədir, məsələ həm də gəncliyin olmamasındadır. Bu faktora olan təsirlər isə bir neçə dənədir. İrimiqyaslı miqrasiyanı göstərərsək nəticəyə gələ bilərik ki, erməni gəncliyi ölkələrinin gələcəyini ümumiyyətlə görmürlər.

Ermənistanda ölüm sayı doğum sayını sürətlə üstələyir və əgər gənclik yoxdursa, faktiki olaraq doğumlar da get-gedə aşağı düşəcək. Ən əsas faktor isə müharibədir. Hələ 2020-ci ilin payızına qədər erməni ictimai rəyində Azərbaycanla yeni müharibənin başlaması qorxusu çox güclü idi. Sağlam düşüncəli insanlar çox gözəl anlayırdılar ki, bugünkü Azərbaycan heç də 90-cı illərin içdən parçalanan, vətəndaş qarşıdurmaları yaşayan, zəifləyən Azərbaycanı deyil.

Paşinyan-Tonoyan cütlüyü erməni gənclərini, sözün əsl mənasında, “ət maşınının” ağzına atmışdılar

Və bu savaş başladı, indi isə Ermənistan üçün nəyinsə hamar olacağını demək, sadəcə, iztehza doğurar. Məhz bunu sadə vətəndaşlar əvvəlcədən bilirdilər, anlayırdılar - həmin vətəndaşlar ki, övladları çağırışçı yaşında idilər. Bunu anlamayanlar isə Ermənistanda hakimiyyətə gəlmiş baş nazir Paşinyan, keçmiş müdafiə naziri Tonoyan və digər yüksək rütbəli dövlət məmurları idilər.

Biri Şuşada sərxoş halda rəqs edir, ağzının suyunu mikrafona dağıdaraq təxribatçı bəyanatlar səsləndirir, digəri isə ABŞ-da erməni diasporunun qarşısında yeni Azərbaycan ərazilərinin zəbt olunacağı bəyanatlarını səsləndirirdi.

Nəticədə İrəvan axır ki, müharibənin başlamasına səbəb oldu və şəxsi heyətində 8 000 canlı qüvvəsini, demək olar ki, bütün hərbi texnikasını itirərək bəlkə də dünyanın ən ağır məğlubiyyətlər yaşayan ölkələri sırasında ilk yerini tutdu. Ölənləri əksər çoxluğu isə erməni gəncləri idi ki, Paşinyan-Tonoyan cütlüyü onları sözün əsl mənasında “ət maşınının” ağzına atmışdılar.

Son 6 ayda təkcə Rusiya vətəndaşlığına 22 min erməni keçib, ölkəni tərk edənlərin ümumi sayı isə 100 min nəfərdir!

İndi müharibə geridə qalıb və İrəvan kapitulyasiya sənədinə imza atıb. Azad edilmiş Qarabağ əsl sahibinə geri qayıdıb. Lakin Ermənistanda hələ də elə dairələr var ki, onlar “hərbi revanş” barədə fikirlər yürüdürlər. Təbii ki, bunu erməni gəncliyinin valideynləri də görürlər. Görürlər və anlayırlar ki, övladları yenidən “ət maşının” ağzına atıla bilər. Ona görə də əllərinə düşən hər imkanlarında ya onların ordudan yayınmalarına, ya da ölkədən çıxarılmalarına çalışırlar.

Təkcə 2021-ci ilin konkret statistik rəqəmlərinə baxaq. Cari ilin ilk yarımilliyində daha çox Ermənistan vətəndaşı ölkə hüdudlarını tərk edərək, yaşayış yerlərini dəyişiblər. Qeyd olunan müddət ərzində təkcə Rusiya vətəndaşlığına 22 min erməni keçib və bu da ötən ilin analoji göstəricisini 7,8 min nəfər, yaxud 1,6 dəfə üstələyir. Bunlar isə yalnız vətəndaşlıq alanlardırlar. Ümumilikdə isə ölkəni tərk edənlərin sayı 100 min nəfərə çatıb.

Bu gün orduya çağırışçıların sayı kvotanı təmin etmirsə...

Əgər bu gün Ermənistanın ali təhsil müəssisələrində 15 min yer boş qalıbsa, bunun səbəbi yuxarıda qeyd edilən statistik rəqəmlərdir. Və ya bu gün orduya çağırışçıların sayı kvotanı təmin etmirsə, həmin məsələ də sözügedən statistikanın real nəticələridir. Bu da boş sözlər, yaxud iddialar deyil.

Çünki erməni zbitləri etiraf edirlər ki, Ermənistanın öz hüdudlarını qorumaq mümkünlüyü yox səviyyəsindədir. Əlbəttə ki, belə də olmalı idi. Təsəvvürünüzə gətirin, pandemiya şəraitində sərhədlərin çox kiçik qığılcımla açılıb-bağlanması nəticəsində Ermənistanı 100 000 nəfər insan tərk etdi. Ona görə də, hansısa erməni publisistinin ölkəsini – Ermənistanı quruyan Aral dənizi ilə eyniləşdirməsi tam doğru təsəvvürdür.

Rövşən RƏSULOV