Məhərrəmlikdə ən vacib nələrə diqqət yetirilməli? - DİN XADİMİ AÇIQLADI

5 Avqust 2021 11:12 (UTC+04:00)

“Məhərrəm Hicri-Qəməri təqvimin birinci ayıdır. Söz hərfən "haram edilmiş" mənasını bildirir. Bu ay qədim ərəblərin nəzərində mübarək bir ay kimi xarakterizə edilmiş və buna görə də bu ayda müharibə etməzlərmiş. Müsəlman mədəniyyətində isə məhərrəm ayı daha çox məhərrəmlik mərasiminin keçirilməsi ilə yadda qalıb. Çünki bu ayda Peyğəmbərimizin (s) nəvəsi İmam Hüseyn (ə) bir qrup əshabı ilə birlikdə Kərbəla çölündə qətliama məruz qalmışlar”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, sözügedən hadisə Məhərrəm ayının onuncu gününə təsadüf etdiyindən Aşura adlanmışdır: "Aşura sözü də "onuncu gün" deməkdir. Xalqımızın milli-mənəvi təfəkküründə də məhərrəmlik mərasimi, Aşura mədəniyyəti ilə bağlı çoxsaylı deyimlər, hadisə ilə əlaqədar yazılmış saysız mərsiyə və qəsidələr vardır. Matəm ayı kimi yaddaşlara həkk olunan məhərrəmlikdə Peyğəmbərimizə (ə) və onun əhli-beytinə (ə) ehtiram əlaməti olaraq müxtəlif mərasimlər, tədbir və konfranslar təşkil edilir, yeniyetmə və gənclərin maariflənməsi uğrunda işlər görülür”.

İbrahim Quliyev son olaraq da bunları qeyd edib: “Ölkəmizdə bu il məhərrəm ayının 1-i avqustun 10-na, Aşura günü isə 19 avqusta təsadüf edəcəkdir”.

Ayşən Vəli