Şəhidin ailəsi doğum günündə ziyarət edilib - FOTOLAR

5 Avqust 2021 10:18 (UTC+04:00)

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər Yeni Günəşli yaşayış sahəsinin sakini Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş əsgər Kərimov Əhməd Vaqif oğlunun doğum günündə məzarını ziyarət edib, ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad edilib. SİA-nın verdiyi məlumata görə, daha sonra şəhidin yaşadığı evin həyətində yeni istifadəyə verilmiş xatirə kompleksinə baxış keçirilib. Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb.

Vüqar Seyidov bildirmişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından "Anım löhvhəsi"ni şəhid ailəsinə təqdim edib.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.