Sevgi münasibətlərində yaş fərqinin əhəmiyyəti - SORĞU

4 Avqust 2021 22:01 (UTC+04:00)

Son zamanlar yeni qurulan ailələrdə yaş fərqinin yaratdığı problemlər nəticəsində erkən boşanmalar baş verir. Bu mövzu barəsində SİA paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb.

Paytaxt sakini Ayşən Sadıqzadə: "Düşünürəm ki, münasibətdə yaş faktoru o qədər də önəmli deyil. Təbii ki, burada maksimum 10-12 yaşa qədər olan bir fərqdən söhbət gedir. Yaş fərqi çox olduqda xüsusilə də qadından yaşca böyük kişilərdə qısqanclıq daha çox olur. Bu da əlavə problemdir. Mənim fikrimcə, kişinin qadından yaşca kiçik olması yaxşı bir şey deyil. Təbii ki, hamının öz fikri var. Məncə, kişi qadından yaşca böyük olduqda onu daha yaxşı anlayır və daha çox xoşbəxt olurlar".

Paytaxt sakini Zərtdüşt Quluzadə: "Sevginin yaşı olmur. Sevginin əxlaqı olur. Yəni iki fərdin bir-birinə qarşı sevgi hissləri varsa, onların yaşı önəmli deyildir. Sadəcə onların yaş fərqi çox olarsa, tez-tez ictimai qınağa rast gələ bilərlər. bu qınaqlara dözmək isə sadəcə sevginin gücündən asılıdır. Digər tərəfdən isə cütlüklər arasında yaş fərqi çox olduqda onların ümumi dünyagörüşü və həyat tərzi ilə fərqli olur. Bu da müəyyən zaman sonra münasibəti soyuda bilər. Çünki evlilik təkcə sevginin yox həm də qarşılıqlı anlaşmanın, hörmətin anlayışın üstündə qurulmalıdır".

Paytaxt sakini Ziya Hikmətoğlu: "Sevgi münasibətlərində yaş fərqi mənim fikrimcə, önəmlidir. Misal olaraq deyə bilərəm ki, mənim tanıdığım yaxın bir xanım dostum özündən 13 yaş böyük bir bəylə ailə həyatı qurdu. Amma heç bir il olmamış boşandılar. Fikrimcə, boşanmaların səbəbi qarşılıqlı anlaşmazlıq sözlərinin fikirlərinin yad olması, dünya görüşlərinin fərqli olmasıdır. Mənim fikrimcə sevgi münasibətlərində yaş fərqi maksimum 2 və ya 3 yaş olmalıdır. Əgər yaş fərqi elə olarsa o zaman cütlüklər qarşılıqlı anlaşar bir-birilərini başa düşər və xoşbəxt olarlar".

Paytaxt sakini Əli Əliyev: "18-19 yaş sonra insan özünü tanıdıqdan sonra evlənə bilər. Yaşın o qədər də vacib olmadığını düşünürəm. Yaş məsələsini o qədərdə problemə çevirmək lazım deyil".

Paytaxt Yusif Rəcəbəliyev: "Yaş fərqi olmalıdır. Təbii ki, qadınlar həmişə kiçik olmalıdır. 9-10 yaş arada fərq olsa lap yaxşı olar. Tez evlənməmək daha məsləhətlidir".