" Atəşkəsi pozduqca yeni mövqe itirəcəklər" - HƏRBİ EKSPERT

4 Avqust 2021 17:23 (UTC+04:00)

Hərbi ekspert Ədalət Verdiyev SİA-ya müsahibə verib. Həmin müsahibəni sizə, təqdim edirik.

- Son zamanlar Ermənistan sərhəddə gərginlik yaradır. Sizcə, bu təxribatlar nəyə hesablanıb. Bu təxribatların arxasında verilmək istənən mesaj nədir?

- Düşünürəm ki, hərbi və siyasi rəhbərlik arasındakı fikir ayrılıqları sonda hər iki tərəfin bir-birinin maraqlarına zidd addımlar atması üçün hüquqi şərait yaradır. Paşinyanın hakimiyyətdən getməsi üçün imza atan 40 generaldan 36-sı bu gün hələ də vəzifədədir. Həmin generallar hesab edirdilər ki, Köçəryan Rusiyanın dəstəyi ilə hakimiyyətə gələcək. Həmin generallar Paşinyana qarşı hərəkata qalxdı. Nəticədə isə Rusiyanın bəzi dairlərinin Ermənistanda hakimiyyət dəyişikliyi baş vermədi. Paşinyan təzədən baş nazir seçildi. İndi həmin generallar həm Paşinyana zərər vurmaq üçün, "Paşinyan ölkənin təhlükəsizliyini qoruya bilmir, biz də buna görə ona hakimiyyətdən geri çəkilməyini təklif edirik" mesajını təsdiq etmək üçün ola bilsin ki, tabeliklərində olan bölüklərə belə göstərişlər verirlər. Digər bir variant isə, onlar Koçaryanı dəstəklədikləri üçün Azərbaycan və Rusiyanın "Qarabağ münaqişəsi bitib, tarixdə qalıb" mesajını dünyaya fərqli bir stildə, "görürsünüzmü atəşkəs pozulur, münaqişə heç də bitməyib", vermək istəyirlər. Yəni bunun iki məqsədi var. Atəşkəsi pozan bir güllə ilə Azərbaycanın "münaqişə bitib" mesajının yanlışlığını və Paşinyanın Ermənistanı idarə edə bilməməsi və sərhədləri qoruya bilməməsi istiqamətindəki fikirlərini təsdiqləməyə çalışırlar. Amma bizim üçün atəşkəsi kimin pozması əhəmiyyətli deyil. Bizim üçün atəşkəsin pozulduğu ərazilər önəmlidir. Qoşunlarımızın bu ərazilərin külünü göyə sovurmağa potensialı var. Rəsmi qurumların açıqladığı mətbuatda oxuduqlarımızdan artıq ola bilməz. Amma reallıqda nələr baş verir, mən bunu qarant olaraq deyirəm ki, reallıqda baş verənlər bizim oxuduqlarımızdan, yaxud qeyri-leqal izlədiyimiz videolara gördüklərimizdən qat-qat artıqdır. Ermənistan ordusunun Azərbaycana qarşı savaşmağa heç bir imkanı yoxdur. Müharibə yolunu tutsalar, 3-5 gün içərisində Qarabağ ərazisində qalan 50-60 yaşlıların meyitlərini aparmaq üçün komandalar verməli olacaqlar. Bir gün içərisində meyit tapılıb. 1632 meyit var, biz tapıb onlara vermişik. Meyitlərini belə doqquz aydır ərazilərdən toplaya bilməyən bir ordu nəyin savaşını edəcək. Biz istəsəydik, 1632 nəfərin əvəzində hərbi-iqtisadi təzyiq göstərə bilərdik. Amma biz bunu etmirik. Meyit üzərindən qələbə təmin etnək istəmirik. Biz öz sözümüzü döyüş meydanında göstərmişik.

- Paşinyanı baş nazir seçilməsi ilə bağlı olaraq ilk təbrik edənlər Putin və Arayik oldu. Bu təbriklərlə bağlı nə düşünürsünüz?

- Arayiki anladıq. Arayikin quyruğunu qoyublar qapının arasına özü də dəmir qapının arasına sıxırlar. Arayikin Paşinyanı təbrik etməkdən başqa yolu yoxdur. Yenə nə gəlsə Ermənistandan Qarabağa gələr. Heç kim ona birbaşa yardım göndərə bilməz. Arayik son zamanlar geridə qalıb. Biz Qərbi Zəngəzurdan danışdıqca onlar “Artsaxı” da yaddan çıxardır və geri çəkilirlər. Yəni Ermənistanın gündəmini biz təyin edirik, Azərbaycan siyasi rəhbərliyi və cənab Prezident müəyyən edir. Hazırda həm Qərb, həm düşmən mediası birmənalı olaraq Prezidentimizin nə danışacağına baxır. Azərbaycan mətbuatı və Prezidenti nədən bəhs edirsə, Ermənistanda gündəm odur. Biz Zəngəzurdan bəhs etdikcə, onlar Qarabağı unudurlar. Fransa deyir ki, biz Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətdən narahatdır. Bir ay qabaq nə deyirdi? Əvvəl deyirdi ki, Xankəndidən narahatam, nə bilim nədən narahatam. İndi daha narahat deyil, Fransa. Putinin təbrikinə gəldikdə, ən azından çörək kəsdiyi Koçaryanın xətrinə təbrikini gecikdirə bilərdi ki, Paşinyan həyacanlı qalsın. Paşinyan da dinc qalmır axı, ordan-burdan pul alır, Rusiyadan aşkar istəyir. Pulu Qərbdən alır, hərbi sursatı Rusiyadan alır. Adını da qoyur ki, dövlətəm. 2044-cü ilə qədər Rusiya ordusu Ermənistanda qalmalıdır. Belə münasibətlər xələl gətirməmək üçün belə edilir. Onsuz da hazırda Rusiya Ermənistanda daha çox tənqid olunur. Niyə 44 gündə Rusiya heç bir müdaxilə etmədi, biz azsaylı xalqıq niyə bizim əvəzimizə savaşmadınız, kimi savadlı ziyalı təbəqədən belə mesajlar gəlir. Belə olan halda Putin vəziyyəti gərginləşdirməməyə çalışır. Müharibə etməsi Ermənistan üçün intahar olardı, sözü Putinə aiddir. Təbrikində Putin bunu daha da yumşaldaraq Ermənistanı sərhədlərin dəqiqləşdirilməsinə - delimitasiya və demarkasiyasına çağırıb.

- Paşinyan artıq baş nazir kimi vəzifəsinə başlayıb. Bundan sonra regionda sülhlə bağlı nə isə gözləyə bilərikmi?

- Bir valideyin kimi gərginliyi istəməzdim. Amma bir hərbiçi kimi Ermənistan ordusunun məğlub olacağını bildiyim üçün, istəyirlər, qoy olsun. Əgər başlarına təzədən dəmir yumruq zərbəsi istəyirlərsə, bununla da olan-qalanlarını itirmək istəyirlərsə qoy olsun. Hər gərginlik yaradan da Ermənistan bizim bildiyimizdən, eşitdiyimizdən daha çoxunu itirir. 29 iyul döyüşlərində 8 döyüşçü itirdilər. Bir döyüş mövqeyini itirdilər. Artıq taktikanı dəyişmişik hardan atırlarsa, oranı vururuq ordan da kim sağ çıxır, kiminin də canı çıxır. Sonra da həmin yerdə otururuq ki, erməni də anlasın ki, atəşkəsi pozursa, o mövqe itirəcək. Bu çox gözəl metoddur. Gözəl də effekt verir. Bunun tətbiqi üçün əməyi keçənlərə də təşəkkür edirəm.

- Paşinyan çıxışların birində təhdidvari çıxış etdi. Dedi ki, əgər KTMT monitorinq qrupu və ya Rusiya Azərbaycan-Ermənistan sərhədinə gəlməsə, məcburuq ABŞ və Fransanı bura dəvət edək. Bu nə qədər realdır, Rusiya buna gedəcəkmi?

- Vallah bunlar nə yeyib, nə içir bilmirəm, amma dünyanın heç yerində ABŞ və Rus ordusu eyni dövlət ərazisində paralel funksiyalar yerinə yetirməyib. II Dünya müharibəsi başa çatandan sonra bu məsələyə hələ heç yerdə rast gəlinməyib. Düzdür, Ermənistan “unikal” dövlətdir, nə desən bacarar. Əgər Ermənistana ABŞ əsgəri lazımdırsa, ABŞ-ın bu ölkədə 2500 nəfərlik diplomatik korpusu var. Dəvət eləsin, onların hər kəndə birini qoysunlar. Onsuz da həmin diplomatların hamısı xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Neynir ABŞ əsgərini, yəni real bir şeylər təklif eləsinlər. Rus əsgərləri hə, ola bilər. Şamanları belə qoya bilər. Öz ərazisidir. Amma bu nəyi dəyişəcək? Biz haranı istəyiriksə oranı alırıq. Hardan atəş açacaqlarsa, oranı da alacağıq. Harda istəyəcəyik orda dayanacağıq. Gəlsinlər sərhədin delimitasiyasını eləsinlər. Bitsin bu iş. Biz onu təklif edirik . Uzadırlarsa, qoy, uzatsınlar. Əvvəl-axır bu onsuz da olacaq.