Dövlətlər niyə var?

4 Avqust 2021 17:36 (UTC+04:00)

İnsanların özünə lider tapıb dövlət qurmağı çox uzun müddət olub. Yəni insanların bu dövlət quruluşlarına həqiqətən ehtiyyacı olub. Bu prosesə Jan Jak Russo kimi siyasi fəlsəfəçilər ictimai müqavilə adı da verib. Belə ki, ilk dövlətlər mağaralardan idarə olunurdusa indi bu prosesi qanunverici və icraedici orqanlar əvəz edir. İnsanlıq minillərdir ki, idarə olunur. İdarə etmək və tabe olmaq hissləri genlərinə hopub. İdarə edən və idarə olunan olmaq isə sadəcə gücdən asılıdır. Bu min il əvvəl də belə idi indi də.

Belə ki, istənilən üsulla təklif edilmiş anarxizm heç vaxt bəşəri ola bilməz. Anarxizmi sadəcə onu seçən bir qrup insan yaşaya bilər. Çünki dünyamızda özü barədə qərar verə bilməyən insanlar da var. Digər tərəfdən idarə etmək həvəsi ilə alışıb yanan siyasət qurdları da mövcuddur. Dünya illərdir kapitalist sənayenin ağuşundadır. Kapitalizm çoxlu acı talehlərə yol açsa da iqtisadiyyatı artıq onsuz düşünmək mümkün deyil.

Bütün bu şərtlərə görə rahatlıqla demək olar ki, azad olmağın ən məntiqli yolu güclü olmaqdır. Nəzərə alsaq ki, güclü olmaq da öz ardınca idarə etmək kimi bir məsuliyyət gətirir, bu da azadlığın pozulması deməkdir. Belə ki, məsuliyyət azadlığa birbaşa ziddir. Deməli günümüzdə güclü insanlar belə tamamilə azad deyil. Buna gücün gətirdiyi əsarət adı da vermək olar.

Liberalizm və ona formal olaraq oxşar olan bütün quruluşlar idarə etməyə və idarə olunmağa hesablanıb. Bu cəhətdən ona daha mülayim və daha demokratik idarəetmə üsulu da demək olar. Beləliklə hər bir siyasi nəzəriyyəçi əmindir ki, ən qüsursuz demokratiya belə tamamilə azad olmaq istəyən fərdlərə yol açmır.

Azərbaycanda ilk dövlət

Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

15-18 ci əsrlər ərzində mövcud olmuş Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi və Əfşarlar dövlətləri kifayət qədər geniş ərazilər fəth edərək dövlətçilik ənənələrimizi möhkəmlətmişdir. Nadir Şah Əfşar öz ordusu ilə hətta Hindistana da yürüş etmişdir. Müsəlman-Türk mədəniyyətinə mənsub olan bu 4 sülalənin dövründə torpaqlarımız ən geniş sərhədlərə malik idi.

Çar Rusiyası, daha sonra SSRİ kimi dövlətərin işğalına məruz qalaraq dövlətçilik ənənəmizdən uzaq qalsaq da Sovet işğalından əvvəl, 1918-ci ildə qısa da olsa Azərbaycan Xalq Cümhuriyyətini quraraq demokratik cəhətdən nümunəvi hakimiyyət təşkil etmişdik. Elə həmin dövlətin izindən gedərək əsarətə baş qaldırıb yenidən öz müstəqilliyini qazanan Azərbaycan bu gün öz gücünü nümayiş etdirə bilir.