Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə də üzvü olduğu partiyaya əks olan faşist hətta imperialist çıxışlar edib. Seçkiqabağı kampaniyaya görə, belə avanturist çıxışlar edən Jirinovski Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğu üçün Rusiyanın iradəsi ilə hər kəsin hesablaşmalı olduğunu bildirib. Belə bir qərəzli və qıcıq yaradacaq fikirlərin səsləndirilməsi böyük etirazlarla qarşılanıb. Digər tərəfdən onun Azərbaycan xalqını və dövlətçiliyini təhqir etməsi də Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilər. Siyasi təlxəyin fikirləri nə dərəcədə qeyri-ciddi olsa da cavabsız qoyulmamalıdır. Buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi nota göndərib və nəticədə bir çox rusiyalı siyasətçi Jirinovskinin adından üzr istəyib.
Bundan başqa media orqanları da bu məsələni qabardmaqdadır. Deputat Vüqar Bayramov öz feysbuk hesabında onun qalmaqallı açıqlamasını dəyərləndirib. “O, Azərbaycan hakimiyyətini rus əsgərləri ilə təhdid edib. Artıq neçənci dəfədir ki, sərsəm-faşist ritorikasına üstünlük verən Jirinovski ölkəmizə qarşı bu şəkildə hədyan dolu çıxışlar edir. Amma bu sərsəm ritorikadan başqa heç nə deyil. Aydındır ki, Jirnovskinin sayıqlamaları Rusiyanin rəsmi mövqeyi kimi qəbul edilə bilməz və son illər iki dövlət arasında münasibətlərin, o cümlədən, iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. Ancaq bu siyasi təlxək anlamalıdır ki, bu sayıqlamaları Azərbaycanın haqq işinə xələl gətirə bilməz. Azərbaycan müstəqilliyinə təhdid ola biləcək hər addımı dəf etmək gücündədir və güclü xalq-iqtidar birliyi də mövcuddur ki, bu birliyin sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu uzun müddət işğal altında qalan torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad edərək ərazi bütövlüyümüzü bərpa edib”.
V.Bayramovun eyni zamanda qeyd edir ki, “erməni havadarları anlamalıdırlar ki, güclü Azərbaycan ordusu bu Zəfəri hər zaman qorumaq iqtidarına malikdir. Şanlı ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızı işğaldan azad edən “Dəmir Yumruq” yenə yerindədir, hər an torpaqlarımıza göz dikənləri başına endirilə bilər”.
Ümumilikdə Jirinovski parlament spikeri olmaqla Rusiya siyasətində müəyyən qədər söz sahibidir. Eyni zamanda unutmaq lazım deyil ki, o həm də partiya rəhbəridir. Beləliklə Jirinovski erməni lobbisinin və ipmerialist qüvvələrin səsini toplamaq fikrindədir. Rus siyasətçilər isə Jirinovskinin seçkidən sonra yenə də üzr istəyəcəyini praqnozlaşdırırlar.
Digər tərəfdən isə Jirinovskinin öz qərəzli çıxışlarında tez-tez türklər deməsi də Türkiyə-Rusiya münasibətlərini də korlamağa hesablanıb. Daha mühüm tərəfi isə budur ki, Jirinovskinin bu tip məqsədləri Qarabağdakı Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığına və planlara xələl gətirir. Bu isə Rusiya dövlətinin məqsədlərinə və planlarına birbaşa olaraq ziddir.
Jirinovskinin həm də SSRİ-nin yeni modelinin bərpası barədə danışması da sadəcə ağılsızlıqdır. Bu barədə onun danışıqları isə sadəcə bu nağıllara inananların səsini toplayaraq nələrəsə nail olmağa hesablanıb. Lakin Jirinovski bilmir ki, artıq o ciddi siyasətçi kimi qəbul olunmur. Belə ki, onun yığacağı səslərin də heç bir önəmi yoxdur.
Rəşad Mahmudov həkim kimi V.Jirinovskinin çox güman ki, uşaq yaşlarında ciddi travma aldığını düşünür: “Bu səbəbdən də o vaxtdan fikir və düşüncəsində, həyata baxışında anormallıq özünü büruzə verir. Əlbəttə, daim nəzərə çarpan bu çatışmazlığın həmin zədədən qaynaqlandığını özündən savayı bir kimsə etiraf edə bilməz. Bax, onun təkcə Azərbaycana deyil, bütün dünyaya püskürdüyü bu kin-küdurətin, qisasın əsasında həmin travmadan irəli gələn düşüncə kasadlığı dayanır”.