Yevgeni Mixaylov: Ermənistanın təxribatlarının motivatoru Fransa və ABŞ-dır – MÜSAHİBƏ

4 Avqust 2021 14:59 (UTC+04:00)

Atışmaların davam etdiyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinin görünən təşəbbüskarı Ermənistan tərəfidir. Ancaq bunun arxasında duran gizli qüvvə Fransa və ABŞ-dır. Beynəlxalq münaqişələr sahəsində ekspert Yevgeni Mixaylov “Moskva-Baku” portalına müsahibəsində bu qənaətlərini əsaslandırıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Hesab edirəm ki, bu vəziyyətin görünən təşəbbüskarı, əlbəttə ki, Ermənistan tərəfidir, amma gizli qüvvə, əminəm ki, Qarabağ münaqişəsinin həllindən uzaq duran Fransa və ABŞ-dır. Təsadüfi deyil ki, indi KTMT-yə Ermənistandan zənglər gəlir, təşkilat buna cavab vermir və dərhal ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin qoşunlarının cəlb edilməsi barədə danışıqlar gedir və burada digər həmsədrlərin Fransa və ABŞ olduğunu biz bilirik. İrəvan bütün təxribatları bir məqsədlə edir- sülhməramlı prosesi gecikdirmək, yeni oyunçuları tanıtmaq və prinsip etibarilə Ermənistanın əvvəlcədən razılaşmağa məcbur olduğu şərtlərlə sülh müqaviləsinin imzalanmasının qarşısını almaq.

İndi görürük ki, Paşinyan yenidən bizə necə gülümsəyir və kömək istəyir, birgə təşəbbüslər göstərir. Amma eyni zamanda, sərhəddə vəziyyət gərginləşir, Rusiya sülhməramlılarının örtüyü altında atəş açılır, Azərbaycan tərəfi buna sərt cavab vermir. Bakı Rusiya tərəfi ilə bu vəziyyətdə nə etməli olduğuna dair məsləhətləşmələr aparır. Əminəm ki, sülhməramlı prosesin qarantı olan Rusiya, ilk növbədə, yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Və İrəvan buna qarşı çıxır. Bu, münaqişə ətrafında gedən əsas oyundur.

- Paşinyan özü bu ssenarini idarə edir, digər tərəfləri münaqişəyə cəlb edir, yoxsa Fransa bu münaqişədə müəyyən mövqe əldə etmək istəyərək hərəkət edir?

- Paşinyanın hərəkətlərinin əsas moderatoru kimi çıxış edən Fransadır. Amma indi Fransanın Ermənistana təsirini aradan qaldırmaq üçün diplomatik iş aparmaq praktiki olaraq mümkün deyil. Fransadakı erməni diasporu çox güclüdür və təkcə maliyyə baxımından deyil, həm də lobbi maraqları baxımından güclüdür. Yəni, Fransa prezidenti Emmanuel Makron indi Fransanın deyil, erməni diasporunun maraqları üçün hərəkət edir.

- Bakı buna qarşı nə ilə çıxa bilər?

- Bu vəziyyətdə Bakı yalnız Moskva ilə razılaşdırılmış hərəkətlərlə buna qarşı çıxa bilər. İndi Bakı bir az səhv edərsə, İrəvan artıq digər vəzifələrini də həll edəcək. Axı biz başa düşürük ki, Ermənistan yalnız Azərbaycanın mövqelərini atəşə tutmur, onlar Bakının kardinal cavabını gözləyirlər. Və radikal cavab veriləcəyi təqdirdə, Rusiya sülhməramlıları təsadüfən zərər çəkə bilər.

Hazırda bu vəziyyətdə yeganə rıçaq Rusiya Federasiyasıdır ki, müxtəlif səviyyələrdə bütün diplomatik səylərini üçüncü şəxslərin hərəkətlərini zərərsizləşdirmək üçün edə bilər. Bu, yeganə yoldur.

Rusiyada güclü erməni diasporu da var, təbii ki, onun təsiri Ermənistanın özünün siyasi qüvvəsinin təsiri ilə müqayisə olunmazdır. Çox zəngin və nüfuzlu Rusiya diasporasının Ermənistanda belə bir vəziyyətə necə yol verdiyini anlamıram. Sadəcə, bunu qaçırdılar və indi yalnız birgə səylərlə bundan çıxmaq lazımdır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.