Əli Kərimov yenə “qotur salmış keçi kimi” qaşınır

4 Avqust 2021 14:50 (UTC+04:00)

Deyirlər, torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda isə Vətən olur. Bəli, bu 44 gün ərzində igid oğullarımız Vətən yolunda canını sipər etdi, qanları ilə bu torpağı suladı, qorudu ki, Vətən torpağını qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin, göyərsin... Çünki bu gün işğal olunan torpaqlarımızın azad olunmasında Şəhid olanlar ilk gündən bildirdilər ki, azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan Bayraqlarımızın qaldırılması yolunda Şəhid olmuruq, Şahid oluruq! Çünki bu gün bu əsgərlərimiz üçün cəbhə bir ananın oğullarının, bir bacının qardaşlarının bir olduqları döyüş meydanıdır. Çünki «Vətən üçün ölməyə dəyər!» – deyən və hər kəsə nəsib olmayan Tanrının, haqqın dərgahında olan Şəhidlərimiz sayəsində bu gün bütün evlər, eyvanlar, yollar üçrəngli Bayrağımızla bəzənib. Bax, budur Şahidlik edən oğullarımızın Şəhidliyi! Çünki Azərbaycan əsgərinin məsləki Qürurdur, Zəfərdir, Vətən torpağına üç rəngli Azərbaycan Bayrağını sancmaqdır! Bax, budur qeyrət, hünər! Siz Azərbaycanın rəşadətli, igid əsgərlərisiniz! Siz xilaskar əsgərlərimizin qanı ilə yoğrulan torpaqlarımızın xilaskarlarısınız. Çünki Qarabağ Azərbaycandır!

Ancaq Vətəni, qeyrəti, namusu olmayanlar sosial şəbəkələrdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri adından istifadə edib siyasi divident qazanmağa çalışan AXCP sədri Əli Kərimli kimi bir satqının Şəhidlərə "şahidlik" etməsi cinayətdir. Çünki Əli Kərimlidə xalq, Vətənlə bağlı heç bir mənəvi dəyər qalmayıb. Bu cür dəyərsiz insanların sözü də dəyərsiz olur. Və bu dəyərsiz, mənəviyyatsız, daha doğrusu, əxlaqsız Əli Kərimli artıq demədiyi böhtanlar qalmadığını görüb, yenə də sosial şəbəkələrdən Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək cəmiyyətdə çaşqınlıq yaratmağa çalışır. Guya ki, bu kateqoriyadan olan insanlara cəmiyyətimizdə biganə münasibət var, dövlətin onlar üzərində heç bir qayğısı və diqqəti yoxdur. Artıq bu korluq və karlıqdır. Elə buna görə də Əli Kərimlinin bu yalanları ilə bağlı sosial şəbəkələrdə ardıcıl olaraq böyük təpkilər başlayıb.

Belə ki, sosial şəbəkə istifadəçisi Vüsal Hacıyev bildirir ki, AXCP yarandığı gündən Əli Kərimli kimi simasını itirmiş birinə görə o partiyada adam qalmayıb: «Elə bu günlərdə AXCP-nin ən aktiv fəallarından sayılan Fatimə Hüseynova partiyadan istefa verib. Bu, partiyada ilk istefa xəbəri deyil. Çox güman, sonuncu da olmayacaq. Görünür, xarici havadarlarının və aldığı qrantların hesabatını vermək üçün Əli Kərimov yenə «qotur salmış dana kimi» qaşınır... Yaddaşın pozulubsa, 1990-cı il hadisələrini görmüş insanlar hələ də yaşayır. İstifadə etdiniz, hakimiyyətə gəldiniz. Az qalmışdı ki, Azərbaycan kimi bir ölkəni darmadağın edəsiniz. Yaxşı ki, Heydər Əliyev hakimiyyətə gəldi, dağıtdığınızı nəinki bərpa etdi, Azərbaycanı bütün dünyaya tanıtdırdı. Heydər Əliyevin qurub yaratdığını davamçısı İlham Əliyev daha da çiçəkləndirir... Mən də bir Qarabağ döyüşçüsü kimi sizə xəbərdarlıq edirəm. Bizim adımızdan bir daha istifadə etsəniz, dünyanın hegemon dövlətləri iqtisadi və siyasi tənəzzülə uğradığı bir vaxtda Azərbaycanda stabilliyi qoruyub saxlayan ölkə başçısı, Ali Baş Komandanın sadiq əsgəri kimi məni və mənim kimi minlərlə döyüşçünü qarşında görəcəksən».

Bir sözlə, Vətənini sevən gənclər Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək antitəbliğat aparmağa cəhd edən Əli Kərimlini elə peşman etdilər ki... Sosial şəbəkələrdən istifadə edən ictimaiyyət nümayəndələri bu dəfə də dövlətin yanında olduqlarını, cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini sübut etdilər. Sübut etdilər ki, cari ilin yanvar ayının 25-də imzalanmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu Sərəncam çoxsaylı ailələrə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməklə onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaq.

Və hər kəs Vətəni yolunda şəhid və qazi olanların valideynləri qarşısında baş əyir, fəxr edirik. Fəxr edirik ki, şərəflə qorudunuz Vətəni! Şərəflə qorudunuz Vətənin qeyrətini, torpağı Vətən etdiniz, Vətəni bütöv etdiniz. Hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir. Çünki bu torpaqlar şəhid qanı ilə yoğrulan - Qarabağ Azərbaycandır!

RƏFİQƏ