"Azərbaycanın referenduma gedəcək vaxtı yoxdur" - MÜSAHİBƏ

4 Avqust 2021 10:32 (UTC+04:00)

SİA Azərbaycan naminə və Alyans partiyasının sədri Abutalıb Səmədovun müsahibəsini təqdim edir:

- Millət vəkili Eldəniz Səlimov mövzusu bir neçə gündür ki, gündəmi zəbt edir. Milləti təmsil edən insanın belə bir hərəkət etməsini necə dəyərləndirirsiniz?

- Bu gizlin deyil ki, xalqda bəzi deputatlara inamsızlıq var. Həmin deputatlar haqqında rəy o qədər də yaxşı deyil. Bu cür davranışlar əvvəl də olub. Bəzi millət vəkilləri özlərinə rəva bilirlər ki, xalq arasında onlara sevgi, inam azalsın. Hesab edirəm ki, baş verənlər hər kəs üçün dərs olmalıdır. Deputat özünü hər kəsdən sadə aparmalıdır. Yekəxanalıq etməməli, ümumiyyətlə, zorakılığa əl atmamalıdır. Təbii ki, biz insanıq. Bəzən provakasiyaya məcbur oluruq. Lakin bu zaman belə qanunauyğun şəkildə hərəkət etmək lazımdır. Millət vəkili ən zəif insanın hüququnu qorumağa borcludur. Yəqin ki, günahsız olması haqqında düşüncə olsaydı Milli Məclisin deputatları toxunulmazlığının götürülməsinə səs verməzdi.

- Son vaxtlar sosial şəbəkələrdə və portallarda referendum keçirilməsi ilə bağlı xəbərlər yayılıb. Eyni zamanda parlamentin buraxılması ilə bağlı xəbərlər nə dərəcədə inandırıcıdır?

- Hesab edirəm ki, bu informasiyanı yaymaq daha çox oxucu yığmaq üçün edilir. Reallıqla heç bir əlaqəsi yoxdur. Parlament yeni formalaşıb. Haqqında təbiidir ki, əhalinin bir hissəsi tənqidi düşünsə də, qısa müddətdə seçilmiş parlamenti buraxmaq və seçkilər keçirmək düzgün deyil. Cənab Prezident 2018-ci ildə keçirilmiş seçkilərdə açıq-aydın dedi ki, mənim proqramım islahatlar proqramıdır. Lakin, indi Azərbaycanın referenduma gedəcək vaxtı deyil. Bu cür informasiyanın yayanlar diqqətli olmalıdırlar. Bizim həll etməli olduğumuz isə başqa məsələlərimiz var.

- Peyvəndlənmə ilə bağlı "qara piyar" başladılıb. İnformasiyalar yayırlar ki, bu vaksinin müəyyən fəsadları olacaq. Sanki kimlərsə bizim bu kritik vəziyyətdən daha gec çıxmağımızı istəyir. Bu iddialar nə qədər inandırıcıdır?

- Bu cür iddialara ilk növbədə mütəxəssislər cavab verməlidir. Bütün dünya çalışır ki, peyvəndlənmə prosesi qısa müddətdə həyata keçirilsin. Bu vaksinlərin hansının yaxşı olması haqqında müzakirələr var. Mən də peyvənd olunmuşam. Dünyanın əksər ölkələrində vaksin üçün növbəyə dayanırlar. Burada mütəxəssislər susmamalı, bu haqda ətraflı məlumat verməlidirlər. Düşünürəm ki, hər kəs mütləq şəkildə vaksinasiya olunmalıdır. Xüsusilə "delta" ştammı təhlükəsinə qarşı qorunmaqda effektivdir. Sağlam şəxslər belə bu xəstəliyə görə həyatını itirdilər. Həkimlər bu məsələdə çox fəal olmalıdır.

- Rusiya Dövlət Dumasının deputatı LDP-nin sədri Vladimir Jirinovski Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirib. Jirinovski niyə bu fikirləri səsləndirdi?

- Açıq demək lazımdır ki, Jirinovski bütün fəalliyəti boyu belə fikirlər səsləndirib. Ümumiyyətlə, bütün dünya Jirinovskini təlxək hesab edir. Heç kəs onu ciddiyə almır. Fəaliyyəti boyu bütün bu bəyanatları səsləndirib. İndi çox böyük bəyanatlar imzalanır. Azərbaycan kifayət qədər müstəqil siyasət yeridir. Jirinovski Rusiyanın deputatıdır. Rus siyasətçilər Jirinovskidən fərqlənmirlər. Sadəcə, digərləri fikirlərini daha örtülü şəkildə ifadə edirlər. İndiyə qədər Jirinivskinin bəyanatlarına əhəmiyyət verilmirdi. Son bəyanatı bütün hüdudları keçdi. Biz Rusiya dövlətindən tələb edirik ki, Jirinovskinin ayağı bağlasın. Bu fikirdən Rusiya hakimiyyəti məsuliyyət daşıyır.

- Jirinovskinin fikirləri Azərərbaycanla Rusiya arasındakı münasibətlərdə nəbzi yoxlamaq xarakteri daşımır ki?

- Hesab etmirəm ki, Jirinovski kimi avantürüs adam Kremilin səsi ola bilər. Ançaq çox təəssüf ki, hakimiyyətdə olanlarla Jirinovskinin danışıqları bəzən üst-üstə düşür. Ona görə belə təsəvvür yaranır ki, Putinin deyə bilmədiyini Jirinovski deyir. Çox təəssüf ki, Jirinovskinin səsləndirdiyi bir çox fikirlər Kremlin səsidir. Jirinovski şovonist kimi danışır. Lakin rusların çoxu da şovonistdir. Açıq demək lazımdır ki, Rusiya bir müddət demokratiya yolu tutdu. Rusiya Qərbə doğru istiqamətləndikdə sonu parçalanmadır. Qərbə qarşı getdikdə isə iqtisadiyyatı çökür. Onlar Qərbə qarşı hərəkət etməkdə məqsəd Rusiyanın parçalanmasının qarşısını almaqdır. Bu cür dövlərlərin qalmağı çox çətindir. Rusiya günü-gündən gücünü itirir. Jirinivskinin bu bəyanatı ictimai rəyi yoxlamaq xarakteri daşıyır.