Parlament niyə buraxılmamalıdır? ANALİTİK+AKTUAL

3 Avqust 2021 13:04 (UTC+04:00)

Yaxud, uğursuzların əlinə düşən “ideya” girəvəsi

Ölkəmizdə qanunların aliliyi hər kəsə aiddir və bu aliliyin sübutu bütün mənalarda özünü sübuta yetirməkdədir. Bu mənada, Eldəniz Səlimov adlı deputatın (yazı hazırlanarkən, Milli Məclisdə onun toxunulmazlığının aradan qaldırılması ilə bağlı iclas keçirilirdi) ətrafında mövcud olan hadisələr fonunda məhz müxalifət cinahından olan əsassız tələblər ümumiyyətlə, hər hansı bir məntiqə sığmayan bir haldır.

Yəni, hazırkı dövrə qədər istər Milli Məclisin nizam-intizam komissiyasında, istərsə də bütövlükdə parlamentdə təmsil olunmalarına baxmayaraq, qanunsuzluqlara yol verən deputatlar barəsində ciddi tədbirlər görülüb. Bu hadisə də eyni məzmundadır və Eldəniz Səlimovun qanunsuz hərəkətləri istər cəmiyyətdə, istərsə də parlamentdə sərt şəkildə qınanılıb və qınanılır. Lakin...

Bir şəxsin suçu üzərindən bütöv bir parlamentin buraxılması kimi mənasız tələbin irəli sürülməsi dünyada analoqu olmayan bir haldır

Lakin özlərini müxalifət adlandıran bir bəlli qrupun dərhal “parlament buraxılmalıdır”, “referendum keçirilməlidir” tipli səs-küy qaldırmaları artıq belə deməyə zəmin yaradır ki, bir şəxsin suçu üzərindən bütöv bir parlamentin buraxılması kimi mənasız tələbin irəli sürülməsi dünyada analoqu olmayan bir haldır. Yəni bu günə qədər heç bir parlament hər hansı bir deputatın qanunsuz əməlinə görə buraxılmayıb və referendum keçirilərək yeni parlament tərkibi müəyyənləşdirilməyib.

Parlament o zaman buraxılır və yenidən referendum vasitəsi ilə müəyyən edilir ki, bu qanunverici orqan öz işinin öhdəsindən gələ bilməsin, müvafiq tələblərə uyğun fəaliyyət göstərmək imkanları məhdud olsun. Xalqın, seçicilərin maraqlarından çıxış etməsin və s.

Məgər bu addımın özü demokratik mühitin, eyni zamanda, şəffaflığın göstəricisi hesab edilə bilməzmi?

Öncəki parlamentin fəaliyyətinə nəzər salarkən, onun buraxılaraq növbədənkənar seçkilərin keçirilməsi vasitəsi ilə tərkibinin yeniləşməsini buna sübut kimi göstərə bilərik. Özü də bunu xalq deyil, məhz əvvəlki parlamentin deputatları tələb etmişdilər. Məgər bu addımın özü demokratik mühitin, eyni zamanda şəffaflığın göstəricisi hesab edilə bilməzmi? Yeni parlamentə səs çoxluğu qazanan namizədlər düşdülər, fəaliyyətlərində səmərə olmayan şəxslər isə deputat kürsüsündən kənarda qaldılar.

İndi bəlli qrupların ortalığa çıxmaqla və əhəmiyyətsiz bir mövzunu gündəmə gətirməklə suyu bulandırmaq cəhdləri arxasındakı məqsədləri də, əslində, aydındır – Qərbdəki havadarlarının bu məsələdən verdikləri sifarişlərini icra etmək, sabitliyi pozmağa yönəlmiş istənilən qarayaxma addımlarını atmaq və s. Özü də postmüharibə dövründəki həssas bir məqamda. Bu gün dövlətin və xalqın daha vacib işləri var – azad edilmiş torpaqların dirçəldilməsi, qayıdış planlarının icrası, yerdə qalan problemlərin həlli və daha nələr və nələr..! O cümlədən, bu gün Azərbaycan parlamentinin də sözügedən siyasətin həyata keçirilməsində mühüm yeri və rolu mövcuddur. Bir çox xarici ölkə parlament nümayəndələrinin Azərbaycana dəvət olunmaları, işğaldan azad edilmiş torpaqlarımıza edilən səfərlər, həmçinin, ölkəmizin maraqlarının xarici ölkələrin ali qanunverici orqanları səviyyəsində təbliği. Bu kimi siyahıları uzatmaq da olar. Ancaq qanunların tələblərini kobudluqla pozan, deputatlıq mandatından sui-istifadə edən bir şəxsin – Eldəniz Səlimovun səhvi üzündən bütöv bir parlamentin buraxılmaqla referenduma verilməsi absurddur!

Torpaqlarımızın işğala məruz qaldığı dönəmlərdə kürsü davası döyən, siqareti-siqaretə calayaraq oranı gecə barına çevirən həmin şəxslərin indi durub parlament nümunəsindən danışmaları çox gülünc görünür

Maraqlıdır ki, bu gün parlamentin fəaliyyətinə xitam verilməsini və refrendumun keçirilməsini ağızdolusu tələb edənlərin özlərinin hakimiyyətləri zamanında bu ali qanunverici qurum, sözün əsl mənasında, bazara dönrədilmişdi və həmin zamanların görüntüləri bu gün də arxivlərdə qalmaqdadır.

Dövlətin ağır vaxtlarında, torpaqlarımızın işğala məruz qaldığı dönəmlərdə kürsü davası döyən, siqareti-siqaretə calayaraq oranı gecə barına çevirən həmin şəxslərin indi durub parlament nümunəsindən danışmaları çox gülünc görünür. Əbəs deyil ki, xalq vaxtında onları süpürərək bir kənara atdı və kürsü dərdi çəkənlərin dərsini verdi. İndi görünür, bu adamların yadlarına yenidən həmin vaxtları düşüb və qeyri-ciddi ideyaları ilə özlərindən oyunbazlıqlar qururlar. Bu isə keçməyəcək. Bəli, günahkar varsa, cəzası da var və bu cəza qanunla müvafiq qaydada həyata keçirilir, bundan sonra da belə olacaq. Artıq nə zaman həmin zamandır, nə də zamanın tələbləri belə uğursuz “ideyalarla” cavab verir...

Rövşən RƏSULOV