“Kremlin təlxəyi” layiq olduğu “qulaqburmanı” alacaq” - ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

3 Avqust 2021 11:20 (UTC+04:00)

“Vladimir Jirinovskini dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da haqlı olaraq “təlxək” hesab edirlər. Bu səbəbdən onun səsləndirdiyi bəyanatlara heç vaxt əhəmiyyət verilməyib”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

A.Səmədov mövcud reallıqlara əsaslanaraq bildirdi ki, hamının ciddi fiqur saymadığı bu zat Rusiyanın ən nüfuzlu siyasətçilərindəndir və müstəqillik dövründə parlamentdə daim fraksiyası olan bir partiyanın sədridir: “Üstəlik, onun bu dəfə səsləndirdiyi fikirlər mütləq kəskin reaksiya verilməsini tələb edir. Özü də təkcə bizim tərəfimizdən yox. Dünyanın iri dövlətləri, nəhayət, həm Rusiyanın davranışına, həm də bu cür avantüristlərin “sərsəmləmələrinə” layiq olduğu qiyməti verməlidirlər.

Bu səbəbdən, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya nota verməsini vaxtında atılmış, düzgün addım hesab edirəm və inanıram ki, qonşu dövlət bu addımı düzgün qiymətləndirəcək, “Kremlin təlxəyi” layiq olduğu “qulaqburmanı” alacaq”.

A.Səmədov onu da bildirdi ki, V.Jirinovski “Cənubi Qafqazın Rusiyanın təsir zonasına daxil olduğunu” iddia edir: “Çox təəssüf ki, qərb ölkələri də bu cür düşünürlər və bu təhlükəli yanaşma Rusiyanın əl-qol açmasına imkan verir. Hesab edirəm ki, NATO bu məsələdə qəti mövqe tutmalı və ruslara anlatmalıdır ki, nə Cənub Qafqaz, nə də Ukrayna Rusiyanın istəyi ilə oturub-durmayacaq və rusların bu ölkələrin suverenliyinə müdaxilə cəhdləri ciddi şəkildə cəzalandırılacaq. Sülhməramlılara münasibətdə Azərbaycan həmişə kifayət qədər müdrik mövqe tutub. Xırda məsələlərə səbrlə yanaşaraq, prinsipial məqamlarda bizim tələblərimizin icra edilməsinə nail olmuşuq. O da etiraf olunmalıdır ki, bəzi insidentləri çıxsaq, həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi onların fəaliyyətini məqbul qiymətləndiriblər. Bu səbəbdən, sülhməramlılarla bağlı kiminsə Azərbaycan rəhbərliyinə xəbərdarlıq etməsinə ehtiyac yoxdur və heç kim belə bir “xəbərdarlıq” etmək “cəsarətini” göstərə bilməz. Əgər hansısa dövlətin başçısı tərəfindən belə bir cəhd olsa ən kəskin cavabının veriləcəyinə əmin ola bilər. Bu həqiqəti həm “siyasi təlxəklər”, həm də Azərbaycan daxilində olan bəzi qüvvələr anlamalıdırlar. Son vaxtlar Azərbaycan haqqında çoxlu xoş bəyanatlar verən bu təlxəyi bu cür danışmağa nə vadar edir? Birinci növbədə, Azərbaycanın artan gücü və nüfuzu. İkincisi, Türkiyənin addım-addım Cənubi Qafqaza nüfuz etməsi və bu reallığın hamı tərəfindən, o cümlədən, Rusiya rəhbərliyi tərəfindən qəbul edilməsi. Nəhayət, “İslamabad bəyannaməsindən” sonra “Şuşa” və “Bakı” bəyannamələrinin imzalanması dünyada çoxlarını narahat edir və bu cür avantüristlər onların öz aralarında danışdıqlarını səsləndirərək qeyri-ciddi, marginal siyasətçi olduqlarını və qarşılarına ciddi hədəflər qoymadıqlarını nümayiş etdirirlər. Bir şey aydındır. Bu cür cəhdlər bundan sonra da olacaq, ancaq bədxahlarımızın bizə qarşı yönələn bütün addımları heç bir nəticə verməyəcək”.