Vətəndaş-məmur münasibətləri necə olmalıdır? - DEPUTAT AÇIQLADI

3 Avqust 2021 10:47 (UTC+04:00)

“İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, xalqın bir nömrəli xidmətçisi elə mən özüməm. Əslində bu sözlərin özü birbaşa bütövlükdə dövlət məmuruna bir mesajdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, məmurlar, ictimai-siyasi xadimlər vətəndaşları dinləməli, onların müraciətlərinə həssaslıqla yanaşılmalı və onlara edilən müraciətlərin həlli yolunda addımlar atılmalı, vətəndaş-məmur yaxınlığını təmir etməlidir: “Bu eyni zamanda hər birimizin qarşısında bir tələbdir ki, insanlarla, vətəndaşlarla maraqlanmaq, onların arasında olmaq və vətəndaş-məmur münasibətlərini daha da yaxınlaşdıraq. Cəmiyyətin istənilən təbəqəsində bu gün də qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilməyən, o cümlədən də tutduğu vəzifədən sui-istifadə edənlər və vəzifəsindən şəxsi mənafeyinə xidmət edənlər də var. Amma bunu bütövlükdə məmur ordusuna aid etmək olmaz. Çünki Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən də kadr islahatları onu göstərir ki, kadrlar çox şeyi həll edir. Kadrlar xüsusilə son dövrdə cənab Prezident tərəfindən aparılan islahatlar bunun bariz nümunəsidir. Bu o demək deyil ki, məhz vətəndaşlarla münasibətlərin tənzimlənməsi və onlarla münasibətlərin düzgün qurulması prosesi məhz qanunlarla həyata keçirilməlidir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, istər dövlət məmuru olsun, istərsə də ictimai-siyasi xadimlər bütövlükdə sadə vətəndaşlara nümunə olmalıdırlar: “Amma yolunu azmış, vəzifəsindən sui-istifadə edənlərə qarşı da əlbəttə ölkəmizdə cənab Prezidentin tapşırığı əsasında onlara qarşı mübarizə aparılır. Məmur vətəndaşlarla münasibətləri tənzimləyə bilməyən, qarşıya qoyulan vətəndaş-məmur münasibətlərinə vəzifəsindən sui-istifadə edərək xələl gətirən insanlarla mübarizə aparılır. Azərbaycan hüquqi dövlətdir və hüquq çərçivəsində onlara qarşı intizam tədbirləri görülür və ya digər tədbirlər həyata keçirilir. Cənab Prezident bütövlükdə məmur ordusu qarşısında, ictimai-siyasi xadimlər qarşısında bu məsələlərlə bağlı dəfələrlə öz xəbərdarlığını edib və buna qarşı da ölkəmizdə mübarizə aparılır”.

Arzu Qurbanzadə