“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Bərdədə keçirilib FOTO

2 Avqust 2021 15:59 (UTC+04:00)

AFFA-nın, Yelo Bank-ın və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 2 avqust 2021-ci il tarixdə Bərdə rayonunda keçirilib.

SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 44 gün davam edən Vətən Müharibəsində torpaqlarımız işğaldan azad edildikdən sonra bu layihə üzrə növbəti tədbir müharibə zamanı düşmən tərəfindən ən şox atəşə, dağıntılara məruz qalan rayonlardan biri olan Bərdə rayonunun Əyricə kəndində keçirilib. Tədbirdə bu və qonşu Yeni Əyricə, Nəcəfqulubəyli, Kərimbəyli kəndlərindən ümumilikdə 50 məktəbli uşaq iştirak etmişdir. Təədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, 93 saylı Bərdə şəhər Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat Fatma Yıldırım, Milli Məclisin deputatı Sabir Hacıyev və rayon ictimayətinin nümayəndələri iştirak edib. Tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev, Fatma Yıldırım və Sabir Hacıyev çıxış edərək cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və Ermənistan üzərində tam və qəti qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsinin Tarixi əhəmiyyətini və hazırda işğaldan azad olunmuş ərazilərdə Böyük Qaydış Proqramı üzrə aparılan geniş miqyaslı tikinti quruculuq işlərini qeyd ediblər. Tədbirdə çıxış edənlər eyni zamanda bölgələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd ediblər.

Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.