"Azərbaycan və Türkiyə qədər bir-birinə dəstək verən iki dövlət yoxdur" - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

2 Avqust 2021 15:04 (UTC+04:00)

“Azərbaycan və Türkiyə Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi bir millətin, iki dövlətidir. Bu millətin, bu xalqların dövlət rəhbərlərinin həmişə bir-birinin yanında olması, bir-birinin istənilən platformada dəstəkləməsi təbii haldır”. Bu sözləri SİA-ya açıqlamasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, dəstək verən, güvənən iki dövlət yoxdur: “Azərbaycanın çətin günlərində Türkiyə həmişə Azərbaycanın yanında olub və Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Ermənistanla diplomatik əlaqələri qurmayıb, sərhədlərini Ermənistana açmayıb. Bütün platformalarda Türkiyə rəhbərliyi və parlamenti Azərbaycanın haqq işini dəstəkləyib və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük zəfər müharibəsində də istər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, istərsə də bütövlükdə Türkiyə xalqı mənəvi və siyasi dəstək verməklə bu qardaşlığımızı bir daha sübut etmiş oldular. Eyni zamanda cənab Prezident İlham Əliyev də həmişə bütün siyasi platformalarda Türkiyəni dəstəkləmişdir və Türkiyəyə qarşı yönələn bütün təzyiqlərə Azərbaycan öz dövləti kimi cavab vermişdir. Bu gün də Türkiyədə baş verən böyük meşə yanğınları ola bilsin ki, həm də ekoloji terrordur. Təsadüfi deyil ki, bu yanğınlar zamanı Türkiyəyə ilk və əsaslı şəkildə yardım əlini uzadan Azərbaycan oldu. Azərbaycanın yanğınsöndürənləri bu gün Türkiyədə həqiqətən də böyük qəhrəmanlıq göstərirlər. Göndərilən bütün həm humanitar, həm də texniki yardımlar, xüsusilə Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğının qarşısının alınmasında böyük köməklik göstərib. Bu da həm türk mediası, həm türk ictimaiyyəti, həm də Türkiyə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, heç şübhəsiz ki, bizim bu münasibətlərimiz bundan sonra artan, inkişaf edən xətlə davam edəcəkdir: “Bu bizim milli-mənəvi birliyimizi daha da yaxınlaşdıracaqdır. Şuşa bəyannaməsinin qəbul olunması bizim qarşıdakı uzun illər ərzində iqtisadi, siyasi, diplomatik, mədəni. Humanitar və digər sahələrdə əməkdaşlığımızı daha da gücləndirəcəklər. Heç şübhəsiz ki, bu gün regionda iki söz sahibi olan qardaş ölkələr Azərbaycan və Türkiyə həm regionun, həm də öz ölkələrinin inkişafı üçün böyük işlər görməyə qadirdilər. Yanğın əlbəttə ağır ekoloji, humanitar fəlakətdir. Amma buna baxmayaraq Azərbaycanın hər bir əməkdaşı bu gün Türkiyəyə istənilən səviyyədə maddi, mənəvi cəhətdən köməklik göstərməyə hazırdır. Hələ ki, Azərbaycanın 500-ə yaxın yanğınsöndürəni orada böyük qəhrəmanlıqla mübarizə aparır. Gərəkərsə, istənilən texiniki, insan yardımı göstərə bilərik”.

Arzu Qurbanzadə