Çox yersiz filmlər ərsəyə gətirirlər - NARAZILIQ - SORĞU

2 Avqust 2021 13:29 (UTC+04:00)

2 avqust Azərbaycan Milli Kino Tarixinin yaranmasından 123 il ötür. Müasir dövrdə də kino tariximizin inkişafı gözlər qarşısındadır. Milli kinomuzla bağlı SİA paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb.

Paytaxt sakini Nüşabə Xəlilova: “Mən də bütün kinorejissorlarımızın, aktyorlarımızın, aktrisalarımızın peşə bayramını təbrik edirəm. Filmlərimizlə bağlı onu deyə bilərəm ki, bizim keçmiş filmlərimiz indiki filmlərimizlə müqayisədə daha gözəl idi. Keçmiş filmlərimizin demək olar ki, hamısını izləmişəm. İndi ki, filmlərimizlə bağlı çox da məlumatım yoxdu və fikirlərimdə çox azdı. Pandemiyadan qabaq bir neçə filmə kinoteatrlarda baxmışam. Yəni indiki filmlərimiz də pis deyil amma mənim fikrimcə, keçmiş filmlərlə müqayisə etsək keçmiş filmlərimiz daha gözəldi”.

Paytaxt sakini Mahir Məmmədov: “Keçmiş filmlərimizlə indiki filmlərimiz arasında çox fərqlər var. Mən onu deyim ki, mənim öz qızım da aktrisalıq fəaliyyəti ilə məşğuldu. O da bir çox filmlərə və seriallara çəkilib. Amma onu deyə bilərəm ki, həm qızımın çəkildiyi, həm də digər filmləri o qədər də bəyənmirəm. Keçmiş filmlərdə həyatın mənası və yüksək əxlaq tərbiyə var idi. Amma indiki filmlərimizdə onlar yoxdu. Onu deyə bilərəm ki bizim keçmişdə korifey sənətkarlarımız - Siyavuş Aslan, Nəsibə Zeynalova və başqa dəyərli sənətkarlarımız var idi. Amma indiki aktyorlarımızdan heç kəsi tanımıram”.

Paytaxt sakini Mətanət Vəliyeva: “Milli kinomuzla bağlı səmimi fikirlərim ondan ibarətdir ki, keçmişdəki filmlərimizin qayıtmasını istəyərdim. O zamankı filmlərimizlə indiki filmlərimizi müqayisə etsək o zaman ki dövrdə səmimilik, gözəl aktyorluq və mehribançılıq var idi. Amma indiki filmlərimizdə onlar yoxdu. Ssenari cəhətdən çox zəif, tanınmamış təhsili olmayan aktyorlar və keyfiyyət olmayan filmlərimiz var”.

Paytaxt sakini Ceyhun Məmmədli: “Kinomuzla bağlı fikirlərim ondan ibarətdir ki, keçmiş filmlərimiz daha gözəl və baxımlı idi. Müasir filmlərimiz də var və izləmişəm. Bu filmlər “Oğlan evi” və “Ağanatiq” filmidi. Amma keçmiş filmlərimizin demək olar ki hamısını izləmişəm bu filmlər “Qaynana”, “Bir Qalanın Sirri” və digər Azərbaycan filmləridi. Bir daha bu sənətdə çalışan hər bir kəsin bayramını təbrik edirəm”.

Paytaxt sakini İra Mustafayeva: “Keçmiş filmlərimizi mən daha çox sevirəm və bəyənərək dəfələrlə izləyirəm. İndi müasir filmlərimizi o qədər də bəyənmirəm. Sözün açığını desəm daha çox yersiz filmlər ərsəyə gətirirlər. Amma keçmiş filmlərimizdə təbliğ edilən vətənpərvərlik, dostluq, ailə dəyərləri və bunun kimi bir çox dəyərlərimiz indi filmlərimizdə yoxdu”.

Paytaxt sakini Elçin Hüseynbəyli: “Mən əvvəlcə bütün kino içtimaiyyətini təbrik edirəm. Mən özümdə kino sahəsinə yaxın bir adam olaraq bütün aktyorların və rejissorların peşə bayramını fərdi qaydada təbrik edirəm. Kinolarımız dəyişir yəni zaman keçdikcə kinolarımızın mövzusu, aktyorlarımız, texnika dəyişir. Keçmiş filmlərimizi nəzərə alsaq, onu deyə bilərəm ki, keçmiş filmlərimiz indiki filmlərimizə görə daha gözəl, şən və maraqlı idi”.

Ziya Hikmətoğlu