Ermənilərdən məntiqli təklif…

2 Avqust 2021 13:12 (UTC+04:00)

Daha bu dərəcədə də yox də… Deyirsiniz ki, bu gün Nikol və komandası mahiyyətcə dövləti məhv etməyə start veriblər. Sonra da deyirsiniz ki, guya Nikol gördüyü işinə irad tutanlara kompensasiya ödəyir. Soruşanda ki, kompensasiya ödəmək üçün bu “binəva” baş nazirdə sərmayə haradandır, deyirsiniz ki, köhnə hakimiyyətdə olanlardan qalıb. Yenə də deyirik… daha bu dərəcədə də yox də…

Ayə, bu nə təhər olur? Gah deyirsiz ki, Serjiklə Robert hakimiyyətdə olarkən ölkəni kor qoymuşdular, yəni Ermənistanın duzuna qədər basıb yemişdilər. İndi də deyirsiniz ki, onların imkan tapıb basıb yeyə bilmədiklərini, hazırda Nikol özünü şirin salmaq üçün “onun işinə irad tutan bəzi ermənilərə” paylayır.

Deyirsiniz ki, bu gün ruslar Nikolun yeni təşəbbüsü ilə razılaşsalar, onda Ermənistan sərhədlərini onlar qorumuş olacaqlar. Əvvəl dediklərinizi indi danıb, sual da cıxarırsınız ki, belə olan halda, ümumiyyətlə, erməni ordusuna ehtiyac varmı?

Doğrudan a… bu heç mənim yadıma düşmürdü.

…Təbii ki, Ermənistan ordusu da olacaq, onun “qəhrəman ermənilərdən” tərtıb olunmuz əsgər və zabitləri də, amma çox az miqdarda. Elə həsrətlə can atdığınız Avropanın inkişaf etmiş ölkələri, məsələn elə, Lixtenşteyndə olduğu kimi: 5-10 nəfərlik bir ordu. Özünüz belə istəyirdiniz ki, “…az, amma çox güclü” bir ordu. Ermənistana xaricdən qonaq-qara gələndə, qonşu ölkələrə “gözdağı” vermək üçün zabitlərinizdən bir neçəsini geyindirib, keçindirib baş nazirin yanında oturdacaqsınız ki, “sizi istəməyənlərin baxıb bağırları çatlasın”.

Təəssüflər ki, Nikol hələ ki, Ermənistanı Qafqazın Sinqapuruna çevirə bilməyib. Amma bunun nə vaxtsa həyata keçəcəyinə ümid edə bilərsiniz. Çünki Paşinyan dediklərini yelə verən ermənilərdən deyil…

…Amma buna baxmayaraq, yenə də Nikola qarşı tənə yağdırmağa davam edirsiniz. Onun Azərbaycanın Naxçıvan və Türkiyə ilə əlaqəsi üçün tranzitin açılmasının vacibliyini xatırladıb, bu tranzitin sadəcə yollar deyil, dəhlizlər olacağını bildirirsiniz. Təbii ki, burada sizləri yandıran açılacaq dəhlizin yol və ya tranzit olması deyil, sizləri yandıran bu yollara nəzarətin ruslara həvalə edilməsi ehtimalıdır.

Amma bu gün çoxlarına məlum olan sualların cavabını bildiyiniz halda, onları yenidən təkrarlamanız, heç xoşuma gəlmir. Məsələn, deyirsiniz ki, bir halda, ruslar bizsiz Ermənistanın təhlükəsizlik problemlərinin öhdəsindən mükəmməl şəkildə gələcəklərsə, onda Ermənistanın Xarici İşlər Nazirliyini nəyə lazımdır?

Doğrudan a…mən heç bunu da fikirləşməmişdim.

Amma sizin aranızda olanlardan bəzilərinin Ermənistan Xarici İşlər Nazirliyinin səlahiyyətlərinin rusların Xarici İşlər Nazirliyinə həvalə etməyin məntiqli olması barədə təklifini mən də dəstəkləyirəm.

…Əslində, görünən dağa nə bələdçi…

Ağasəf Babayev