"MEDİA Agentliyi bu tip təlimləri sistemli şəkildə quracaq" - MEDİA EKSPERTİ AÇIQLADI

2 Avqust 2021 12:50 (UTC+04:00)

"Azərbaycan Ermənistan ilə münaqişə vəziyyətindədir. Bundan əlavə, Azərbaycanın yerləşdiyi region ümumilikdə münaqişələrlə zəngindir". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, jurnalistlərimiz tez-tez münaqişə bölgələrinə səfər edərək, reportajlar hazırlayırlar, münaqişə bölgələrindən operativ xəbərlər verirlər: "44 günlük müharibə də göstərdi ki, düşmən tərəfi heç bir standartı gözləmir, beynəlxalq qanunlara hörmətlə yanaşmır. Beynəlxalq qanunları pozaraq jurnalistləri də atəşə tuturlar. 44 günlük müharibə dövründə AzTV, İTV telekanalarının, digər KİV qurumlarının əməkdaşları dəfələrlə atəş altına salındılar, yaralandılar, xəsarət aldılar. Sonra isə iki həmkarımız - Sirac Abışov və Məhərrəm İbrahimov mina partlayışı qurbanı oldular. Onlar şəhidlik zirvəsinə yüksəldilər. Bu baxımdan Azərbaycan jurnalistlərinin təhlükəsizlik təlimləri keçməsi, təhlükəsizlik qaydalarını bilmələri zəruridir".

Müşfiq Ələsgərli sözlərinə davam edərək həmçinin qeyd edib ki, jurnalistlər qaynar nöqtələrdən xəbər hazırlamaqla yanaşı, öz təhlükəsizliklərini də qorumağı bacarmalıdırlar: "Təqdiredici haldır ki, MEDİA Agentliyinin və ADA Universitetinin təşkilatçılığı ilə son vaxtlar KİV təmsilçiləri üçün çoxsaylı təlimlər keçirilir. Bu təlimlərin mövzuları müxtəlifdir, Azərbaycan KİV təmsilçilərini dünya media trendləri ilə tanış etmək məqsədi daşıyır. Sonuncu təlimlər isə təhlükəsizlik mövzusuna həsr edilib. Təlimlərin təşkilini təqdir etməklə yanaşı, onların davam etdirilməsini, daha intensiv hal almasını da zəruri sayıram. İnanıram ki, MEDİA Agentliyi KİV-lərin dinamik inkişafına uyğun olaraq, bu tip təlimləri sistemli şəkildə quracaq".

Arzu Qurbanzadə