Rasim Quliyev: "Jirinovski yalandan ortaya atılmış bir fiqur sayılır" - VİDEO

2 Avqust 2021 10:52 (UTC+04:00)

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə çıxışı ilə gündəmə gəlib. Jirinovski çıxışında Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğu üçün Rusiyanın iradəsi ilə hər kəsin hesablaşmalı olduğunu bildirib.

Xatrıladaq ki, hələ bir müddət bundan öncə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Naxçıvanı “erməni torpağı” adlandırmışdı. Onun bu sərsəm açıqlaması da narazılıq yaratmışdı. Məsələnin aktuallığını nəzərə alaraq "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyevin 15 sentyabr 2020-ci il tarixindəki açıqlamasını sizlərə olduğu kimi təqdim edirik:

“Ümumiyyətlə rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski dəfələrlə qalmaqallı bəyanatlarla çıxış edib. O gah Azərbaycanı tərifləyir Ermənistanı pisləyir, gah da bunun əksinə olaraq mövqe sərgiləyir. Hətta bu insana Kremlin ruporu da deyirlər. Kremlin rəsmi olmayan və yaxud da şantaj xarakterli məlumatları bu şəxsin dili ilə ictimaiyyətə çatdırılır.

Əgər Jirinovski rus millətçilərinin lideridirsə, o zaman onun milləti nədir? Onun atası yəhudidir, anası isə rusdur. Bu insan yəhudi olsaydı gərək ki ağıllı, rus olsaydı isə ciddi adam olmalı idi. Amma o nə ağıllıdır, nə də ki ciddidir. Qeyri-ciddi adam isə hər sözü deyə bilər. Onda elementar savad olsaydı bilərdi ki, Naxçıvan 1136-1225-ci illərdə Eldəgəzlər dövlətinin paytaxtı olub. Əgər Naxçıvan paytaxt olubsa, deməli, orada idarəçilik infrastrukturu olub, paytaxt insanları elitar psixologiyaya, idarəçiliyə malik olublar və s. Həmin dövrdə Moskva hələ paytaxt deyildi. Moskvanı, Kremli tikən isə azərbaycanlı və şamaxılı olan həmyerlimiz, memar Əliş Kərəmli olub. O, 1367-ci ildə Moskvaya dəvət olunub və bütün işlərini tamamladıqdan sonra arxadan qılıncla vurularaq qətlə yetirilib. Çar imperatoru I Pyotrun dövründə 1712-18-ci illərdə Rusiyanın paytaxtı Sankt-Peterburq olub. Rusiya prezidenti Vladimir Putin də məhz bu şəhərdə doğulub. Bu müqayisələrdən də hər şey gün kimi aydın görünür. Onu demək istəyirəm ki, Naxçıvan paytaxt olanda hələ nə Moskva, nə də Sankt-Peterburq paytaxt deyildi. Jirinovski bu cür qeyri-ciddi sözlərlə əgər özünə yalançı, millətçi adı ilə divident qazanmaq və özünü ermənilərə yaxın tutmaq istəyirsə, çox uzağa gedə bilməyəcək. Yeri gəlmişkən, onu da qeyd edim ki, sovet ideologiyasının əsl mahiyyəti ortaya çıxmasın deyə, ortaya yalançı ideyalar atmaq kimi ənənəvi bir taktikası var idi. Bu dünyada ən çox işlənmiş bir taktikadır. Jirinovski də yalandan ortaya atılmış bir fiqur sayılır və görünür o, heç bir zaman düzəlməyəcək”.