Paytaxtda onlayn narkotik satan şəxs saxlanılıb

31 İyul 2021 16:07 (UTC+04:00)

Polis əməkdaşları paytaxt ərazisində narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatları davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, sosial şəbəkələrdə onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Əməliyyat zamanı Gəncə şəhər sakini Elşad Quliyev tutularaq istintaqa cəlb edilib. Onun üzərindən və idarə etdiyi avtomobilin yük yerindən satış üçün hazır qablaşdırılan 22 bükümdə heroin, “patı” adlanan psixotrop maddə - metamfetamin və elektron tərəzi aşkarlanıb.

Elşad Quliyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu əcnəbi vətəndaşdan satmaq məqsədilə aldığı və özünün də həmin narkotik vasitələri onlayn yolla satdığını bildirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Elşad Quliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində rayon polis idarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.