Vaksinasiya prosesi mübarizədə əsas vasitələrdəndir

31 İyul 2021 14:54 (UTC+04:00)

Son dövrlərin ən aktual problemlərindən biri də COVID-19 pandemiyası və onun yaratdığı çətinliklərdir. Bütün dünyanı çətin sınaq qarşısında qoyan, bəşəriyyəti “görünməz düşmən”lə mübarizəyə sövq edən pandemiya çox təəssüf ki, bizim ölkəmizdən də yan keçmədi. Axı biz də dünyanın bir parçasıyıq. SİA-nın verdiyi məlumata görə, bunu Füzuli rayonundan olan həkim Şaiq Şükürov söyləyib.

O qeyd edib ki, dəhşətli virusla mübarizə dönəmində dövlət başçımız İlham Əliyevin qabaqlayıcı tədbirlər görməsi, vətəndaşların sağlamlığı və təhlükəsizliyi naminə mühüm addımlar atması pandemiya ilə mübarizəni minimum az itkilərlə aparmağımıza səbəb oldu.

Pandemiya ilə mübarizə dönəmində dövlət tərəfindən yeni xəstəxana binaları tikilib, modul tipli xəstəxanalar quraşdırılaraq, virusla mübarizədə əsas vasitələr olan müasir tibbi avadanlıqlar müxtəlif xarici ölkələrdən alınıb, xəstəliklə mübarizədə xüsusi təcrübəyə malik həkimlərin ölkəmizə gətirilməsi təmin olunub. Xəstəliklə mübarizədə qabaqlayıcı tədbirlərdən danışan Şaiq Şükürov bildirib ki, qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Dövlət başçısı tərəfindən virusun yayılmasının qarşısının alınmasında vacib predmet olan tibbi maskaların təminatı məqsədilə yerli istehsal müəssisəsi açılıb və bütün istiqamətdə operativ tədbirlər həyata keçirilib.

“Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanalar koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibbi müəssisələrdə müalicə alır”, - deyə həkim qeyd edib.

Şaiq Şükürov Füzuli rayonun da görülən işlərdən danışaraq vurğulayıb ki, COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri rayonda da yüksək səviyyədə aparılır. Hazırkı mərhələdə pandemiya ilə mübarizədə əsas vasitələr vaksinlərdir. Çünki vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.

Ölkəmizdə pandemiyaya qarşı mübarizə planlı şəkildə aparılır. Bunun üçün hazırda uğurla reallaşdırılan vaksinasiya strategiyası hazırlanıb. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.
COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib. “Peyvənd sertifikatı” isə COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster/qüvvətləndirici) vaksin vurulması məqsədəuyğun hesab olunur. Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.

Həkimin sözlərinə görə, respublikamızın digər bölgələri kimi, Füzuli rayonunda da əhalinin COVID-19 pandemiyasına qarşı vaksinasiyası uğurla davam etməkdədir. Rayon ərazisində yaşayan, 18 yaşdan yuxarı və vaksin oluna biləcək 29267 nəfər sakin var. Bunlardan 21836 nəfəri 1-ci doza, 15369 nəfər sakin isə 2-ci doza vaksin olunublar.