Çoxvariantlı erməni “yazıqlığı”nın bir nümunəsi

31 İyul 2021 13:50 (UTC+04:00)

Vaxtilə Serjik Sarkisyanın “Yozef Qebbelsi olmağa can atan” erməni Eduard Şarmazanov yenidən, bu dəfə şəxsi “Facebook” səhifəsində peyda olub. İlk olaraq, o bu gün Ermənistanda Serjik Sarkisyanın “prezidentliyi dövrünün həsrətini çəkən ermənilərə” bugünkü hakimiyyətin Ermənistanın maraqlarına xidmət etmək iqtidarında olmadığını xatırladıb.

Sonra da deyib ki, Nukol Paşinyan Ermənistanı təslim duruma saldıqdan sonra, bu gün də uduza-uduza gedir. Maraqlıdır ki, Şarmazanov bu gün Ermənistanda klassik mənada heç bir hakimiyyətin olmadığına inandığını da gizlətməyib.

Bu gün erməni “qebbels”liyindən məhrum olan Şarmazanovun dediyindən belə başa düşülür ki, əgər bu gün Serjik Sarkisyan hakimiyyətdə olsaydı, müharibə çox erkən dayandırılardı, məhbus problemi həll olunar, 11 Yanvar protokolu (Moskva bəyanatı) tərtib olunmazdı, heç kim azərbaycanlıların Qara Göl ərazisinə girməsinə icazə verməzdi, dövlət və milli maraqlar qorunar və seçkiqabağı dövrdə layiqli sülhə nail olmaq üçün strateji-proqramlı tezislərdən danışardılar və s. və i....
...“Bu gün biz artıq suverenliyimizi itirmişik. Təəssüf hissi ilə də olsa deyirəm ki, indiki hökumət milli problemləri həll etməyə qadir deyil və əslində bu istiqamətdə heç bir iş də görə bilmir”. Deyim ki, bu sabiq erməni “Qebbelsin” ən səmimi etirafı kimi qəbul edilməlidir. Amma deyim ki, Qebbels səviyyəsinə çata bilməyən Şarmazanova xatırlatmaq gərək ki, bu gün Nikolu uğursuzluqda ittiham etməyə onun heç bir əsası yoxdur. Çünki bu gün onun “rəğbət bəslədiyi” bəstəboy Serjik Sarkisyan hakimiyyətdə qalsaydı, təbii ki, bu cataq onun təpəsində partlayacaqdı. Amma vəziyyətin elə də yaxşı olmadığını görən Serjik işini bilib, tez aradan çıxdı...

... Qayıdaq yenidən Şarmazanovun şəxsi “Facebook” səhifəsindəki bir sərsəmləməsinə... Belə ki, o bu gün sərhədlərin demarkasiyası və delimitasiyasını Sovet Azərbaycanın xəritələri əsasında aparılmamasının tərəfdarı kimi çıxış edir. Onun düçüncəsinə görə, bugünkü Azərbaycan Sovet Azərbaycanının hüquqi varisi deyil, bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir(?).

...“Bu gün azərbaycanlılar nə istəyirlərsə biz edirik, bəs, onda bizim milli maraqlarımız nədən ibarətdir?”. Bu isə Şarmazanovin simasında çoxvariantlı erməni “yazıqlığı”nın bir nümunəsidir.

Ağasəf Babayev