“Bu qardaşlığımızın bariz nümunəsidir” - MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ

31 İyul 2021 13:09 (UTC+04:00)

“Türkiyədə son günlərdə baş verən yanğınlar Türkiyə ilə yanaşı Azərbaycanı da ciddi şəkildə narahat edir. Çünki, bu qardaşımızın, dostumuzun ciddi problemidir və bu problemin həllində Azərbaycan Türkiyənin yanındadır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, yanğınların eyni zamanda və müxtəlif yerlərdə baş verməsi müəyyən suallar doğurur: “Türkiyənin müvafiq hakimiyyət orqanları bu gün onları araşdırmaqla məşğuldurlar. Ümid edirəm ki, qısa bir zamanda bunun təbii fəlakət və yaxud da arxasında müəyyən qüvvələrin dayandığı aydınlaşar”.

Deputat sözlərinə belə davam edib: “Bu gün Azərbaycan və azəri xalqı Türkiyənin yanğında mübarizə aparmasına maksimum yardım edir. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin böyük bir potensialının qısa zamanda Türkiyəyə göndərilməsi qardaşlığımızın bariz nümunəsidir. Qısa zamanda problemin həll edilməsini arzulayır və Türkiyənin bunun öhtəsindən gələcəyinə heç bir şübhəmiz yoxdur”.

Ayşən Vəli