Karantin qaydaları yenidən kobud şəkildə pozulub

31 İyul 2021 12:29 (UTC+04:00)

Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, Siyəzən rayonunda fiziki şəxs Mirzəyev Şahin Seyidağa oğluna məxsus “Siyəzən” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi və bir masa arxasında 8 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.

Aşkarlanan pozuntularla əlaqədar müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.