"Qardaşlarımızın çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir" - ÇAVUŞOĞLU

31 İyul 2021 11:19 (UTC+04:00)

Azərbaycan xalqının Qarabağ müharibəsi zamanı qəhrəman Azərbaycan əsgərinə necə yardım etdiyinin şəxsən şahidi oldum. Bu yanğın zamanı olduğu kimi hər zaman yanımızda olan qardaş Azərbaycana, cənab Prezident İlham Əliyevə böyük təşəkkürlərimi bildirirəm. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Birinci qardaşım Ceyhun Bayramov (Azərbaycanın XİN rəhbəri) mənimlə təmasda oldu, daha sonra Kəmaləddin Heydərov (fövqəladə hallar naziri) zəng etdi. Prezident İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə yardım göndərmək istədiklərini bildirdilər. Həmin vaxt yanımda kənd təsərrüfatı və meşəçilik nazirimiz də var idi. Təşəkkür etdik. O danışıqdan sonra Azərbaycandan 100-dən çox yanğınsöndürmə mütəxəssisi Türkiyəyə gəldi. Qardaşlarımızın bizi düşünməsi, çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir. Bir daha təşəkkür edirik", - Çavuşoğlu söyləyib.