Türkiyədəki meşə yanğınlarında PKK izi - terror susmur! ANALİTİK

30 İyul 2021 11:27 (UTC+04:00)

Günahkarlar ən qısa zamanda cəzalarını alacaqlar

Qardaş Türkiyənin bir sıra şəhərlərini ağuşuna analan meşə yanğınları səngimir. Təəssüf ki, ölənlərin və xəsarət alanların da yer aldığı hər xəbərdə insanların illər boyunca öz zəhmətləri hesabına topladıqları ev-eşiklərinin, təsərrüfatlarının da yanaraq kül olduğu bildirilir. Nəhəng miqyas alan yanğınlar bu gün də Türkiyənin böyük kəsimində davam edir. Lakin bununla yanaşı, Türkiyə rəhbərliyinin elan etdiyi səfərbərlik də artıq öz işini görməkdədir, yanğınların baş verdiyi bölgələrə hərbçilərlə yanaşı, digər müvafiq qurumlar cəlb edilib, həmçinin, vətəndaşlar da bu ağır vəziyyətdə dövlətin yanındadırlar.

Prokurorluq orqanları yanğınların səbəblərini hərtərəfli araşdırır

SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Türkiyə hakimiyyəti bütün imkanlarını meşə yanğınlarının qarşısının alınmasına və söndürülməsinə səfərbər edib.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın isə meşə yanğınlarını milli fəlakət adlandırıb. O, qeyd edib ki, ölkənin bütün qurumları əlaqəli şəkildə yanğınla böyük bir mübarizə aparır. Prokurorluq orqanları yanğınların səbəblərini hərtərəfli araşdırır.

Türkiyənin rabitə başkanı Fahterrin Altun son günlərdə ölkənin müxtəlif yerlərinə çıxan meşə yanğınları ilə bağlı geniş araşdırmaların başlandığını bəyan edib. “Günahkarlar ən qısa zamanda təbiətimizə və meşələrimizə qarşı etdikləri bu hücumların hesabını verəcəklər”, deyə o bildirib. Altunun Twitter hesabından qeyd etdiyi açıqlamasında bu fikirlər də diqqət çəkib: “Ölkəmizin fərqli bölgələrində meydana çıxan meşə yanğınları hər birimizin ciyərini yandırdı. Bu yanğınlar sırasında həyatlarını itirən vətəndaşlarımıza Cənab Allahdan rəhmət, yaralanan vətəndaşlarımıza da acil şəfalar diləyirəm. Milli sərvətimiz olan meşələrimizdəki yanğınları nəzarət altına almaq və bundan təsirlənən vətəndaşlarımızın yaralarını sarımaq üçün Prezidentimiz dövlətimizin bütün imkanlarını səfərbər edib. Bütün qurumlarımız sahələrdədirlər və vətəndaşlarımızın yanında çalışmalarını davam etdirirlər. Yanğınların ortaya çıxması nəticəsində geniş miqyaslı istintaq da başlayıb. Günahkarlar ən qısa zamanda təbiətimizə və meşələrimizə qarşı etdikləri bu hücumların hesabını verəcəklər. Dualarımız yanğınlarla mücadilə edən meşə qəhrəmanları ilədir. Hər birimizə keçmiş olsun”.

Bir çox yanğını PKK terror təşkilatının “Atəşin uşaqları” adlı qolu öz üzərinə götürüb Murat Karayılan isə “silahımız kibrit və çaxmaq daşıdır” deyib

Qeyd edək ki, Antaliyanın Manavqat bölgəsindəki yanğınlar söndürülməmiş Türkiyənin bir çox bölgələrindən yanğın xəbərləri gəlməkdədir. Osmaniye, Adana, Mersin, Kütahya, Kayseri, Bodrum, Alanya, Uşak və s. kimi şəhər və rayonlarda baş verən yanğınlara havadan və qurudan müdaxilələr edilir. Bəzi bölgələrdəki yanğınlar nəzarət altına alınarkən, digər yerlərdə söndürülmə çalışmaları davam etdirilir.

Lakin bu arada, yanğınlarla aparılan gecəli-gündüzlü mübarizə ilə yanaşı, Türkiyə dövləti onların haradan və necə qaynaqlanması ətrafında da ciddi araşdırmalara başlayıb. Artıq bu hadisələrin kökündə təxribat və sabotajların, terrorçuluq məqsədlərinin olması da istisna edilmir. Hətta bu məsələdə PKK terror təşkilatının bir sıra yanğınları öz üzərinə götürdükləri də bildirilməkdədir. Türkiyənin odatv media qurumu da bununla bağlı araşdırma yazı ilə çıxış edərək yazır ki, bugünlərdə meydana çıxan bir çox yanğını PKK terror təşkilatının “Atəşin uşaqları” adlı qolu öz üzərinə götürüb. PKK-nın aparıcı simalarından olan Murat Karayılanın bir az əvvəl “silahımız kibrit və çaxmaq daşıdır” təhdidi deməyə əsas verir ki, yanğınlarla bağlı başlanan istintaq yaxın günlərdə bu barədə əhəmiyyətli faktlar üzə çıxara bilər.

PKK-nın yanğın terrorunun xronologiyası

Təkcə bu ildə baş vermiş yanğınları üzərlərinə götürən terror təşkilatı məhz aşağıda yer alan bölgələri yandırdığını bəyan edib.

4 iyul 2021-ci il tarixli “Yüz ilin intiqamını alırıq” başlıqlı açıqlamaya görə, PKK-nın üzərinə götürdüyü yanğınlar bunlardır:

24.07.2021 - Konya Kuluda İsa Karakaşın avtomobili.

19.07.2021 - Muğla Bodrumda Turgutreis D- Marin içində ACD isimli yaxta.

14.07.2021 - Balıkesir Edremit bölgəsindəki limanda lövbər etmiş Ergün Ağa adlı qayıq.

26.07.2021 - İstambul Maltepe sahilində yan alan 12 qayıq eyni zamanda yandırılıb.

9 iyul 2021 tarixli “And içmiş uşaqları dayandırın, dayandıra bilsəniz!” başlıqlı PKK qolunun etirafına görə, aşağıdakı yanğınları da onlar düzənləyiblər:

30.07.2021 - İstambul Esenyurtda lyuks bir restoran.

01 və 04 iyul 2021 – Qaziantepdə “Özel MMT Amerikan Hastanesi ve Hayal Plaza” deposu

01 və 06 iyul 2021 - İzmir, Denizli, Balıkesir, Kastamonu və Kocaelidə 9 avtomobil, bir depo ve 30 ton saman yandırıldı.

13 iyul 2021 tarixli “6 şəhərdə avtomobillər və bir yanacaq tankeri atəşə verildi” başlıqlı PKK açıqlamasına görə aşağıdakı yanğınlar da terror təşkilatı tərəfindən həyata keçirilib:

11.07.2021 - Afyonkarahisar Sandıklı rayonunda 1000 ədəd böyük saman bağlaması

10.07.2021 - Qaziantepdə “Derman ayakkabı” və dəri emalatxanası.

09.07.2021 - İstambul Maltepe sahilində bir yanacaq tankeri.

09-12 iyul 2021 tarixində isə Bursa, İzmir ve Çorumda çox sayda avtomobillər yandırılın.

Qeyd olunanlarla yanaşı, PKK ötən il Hatayda törətdiyi yanğını da öz üzərinə götürmüşdü.

Göründüyü kimi, artıq baş verən yanğınların kökündə məhz PKK terror təşkilatının dayanması kimsədə şübhə doğurmur. Belə ki, bu istiqamətdə aparılan təcili araşdırmalar nəticəsində meşələrdə qəsdən yanğınlar törətməyə cəhd edən şəxslər həm polis və jandarma gücləri, həm də vətəndaşlar tərəfindən aşkar edilərək saxlanılıblar. Söz yox ki, aparılan istintaqlarda da onların deyəcəkləri çox şeylər baş verən faciənin sirrlərini açacaq, terrorun daha bir qaranlıq səhifəsi birdəfəlik qapanacaq, günahkarlar isə layqili cəzalarını alacaqlar.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”, Hikmət Hacıyev bildirib.

Rövşən RƏSULOV