YAP-ın üzvləri şəhidin anım mərasimində iştirak edib FOTOLAR

30 İyul 2021 10:52 (UTC+04:00)

İsmayıllı rayonunda dünyaya göz açan Vətənin igid övladı, mərd, vətənpərvər, əsl Türk-Azərbaycan oğlu, 44 günlük Vətən müharibəsinin qəhrəman Şəhidi Cəmil Habil oğlu Məmmədli Səbail rayonunda böyüyüb boya-başa çatıb. SİA-nın verdiyi məlumata görə, 2020-ci ilin iyulunda hərbi xidmətə yollanan Cəmil Vətən müharibəsinin ilk günlərində könüllü olaraq ön cəbhəyə göndərilməsi üçün müraciət edib və Füzuli, Xocavənd uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla döyüşüb. Oktyabrın 14-ündən 15-inə keçən gecə Şəhadət zirvəsinə ucalan qəhrəman əsgər Cəmil Məmmədli İsmayıllıda dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 4 medalla - “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Qəhrəman Şəhidimizin doğum günü münasibətilə ilk öncə İsmayıllı Şəhidlər Xiyabanında Cəmilin məzarı ziyarət olundu, ruhuna dualar oxunub. Daha sonra Cəmil Məmmədlinin ata-baba ocağında rayon rəhbərliyinin iştirakı ilə anım mərasimi keçirilib.

Mərasimdə ilk öncə dövlət himni səsləndirilib, şəhidlərimizin əziz və əbədiyaşar xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində İsmayıllı ictimaiyyəti nümayəndələri, ziyalılar, Şəhidin ailə üzvləri, yaxınları, o cümlədən şair-publisist Şahməmməd Dağlaroğlu, jurnalist Kamil Həmzəoğlu, Şəhid Aqil Mirzəliyevin anası Aynurə xanım, Cəmilin atası Habil bəy, dayısı Mahir bəy, dayısı Dilqəm bəyin həyat yoldaşı - tanınmış pedaqoq Bikəxanım xanım, İsmayıllı Təhsil İdarəsinin nümayəndəsi və YAP Səbail rayon təşkilatının baş məsləhətçisi Bəyim Nəbiyeva çıxış ediblər.

Şəhid Cəmilin valideynləri belə bir gündə onları tək buraxmadıqları üçün ailələri adından mərasim iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər. Qəhrəman övladları ilə fəxr etdiklərini söyləyən məğrur valideynlər Şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, İsmayıılı və Səbail rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Mərasim zamanı İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən Şəhidin ailəsinə “Füzulinin azad olunmasına görə” medalı təqdim olunub. Anım mərasimində Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin şagirdləri və 1 saylı körpələr evi uşaq bağçasının körpə fidanlarının ifasında Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda ehsan süfrəsi verilib. İsmayıllıda təşkil olunan anım mərasimində YAP Səbail rayon təşkilatının aparat əməkdaşları və fəal gənclər iştirak ediblər. Qəhrəman övladımız Cəmil! Ruhun şad, məkanın cənnət olsun, məzarın nurla dolsun! Azərbaycan xalqı əbədi olaraq səninlə, sənin kimi igid oğulları ilə fəxr edəcək və sənin qəhrəmanlığını, mərdliyini, fədakarlığını, əziz xatirəni və şəkillərdəki təbəssümünü daima yaşadacaqdır. Cəmilin ailəsinə, yaxınlarına Allahdan səbr diləyirik. Vətən sağ olsun!

Rəfiqə