Qanunsuz heyvan kəsimi məntəqələrində reydlər keçirilib - AQTA

30 İyul 2021 10:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir. AQTA-dan SİA-ya verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən yerli icra orqanları cəlb edilməklə Xətai rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində baxış keçirilib. Yoxlama zamanı Xətai rayonu, M.Rüstəmov küçəsində fəaliyyət göstərən heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilməsi üçün zəruri məlumatlar verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyətdən yayınmağa çağırır. Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.