Türkiyədəki meşə yanğınları turistik ərazilər üçün də ciddi təhlükə yaradır

30 İyul 2021 01:10 (UTC+04:00)

Türkiyənin müxtəlif bölgələrində eyni anda baş verən meşə yanğınları bir çox sahələr, o cümlədən turistik ərazilər üçün də ciddi təhlükələr yaradır.

SİA xəbər verir ki, artıq bir neçə gündür qardaş ölkənin müxtəlif bölgələrində baş verən yanğınlar geniş sahələri əhatə edir. Son yanğın faktı ölkənin Manisa vilayətinin Soma rayonunda yerləşən meşəlik ərazidə qeydə alınıb. Bəzi bölgələrdə yanğının söndürülməsi işlərinə təyyarə və helikopterlərlə yanaşı, İnsansız Hava Vasitələri (İHA) də cəlb edilib.
Baş verən yanğınlarla əlaqədar olaraq Bodrum vilayətində yerləşən otellərdən biri təxliyə edilib. Mərsin vilayətinin Aydıncık rayonunda yanğın yaşayış yerlərinə yaxın ərazilərə sıçrayıb. Evlərindən çıxmaq məcburiyyəti qarşısında qalan vətəndaşlar şəhərin bələdiyyə binasının qarşısına toplanıblar.
Yanğınlar səbəbindən ölənlərin sayı dördə çatıb.
Adana, Kütahya, Kilis və Muğlanın Köyceğiz rayonunda baş verən yanğının artıq qismən söndürüldüyü bildirilir.
“Türk Hava Yolları” aviaşirkəti yanğın baş verən bölgələrə olan biletlərin dəyişdirilə və ya qaytarıla bilinəcəyi ilə bağlı elan verib.
Hazırda yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu istiqamətdə ölkənin bütün güclərinin səfərbər edildiyini bildirib.
Qeyd edək ki, baş verən yanğınlarla bağlı saxlanılanlar var.