“Bakı Bəyannaməsi üç dost ölkənin birliyinin, həmrəyliyinin göstəricisidir” - Məşhur Məmmədov

29 İyul 2021 17:03 (UTC+04:00)

“Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır. Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri dost və tərəfdaş dövlətlərin, o cümlədən Türkiyə, həm də Pakistan ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. İyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq keçirilən Azərbaycan, Pakistan və Türkiyənin parlament sədrlərinin üçtərəfli görüşü və yekunda imzalanan Bakı Bəyannaməsi də üç dost ölkənin birliyinin, həmrəyliyinin göstəricisidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər dostluq və qardaşlıq əsasında formalaşıb: “Azərbaycan Respublikasının Milli Məclisinin parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünü irəli sürməsi, təşəbbüsün Türkiyə və Pakistan tərəfindən müsbət qəbul olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması isə strateji önəm daşıyır və ölkələrimiz arasında tarixi əhəmiyyətə malik dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə əlavə təkandır”.

“Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir”,-deyən millət vəkili Məşhur Məmmədov bildirib ki, bu 3 ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələr olmaqla dünyaya nümunə və örnəkdir: “Pakistan sentyabrın 27-dən noyabrın 10-dək davam edən və işğalçı Ermənistanın tam kapitulyasiyası ilə başa çatan 44 günlük Vətən müharibəsində də daim Azərbaycanın yanında olub. Vətən müharibəsi dövlətimiz, xalqımız üçün həqiqət anı idi. Bu müddət bir çox reallığın üzərinə növbəti dəfə işıq saldı. Ən mühüm məqamlardan biri budur ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan əks-hücum əməliyyatlarında qardaş Türkiyə və Pakistan Azərbaycanı güclü şəkildə dəstəklədilər. Bu dəstək işğalçı dövlətin rəhbərlərinin və onların havadarlarının iddia etdikləri kimi heç də hərbi xarakter daşımırdı. Bu, sırf siyasi-mənəvi dəstək idi. Arxasında əsl dostlarının dayandığını hiss edən Azərbaycanın özünəinam hissi daha da artdı və ərazi bütövlüyünün təmin olunması uğrunda ədalətli mübarizəsini axıradək qətiyyətlə davam etdirdi. Şübhəsiz ki, Azərbaycan xalqı dost, qardaş və strateji tərəfdaş ölkələr olan Türkiyə və Pakistana bu qətiyyətli mövqeyinə, mənəvi və siyasi cəhətdən prinsipial dəstəyinə görə minnətdardır”.

“Beynəlxalq aləmdə söz sahibi olan Azərbaycanın Pakistan və Türkiyə ilə sıx əməkdaşlığı Bakı Bəyannaməsində öz əksini taprdığını” deyən millət vəkili M.Məmmədov vurğulayıb ki, üç ölkə parlamentinin ortaq sənəd imzalaması həm də siyasi birliyin yaranacağının mesajıdır: “Belə ki, Bakı Bəyannaməsi gələcəkdə həm siyasi, həm iqtisadi, həm hərbi, həm də humanitar və digər sahələrdə birliklərin yaranmasına gətirib çıxaracaq. Üç dost ölkənin imzaladığı Bakı Bəyannaməsi ilə bir daha dünyaya mesaj vermiş oldu ki, “biz birlikdəyik, birlikdə güclüyük və bundan sonra da birlikdə olacağıq!”.

Məhz bu baxımdan da Bakı Bəyannaməsi əhəmiyyətli və önəmli tarixim bir sənəddir. Həmçinin, Bəyannamədə əks olunan bəndlər Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin inkişafına, regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa böyük töhfədir. Bu birlik daha böyük və geniş layihələrin reallaşmasına imkan verəcək”.

RƏFİQƏ HÜSEYNOVA