Bakı Bəyannaməsi regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa töhfədir ŞƏRH

29 İyul 2021 16:22 (UTC+04:00)

İyulun 27-də təməli qoyulan üçtərəfli Azərbaycan-Türkiyə-Pakistan parlamentlərarası əməkdaşlıq platforması ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına töhfədir. Üç dost ölkənin bir araya gəlməsində təşəbbüskar olan Azərbaycan dialoqlararası məkan olaraq, bu dəfə də xoşməramlı niyyətini ortaya qoymuş oldu. Əlbəttə ki, bu, dövlətlərarası münasibətlərdə xüsusi rol oynayan dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə müsbət təsirini göstərəcək.

Azərbaycan, Türkiyə və Pakistan parlamentləri sədrlərinin birinci üçtərəfli toplantısının yekununda qəbul edilmiş Bakı Bəyannaməsi strateji əhəmiyyət kəsb edir. Bu Bəyannamə dövlətlərarası qarşılıqlı hörmət və etimad əsasında mövcud əlaqələrin inkişafında xüsusi rol oynayacaq. Qardaş xalqları daha da yaxınlaşdırmaq üçün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə parlamentlərarası dialoq və əməkdaşlığını inkişaf etdirməyə yönələn səyləri qətiyyətlə bəyan edir. Bəyannamədə mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və prlamentlərin inzibati heyət arasında ünsiyyəti inkişaf etdirmək öhdəlikləri diqqətə çəkilib. Tərəflər beynəlxalq anlaşılmazlıqların həllində, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlamentar əlaqələrin rolunu vurğulayıblar.

Bakı Bəyannaməsində dövlətlər və millətlər arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoq və əməkdaşlığın gücləndirməsinin vacibliyi vurğulanıb. Azərbaycan, Pakistan və Türkiyənin bölgələrində sülh, sabitlik və inkişafı yaratmaq, inkişaf etdirməkdə oynadıqları əhəmiyyətli rolları və iştirakçılığı da qeyd olunur. Bəyannamədə bu gün dünya üçün önəmli olan məsələlər diqqətdən kənarda qalmayıb. Xaricdən dəstəklənən terror hücumlarının təhdidi, kiber hücumlar, hibrit müharibələri, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman cəmiyyətlərinin sülh içində bir yerdə yaşamasına təsir göstərən məqamlar diqqətdən kənarda qalmayıb. Müasir dünyada, qloballaşma dövründə sülh və əmin-amanlığın olması bu gün hər bir dövləti düşündürməlidir. Azərbaycan multikultural bir dövlətdir. Ölkəmizdə yaşayan bütün xalqlar dinc şəraitdə yaşayır və bütün dini ayinlərini yerinə yetirirlər. Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun olaraq möhkəmlənib, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Hər üç dövlət regional və beynəlxalq parlamentar platformlarda islamofobiya və müsəlman azlıqlara yönələn təzyiqlərə qarşı mübarizə məsələsində birgə fəaliyyət göstərəcəklər.Müxtəlif sahələrdə əməkdaşlığa önəm verilən Bəyannamədə tərəflər nəqliyyat, ticarət, enerji, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət, turizm, informasiya və kommunikasiya texnologiyasında regioanal daha yaxşı əməkdaşlıq üçün hökumətlərinə əhatəli dəstək vermək istiqamətində də razılıq əldə ediblər.

Bütün bunlarla yanaşı, Ermənistan Respublikasının Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi qınanılıb. Azad edilmiş torpaqları yenidən inşa etmək və qaçqın sakinlərin evlərinə qayıtması istiqamətində fəaliyyətdə Azərbaycanla tam həmrəy olduqlarını vurğulayıblar.Geniş və əhatəli olan Bəyannamə gələcək üçün uğurludur. Onu da diqqətə çəkək ki, Bəyannamədə tərəflər illik toplantı keçirməyi qərar alıblar və növbəti toplantı 2022-ci ildə Pakistanın paytaxtı İslamabadda keçiriləcək.

Bəyannamədə hər üç dövlətin qarşılıqlı maraq kəsb edən regional və qlobal mövzularda yaxından fəaliyyət göstərməyə hazır olduqları və beynəlxalq parlamentar təşkilatlarda üç qardaş ölkə olaraq ortaq bir mövqe tutmağa çalışacaqları bildirilib. Bu və digər məsələlər Bakı Bəyannaməsində yer alıb.Əlbəttə ki, Bəyannamədə əks olunan bəndlər Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin inkişafına, regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa böyük töhfədir. Bu birlik daha böyük və geniş layihələri reallaşmasına əsas olacaq, dövlətlərarası sahələrdə müxtəlif sahələri əhatə edən işbirliyinin uğurla davam etdirilməsində böyük əhəmiyyət kəsb edəcək.

Nəzakət ƏLƏDDİNQIZI