Cəmiyyətimizin söz və məlumat azadlığı - TƏHLİL

29 İyul 2021 15:57 (UTC+04:00)

Сəmiyyətin ən vacib, ən ümdə azadlığı fikir, söz və məlumat azadlığıdır ki, bu, demokratiyanın əsas göstəricilərindən sayılır və insan hüquq və azadlıqlarının ayrılmaz hissəsidir. Ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyi də məhz söz, fikir, ifadə və məlumat azadlığının hansı səviyyədə olması ilə ölçülür. Onu da nəzərə alsaq ki, dövrün gerçək təsvirini vermək kimi mühüm bir missiya məhz mətbuatın üzərinə düşür, deməli, cəmiyyətin söz, fikir, ifadə və məlumat azadlığı ilk növbədə məhz mətbuatdan başlayır və bir növ, mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgüdür.

Cəmiyyəti olduğu kimi təsvir edən güzgü, yəni mətbuat, dövrün, cəmiyyətin, bütövlüdkə dünyanın bütün həqiqətlərini özündə əks etdirir. Bu baxımdan da mətbuatın tərəfsiz mövqeyi həmin güzgünün şəffaflığına dəlalət edir. Təbii ki, cəmiyyətin söz, fikir, ifadə və məlumat azadlığını şərtləndirən də məhz bu güzgünün şəffaflığıdır. Əks halda, yəni mətbuat şəffaf və tərəfsiz olmadığı halda cəmiyyətin söz, fikir, ifadə və məlumat azadlığından söhbət belə gedə bilməz və bu baxımdan ölkəmiz çox şanslıdır, çünki, Azərbaycan mətbuatına hərhansı təsirlərdən söhbət belə gedə bilməz və tam tərəfsiz olaraq reallıqlar cəmiyyətə çatdırılır. Elə buna görə də cəsarətlə deyə bilərik ki, ölkəmizdə söz, fikir, ifadə və məlumat azadlığı tam təmin olunur.

Cəmiyyətin azadlığı, söz, fikir, ifadə və məlumat azadlığı məhz plüralist cəmiyyətin yetişməsi üçün çox vacibdir. Əgər insan daim tərəqqiyə can atırsa, deməli, fikir, söz, ifadə və məlumat azadlığı əldə etməlidir və plüralizm də elə bu deməkdir. "Plüralis” sözü latın dilindən tərcümədə “çoxluq” mənasını bildirdiyi kimi, pluralism də ictimai-siyasi həyatda daim rəqabətdə və mübarizədə olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu deməkdir. Bu çoxluq isə sosial-siyasi münasibətlərin dirçəliş meyillərinin inkişafını stimullaşdırır. Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır və eləcə də proseslərin nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişafını təmin edir. Çoxpartiyalılıq, yerlərdə özünüidarənin təşkili və inkişafı, eləcə də "dördüncü hakimiyyətin”, yəni həqiqi müstəqil mətbuatın olması özü plüralizmdir ki, biz bunu da öz ölkəmizdə müşahidə edirik. Söz, fikir, ifadə, məlumat azadlığı, plüralizm hüquqi dövlət quruculuğu və demokratiyanın ölçülməsində əsas indiqatorlardan sayılaraq bir çox indekslərdə istifadə olunur və ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsinin demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Təsadüfi deyil ki, Azərbaycan bu indiqatorlar üzrə qlobal hesabatlarda durmadan irəliləyir və bu özü də ölkəmizdə söz, fikir, ifadə, məlumat azadlığının və plüralizmin dinamik inkişafını təsdiq edir.

Bir sözlə, əgər ölkəmizdə hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqe sərgiləmək imkanı varsa, deməli, Azərbaycanda söz, fikir, ifadə, məlumat azadlığı var və çoxpartiyalı sistem, eləcə də fərqli mövqelərin azad şəkildə ifadə olunması da öz növbəsində plüralizmin ölkəmizdə mövcudluğunu göstərir. Təbii ki, bütün bunlar dövlət siyasətinin qayəsini təşkil edir və vətəndaş amili birinci yerdə olan Azərbaycan dövlətində söz, fikir, ifadə, məlumat azadlığı olmaqla, cəmiyyətin bütün hüquq və azadlıqları qorunur. Ölkəmizdə plüralizm məhz dövlətin diqqət və qayğısı, yaratdığı şərait sayəsində formalaşıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi də təsadüfi deyil və bütün bunlar göstərir ki, ölkəmizdə plüralizmin, söz, fikir, ifadə və məlumat azadlığının təmin edilməsi dövlətimizin maraqlarına uyğundur və rolu da danılmazdır.

Xalqımızn fikir, söz, ifadə, mətbuat azadlığı uğrunda mübarizəsinin tarixi

İnsanların müstəqil düşüncə ifadə etmək arzusu ilk növbədə fikir, ifadə, söz və məlumat azadlıqları ilə gerçəkləşir. Bu da öz növbəsində gerçəkliyin, həqiqətin üzə çıxmasına, demokratik cəmiyyətin inkişafına xidmət edir. Fikir, ifadə, söz, mətbuat azadlığı uğrunda Azərbaycan xalqının mübarizəsinin dərin tarixi var. Hələ ilk dəfə XIX əsrin ikinci onilliyindən başlayaraq Tiflisdə çıxan "Tiflisskiye vedomosti", "Kavkaz", "Zakavkazskiy vestnik", "Novoye obozreniye" və başqa rus qəzetlərində xalqımızın ədəbi həyatına aid yazılar dərc olunurdu, amma Azərbaycan dilində nəşr olunan ilk qəzet, "Tiflis əxbarı" qəzeti Tiflisdə 1832-ci ildən nəşr olunmağa başlamışdı. Sözsüz ki, çarizmin ideoloji-siyasi təsiri dövründə Azərbaycan həqiqətlərinin işıqlandırılması, xalqın maarifləndirilməsi kimi müqəddəs missiyanı bu qəzetlərin yerinə yetirməsi ağılabatan və mümkün deyildi. Elə məhz bu səbəbdən də həmin dövrdə yaşamış azərbaycanlı ziyalılar, həmçinn xalqın görəmli şəxsiyyətləri milli mətbuatın yaradılması üçün mübarizə aparırdılar və bu mübarizənin də məntiqi nəticəsi olaraq, görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbu orqanı olan "Əkinçi" qəzeti 1875-ci il iyulun 22-də işıq üzü gördü.

"Əkinçi" qəzetinin nəşr edilməsi ilə əlbəttə ki, Azərbaycan milli mətbuatının əsası qoyuldu və bu sıradan bir hadisə hesab oluna bilməzdi. Əbəs yerə deyil ki, hər il 22 iyul tarixi Milli Mətbuat Günü kimi qeyd olunur. Doğrudur, çarizm ideologiyası həmin dövrdə insanların fikir və söz azadlığına imkan vermirdi, baxmayaraq ki, "Əkinçi" qəzeti işıq üzü görmüşdü. Azərbaycanda fikir, ifadə, söz, məlumat azadlığı üçün münbit şərait həmin dövrdən bir neçə onilliklər keçdikdən sonra, daha dəqiq desək, Azərbaycanda Xalq Cumhuriyyəti hakimiyyətinin qurulması ilə yarandı, amma ömrü cəmi 23 ay çəkən bu hakimiyyətiin ardınca bu dəfə Azərbaycan mətbuatı düz 70 il sovet ideologiyasının təsiri altında qalmalı oldu. Bu isə o demək idi ki, yenə də söz, fikir, ifadə, məlumat azadlığından söhbət belə gedə bilməzdi. Çünki, Azərbaycan mətbuatı düz 70 il, yəni Sovetlər birliyinin süqutuna qədər sovet ideologiyasını təbliğ etməyə məcbur edildi və belə bir şəraitdə də mətbuatın müstəqilliyindən, şəffaflığından, söz, fikir, ifadə, məlumat azadlığında söhbət belə gedə bilməzdi.

Ölkə mətbuatında dönüş, Azərbaycanda mətbuat, söz, fikir, ifadə, məlumat azadlığı yalnız ötən əsrin 90-cı illərindən başlayaraq formalaşmağa başladı. Sovet ideologiyasının təsiri altından çıxan milli mətbuatımızda görünməmiş inqlabi dönüş yarandı desək yanılmarıq. Əsl evolyusiya məhz həmin dövrdə birdən-birə çoxlu sayda azad fikirli qəzetlərin yaranması ilə müşahidə edilməyə başladı. Milli müqavimət hərəkatı dövründən başlayaraq mətbuatımızda da müqavimət hiss olunmağa başladı və bir növ, müstəqil ölkə kimi müstəqil mətbuat da formalaşdı. Təbii ki, müstəqilliyini bərpasından sonra senzuraların ləğv olunması da sıradan bir hasiə deyildi. Beləki, məhz senzuranın ləğv olunması ilə Azərbaycan mətbuatı özünün azad dönəminə keçid elədi. Bu fakt özü ondan xəbər verir ki, Azərbaycan dövləti müstəqil mətbuat, söz, fikir, ifadə və məlumat azadlığı üçün şərait və əsaslı zəmin yaratdı. Hal-hazırda ölkəmizdə olan mövcud söz, fikir, ifadə və məlumat azadlığının Azərbaycanın dövlət siyasətinin qayəsini təşkil etdiyi məhz bununla öz təsdiqini tapır.

Qəbul olunan normativ hüquqi aktlar fikir, söz, məlumat azadlığındakı nailiyyətləri şərtləndirir

Müstəqilliyin əldə edilməsindən, 1991-ci ildən bu vaxta qədər ardıcıl olaraq qəbul olunan normativ hüquqi aktlar Azərbaycanda söz və fikir azadlığı istiqamətində olan keyfiyyət dəyişikliklərinə səbəb olub. Məsələn, müstəqilliyimizi əldə etdikdən sonra, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixində imzaladığı Sərəncamla təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, eləcə də, həmin il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkədə fikir, söz, mətbuat azadlığına böyük tövhə oldu, deməkdə hər kəs haqlıdır. Bu normativ aktlar və sənədlər Müstəqil Dövlətlər Birliyi məkanında ilk olaraq məhz Azərbaycanda senzuranı ləğv etdi, fikir, söz, ifadə, mətbuat və məlumat azadlıqlarının təminatına əlverişli şərait yaratdı. Mətbuat və İnformasiya Nazirliyinin 2000-ci ildə ləğv olunması ilə isə dövlətin mətbuat üzərində nəzarətinə birdəfəlik son qoydu.

"Kütləvi informasiya vasitələri haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" bir birinin ardınca qəbul olunan qanunlar kəmiyyət və keyfiyyət dəyişikliklərində əsaslı rol oynadı, söz, fikir, ifadə və məlumat azadlığının bu günkü səviyyəyə çatmasına zəmin yaratdı ki, bu da cəmiyyətin demokratikləşməsinə öz tövhəsini verdi. Azərbaycan dövləti mətbuatın inkişafına mütəmadi olaraq stimul verməkdədir. Xüsusilə, Ulu Öndərin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" ilə həqiqətən də mətbuata bir stimul verildi, maddi-texniki bazası gücləndiildi və Ümummilli Liderin ənənəsi bu gün də davam etdirilir.

Prezidentimizin jurnalistləri özünün köməkçisi adlandırması ölkədə plüralizmin və söz azadlığının göstəricisi sayılır

Mətbuata göstərilən dövlət qayğısının ən müxtəlif təzahürlərindən də görünür ki, Azərbaycan Prezidenti fikir, söz, ifadə və məlumat azadlığının, mətbuatın inkişafına xüsusi önəm verir. Ölkə başçısının iradəsi ilə bu günə qədər yüzlərlə jurnalistin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ən layiqlilərə mənzillər verilməsi dünya təcrübəsində belə görünməmiş haldır. Heç bir ölkədə, dünyanın heç bir yerində mətbuat nümayəndələrinə dövlət tərəfindən mənzil hədiyyə edilməsinə rast gəlinməyib və bu fakt özü-özlüyündə dövlət başçımızın qayğısının, göstərdiyi diqqətin təzahürüdür.

Ölkə rəhbəri dəfələrlə öz çıxışlarında jurnalist əməyini yüksək qiymətləndirdiyini ifadə edib. Məsələn, cənab Prezidentin jurnalistlər üçün inşa olunan ikinci binanın açılışında mətbuat işçilərinin cəmiyyətdə roluna toxunması, eləcə də jurnalistləri özünün dostu adlandırması ölkə başçısının azad, müstəqil mətbuata, söz, fikir, ifadə və məlumat azadlığına verdiyi dəyərin bariz nümunəsidir. Cənab Prezident bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı məhz mətbuatdan əldə etdiyini də öz nitqində vurğulayıb. Ölkə başçısı öz nitqində qeyd edib ki, müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar daxil olsa da insanları narahat edən məlumatlar haqqında mətbuatdan xəbər tutur və dərhal buna reaksiya verir. Dövlətimizin rəhbəri xüsusilə vurğulayıb ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan vermir ki, dövlət məmurları və yaxud digər şəxslər qüsurlara yol versinlər və bu baxımdan jurnalistlər bəlkə də özləri də bilmədən onun köməkçiləridir.

Cənab Prezident İlham Əliyevin mətbuata həssas münasibəti xarici mətbuatın da diqqətindən yayınmayıb və Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun ölkə başçımızın qəbulunda olan zaman cənab İlham Əliyevin mətbuatı şəxsən izlədiyini hiss etdiyini dilə gətirməsi təsdiq edir ki, ölkəmizdə mətbuata göstərilən həssas münasibət xatici mətbuatın da diqqət məkəzindədir, həm də çox yüksək qiymətləndirilir. Həqiqətən də, dövlətimizin, dövlət başçımızın yaratdığı şərait, göstərdiyi qayğı və diqqət sayəsində ölkəmizdə fikir, söz, ifadə, məlumat azadlığı tam şəkildə təmin olunur və hazırda milli mətbuatımız özünün ən uğurlu, ən məhsuldar, ən şəffaf, hətta, belə demək mümkünsə, intibah dövrünü yaşayır. Xüsusən mətbuat sahəsində müşahidə edilən dinamik inkişaf, milli mətbuatımızın daha şəffaf fəaliyyəti ölkəmizdə sivil cəmiyyət atributu olan söz, fikir, ifadə, məlumat azadlığı və plüralizmin bundan da üstün olacağına ümidlərimizi artırır.

İnam HACIYEV

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.